Elçin Hüseynbəyli yazır... Qəmli bir hekayət
Bu səhər lap erkən durdum. Quşların səsini dinləyə-dinləyə, səssizlikdən kef ala-ala parka gəzməyə çıxdım.
30 May 2017 13:17 SosialElçin Hüseynbəyli
Qəmli bir hekayət
Bu səhər lap erkən durdum. Quşların səsini dinləyə-dinləyə, səssizlikdən kef ala-ala parka gəzməyə çıxdım.
Park gözəlləşib, gül-çiçək hər tərəfi bürüyüb. Adam özünü sakit və rahat bir guşədə təsəvvür edir. Hərdən yoldan keçən maşınların səsi eşidilir, amma Allaha şükür ki, bu yad və xoşagəlməz səslər quşların nəğməsini batıra bilmir. İsti may günəşi ağacların arasından parka süzülür, çiçəklərin rayihəsi adamda nostalji bir ovqat yaradır. Kimsə lap erkəndən oyanıb və balaca nəvəsini gəzməyə çıxarıb. Nəvə yüyürür, onu tutmağa çalışan baba isə az qala büdrəyib yıxılır, amma tez də özünü düzəldir.
Bax belə bir ovqatda və gözoxşayan mənzərədən tam doymamımş geri qayıtdım və yolda çox kədərli bir mənzərəyə rast gəldim. Mənzərə o qədər kədərliydi ki, külli-aləm ağı da desə, o kədəri çatdıra bilməz.
Hələ yoldaykən yanıqlı böyürdü eşitdim, diksindim. Yaxınlaşanda gördüm ki, sallaqxananın qarşısına bir erkək dana bağlanıb, qabağına ot da, su da qoyulub, amma həmin dana, axtalanmayıbsa buğa deyək, o ota da, suya da, sallaqxanada qəməsini itiləyən qəssaba da biganəliklə, bir az da nifrətlə baxır.
Dananın yanından keçəndə başını qaldırıb mənə baxdı, sanki imdad diləyirmiş kimi, təzədən, yanıqlı-yanıqlı böyürdü və mənə elə gəldi ki, onun gözlərində bir neçə damcı yaş da gilələndi.
Mən uşaqlıqda heyvanların ölüm ayağında ağladığının şahidi olmuşam. Bu yaxınlarda isə dünyasını dəyişən insanların da ölümqabağı kövrəldiyini, hətta ağladığını da eşitmişəm.
Həmin dana mənə reinkarnasiya (öləndən sonra başqa cilddə doğulma) deyilən bir nəsnəni də xatırlatdı. Bəlkə o dana mənim yaxınım idi, kiminsə ruhunu özündə daşıyırdı...
Bu yaxınlarda tanışlardan biri mənə maraqlı bir əhvalat danışdı və mən reinkarnasiya deyilən bir nəsnənin olduğuna bir daha inandım:
-Həyətdə bir inəyimiz, bir itimiz vardı. Onlar daim bir yerdə olurduluar, imsinişirdilər. Bir səıhər inəyimizi cansız vəziyyətdə yerə sərilmiş gördük. Böyüklər işə getmişdi. Qonşudan inəyi kəsəcək bir kişi də tapa bilmədik. Babam da qocaydı. İnək can verən zaman itimiz daim onun yanında vurnuxur, özünə yer tapa bilmirdi.
İnək öləndən sonra onu bir maşına qoyub kənddən aralı bir yerə basdırmağa apardılar. Maşın kənddən çıxmamış itimiz bircə dəfə yanıqlı uladı və ağacan kölgəsinə uzanıb gözlərini yumdu. Elə bildik ki, yatıb, sən demə, ölübmüş.
Babam qocalmışdı, ağzıdualı adam idi. Bu hadisəni görəndən sonra dəfələrlə salavat çevirdi və Tanrının bu hikmətini heç cür anlaya bilmədiyini dedi, eləcə vaysındı...
Mən gördüyüm dana isə tək idi. Bəlkə onu da qəssaba satanda kiminsə içindən yanıqlı bir ah keçib. Və həmin ahın yiyəsi, güman ki, o dananın sahibiymiş...
Mayın sonu, 2017