Bakı Ali Neft Məktəbi Ploeşti Neft-qaz Universiteti ilə iki sənəd imzalayıb
Bakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlərinin birinci Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilə imzalanıb.
26 May 2017 15:35 SosialBakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlərinin birinci Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilə imzalanıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, PGU-nun prorektoru, professor Mixail Minesku ilə keçirilmiş görüşdə BANM-in rektoru Elmar Qasımov imzalanan sənədlərin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirib. PGU-nun prorektoru Mixail Minesku qeyd etmişdir ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə keçmək və tədris etmək imkanları yaradır. İmzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala biləcəklər. 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları təmin etmək məqsədi ilə yaradılmış Universitetdə neft-qaz mühəndisliyi, mexanika və elektrik mühəndisliyi, neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir. Görüşdə iştirak etmiş Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu təmsil etdiyi universitetdə mühəndislik proqramlarının tədris edildiyini və BANM ilə əməkdaşlığa açıq olduqlarını bildirib.