Azərbaycanda mövcud olan siyasi plüralizm digər region ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir
Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün demokratik inkişaf yoluna qədəm qoyub. Müstəqil respublikalara xas bütün demokratik prinsiplərə üstünlük verən ölkəmizdə demokratiyanın əsas göstəriciləri sayılan fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində dövlət səviyyəsində istənilən addım atılır, müvafiq işlər görülür.
26 May 2017 16:40 SosialMurad Ağamiyev: "Siyasi plüralizmin mövcudluğunu şərtləndirən başlıca amillər bizim respublikamızda mövcuddur"
Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün demokratik inkişaf yoluna qədəm qoyub. Müstəqil respublikalara xas bütün demokratik prinsiplərə üstünlük verən ölkəmizdə demokratiyanın əsas göstəriciləri sayılan fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində dövlət səviyyəsində istənilən addım atılır, müvafiq işlər görülür.
Plüralizmin əsas istiqamətlərindən sayılan siyasi plüralizm də ölkədə ən yüksək səviyyədə təmin olunur. Bunu konkret bir neçə misalla da göstərmək mümkündür. Belə ki, ölkədə onlarla siyasi partiya fəaliyyət göstərir. Qanunverici orqanda hakim partiya ilə yanaşı müxalifət partiyaları da təmsil olunur. Dövlət partiyalar arasında heç bir fərq qoymadan onlara maliyyə yardımı ayırır. Bundan başqa ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar istənilən an etiraz aksiyası, mitinq və nümayiş keçirə bilir. Bütün bunlar Azərbaycanda siyasi plüralizmin təmin edildiyinin göstəricisidir. EləYeni Azərbaycan Partiyasının üzvü, Demokrat Gənclər Hərəkatının sədr Murad Ağamiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə o, ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində sistemli şəkildə görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
-Murad bəy. demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda mövcud durum necədir və siyasi plüralizm mövcuddurmu?
-Siyasi plüralizmin mövcudluğunu şərtləndirən müəyyən amillər var. Belə ki, azad söz, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti, o cümlədən də siyasi partiya və qeyri-hökumət təşkilatlarının varlığı siyasi plüralizmin mövcudluğunu nümayiş etdirən başlıca amillərdir. Yuxarıda sadaladığım siyasi plüralizmin mövcudluğunu şərtləndirən başlıca amillər bizim respublikamızda mövcuddur. Mövcud siyasi hakimiyyət də bu sahədə hər zaman öz maraqlı mövqeyini açıqca nümayiş etdirmişdir. Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin azad fəaliyyəti mövcuddur və dövlət tərəfindn bu sahənin əməkçilərinə qarşı xüsusi qayğı göstərilir. Azərbaycanda yüzlərlə müxtəlif məsələlər üzrə ictimai birliklər, təşkilatlar fəaliyyət göstərir. Bütün bunlarla yanaşı siyasi partiyaların azad fəaliyyəti, seçkilərdə iştirakı və ən əsası parlamentdə təmsil olunması və azad fikir ifadə etmə hüquqlarından maksimal dərəcə istifadə etmələri bir daha Azərbaycanda siyasi plüralizmin mövcudluğundan xəbər verir.
-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?
-Keçmiş Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini elan edən dövlətlər içərisində Azərbaycan qeyri-hökumət təşkilatları və siyasi partiyaların durmadan artmasına, qanun çərçivəsində normal fəaliyyət göstərməsinə icazə verən və heç bir qadağalar, sanksiyalar tətbiq etməyən ölkədir. Bu iki mühüm göstərici Azərbaycanda düşünülmüş şəkildə aparılan dövlət siyasətinin demokratik dəyərlər və azadlıqlar üzərində qurulduğunu sübut edir. Qeyd etdiklərim bizə əsas verir ki, tam əminliklə, tərəddüd etmədən deyək ki, Azərbaycanda siyasi plüralizm var. Vətəndaş cəmiyyətində müxtəlif fikirlərin azad ifadə edilməsi, kütləvi informasiya vasitələrinin bu müxtəlif fikirlərin işıqlandırılması və dövlət tərəfindən belə formada ictimai nəzarətin və jurnalist araşdırmalarının dəstəklənməsi, həmçinin də müxalif qruplaşma və təşkilatların öz siyasi fikirləri ətrafında insanları cəm etməsi, vətəndaşlar qarşısında hər hansı bir formada məcburi siyasi düşüncənin diktə edilməməsi və ən əsası azad , şəffaf seçkilərin təmin edilməsi Azərbaycanda siyasi plüralizmin özünü ən çox biruzə verdiyi sahələrdir.
-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiayalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?
-Sözsüz ki, Milli Məclisdə ən geniş tərkiblə təmsil olunan siyasi partiya ``Yeni Azərbaycan Partiyası``-dır. Bu çoxluq Azərbaycan xalqının azad formada seçimini və dəstəyini sübut edir. Bununla yanaşı Milli Məclisdə bir sıra müxalifət partiyalarının nümayəndələri, sədrləri təmsil olunurlar. Qanun layihələrinin müzakirəsində, qəbul edilməsində hakim partiyanın üzvü olan parlamentarilərlə yanaşı digər siyasi partiyaların da təmsilçisi olan deputatlar bərabərhüquqlu şəkildə öz fikirlərini ifadə edirlər və səs vermədə iştirak edirlər. Siyasi hakimiyyətin böyük humanistliyidir ki, hətta bəzi hallarda milli maraqlara zidd çıxışlar edən və Azərbaycanın böyük uğurlarını görməzdən gələn müxalif siyasi partiyaların da davamlı fəaliyyətinin mövcud olması üçün, dağılıb, sıradan çıxmaması üçün maliyyə yardımı ayırılır. Dövlətin maliyyə dəstəyi olmadan bu siyasi təşkilatlanmaların o qədər də uzun ömürlü olmayacağı əvvəlcdən bəllidir. Çünki geniş kütlə tərəfindən bu siyasi təşkilatlanmalara rəğbət yoxdur. Parlamentdə hakim partiyanın üzvü olan deputatlar tərəfindən də bəzən tənqidi çıxışların olması, hökumətdə təmsil olunan bəzi məmurların nöqsanlarının qınanması halları da bizə çox tanışdır. Biz dəfələrlə Respublikada mövcud olan və ya süni şəkildə yaradılmış narazılıqların aradan qaldırılması istiqamətində hakim partiyanın təəssübkeşi olan deputatların sərt, aqressiv çıxışlarının əyani şahidi olmuşuq. Bunun özü belə öz-özlüyündə Azərbaycanda söz və ifadə azadlığına yaradılan şəraitin bariz nümunəsidir. Başqa ölkələrdə bu tip anoloji faktlarla biz çox az qarşılaşa bilərik. Heç bir zaman görə bilməzsiniz ki, hakim partiyanı təmsil edən deputat hakim partiyanın üzvü olan hökumət rəsmisini tənqid etsin. Belə bir hal Azərbaycanda siyasi hakimiyyətin nə qədər yüksək demokratiya meyilli olmasını gözlər önünə sərir.
-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?
-Azərbaycanda siyasi partiyalar iki qrupa bölünmüşdür. İqtidar yönümlü, müxalifət yönümlü İqtidar yönümlü partiyalar hazırda mövcud olan siyasi hakimiyyətlə eyni fikirlərin daşıyıcısıdır. Müxalifət yönümlü partiyalar isə tamamilə fərqli, bir çox hallarda radikal fikirlərin daşıyıcılarıdır. Bu tendensiyanın mövcudluğu və fikir ayrılıqlarına baxmayaraq çoxpartiyalı partiyanın təmsil olunduğu Parlament iclasında ümumi rəy və ortaq məxrəc əsasında yekdil qərarların qəbul edilməsi əlbəttə sözün həqiqi mənasında siyasi plüralizmdən xəbər verir.
-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?
-Azərbaycanın yerləşdiyi regionda İran istisna olmaqla digər bütün ölkələr keçmiş SSRİ-nin tərkibindən ayrılmışdır. SSRİ-nin tərkibindən ayrılaraq müstəqillik elan edən dövlətlərin hər biri bu gün də keçmiş sosialist ab-havasından tam uzaqlaşa bilməyib. O zaman mövcud olan totalitar rejimin tələbləri və tətbiq etdiyi mexanizm bu gün də bəzi qonşu ölkələrdə standart kimi qorunub, saxlanılır. Azad mətbuatın süni əngəllərlə qarşısının alınması, senzuranın tətbiq edilməsi bir çox region ölkələri üçün xarakterikdir. Azərbaycanda seçki yolu ilə vəzifəyə gəlmək üçün yuxarı yaş senzinin referendumla ləğv edilməsi, gənclərə siyasətlə məşğul olmaq üçün geniş şəraitin yaradılması və yol açılması demokratiyanın Azərbaycanda təntənəsi oldu. Bircə bu kifayət edir ki, biz əminliklə deyək ki həqiqətən də Azərbaycanda mövcud olan siyasi plüralizm digər region ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir.
-Sizcə, siyasi plüralizmdən də partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?
-Bəzilərinin azadlıq , demokratiya və plüralizm anlayışları tamamilə fərqlidir. Dövlət hər bir vətəndaşına bərabərhüquqlu yanaşmalıdır və heç kim digərlərindən fərqlənməməlidir. Əgər kiminsə azadlığı digərinin azadlığının məhdudlaşdırılması ilə nəticələnirsə, o zaman yolunda getməyən şeylər var deməkdir. Bu gün siyasi düşərgədə müxtəlif partiyalar tərəfindən tutulan yol eynilə belədir. Bəzi siyasi partiyaların fəaliyyət formaları ilə tanış olduqda görürük ki, demokratiyadan və azadlıqlardan dəm vuranların əksəriyyəti mahiyyət etibarı ilə tam əlaqəsiz işlərlə məşğul olurlar. Özlərinə lazım olanı əldə etmək üçün bütün bir xalqın gələcəyini məhv etmək, onu sonu bilinməyən bir yola salmağa cəhd edirlər. Sözsüz ki, bu heç bir vəchlə qəbul edilən deyildir. Siyasi plüralizmdən də sui-istifadə halları var və bəziləri hər zaman olduğu kimi bu yüksək imtiyazdan da xainlik məqsədilə istifadə edirlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir