Dərs müddətinin uzadılması təhsilin keyfiyyətini artıra bilərmi?

Azərbaycanda tədris ilinin müddətinin uzadılması məsələsi yenidən müzakirə predmetinə çevrilib. Sözügedən məsələ isə birmənalı qarşılanmır. Ortada Təhisl Nazirliyi, təhsil üzrə mütəxəssislər və valideyinlərin mövqeyi var. Hər üc tərəfin gətirdiyi arqumentlər məsələnin ictimai müzakirəsini zəruri edir.

Deputat: "Vaxtı uzatmaqla keyfiyyət artmır, əksinə şagirdin, müəllimin, valideynin yükü və xərci artır"

Azərbaycanda tədris ilinin müddətinin uzadılması məsələsi yenidən müzakirə predmetinə çevrilib. Sözügedən məsələ isə birmənalı qarşılanmır. Ortada Təhisl Nazirliyi, təhsil üzrə mütəxəssislər və valideyinlərin mövqeyi var. Hər üc tərəfin gətirdiyi arqumentlər məsələnin ictimai müzakirəsini zəruri edir. Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla 2015-2016-cı dərs ilindən etibarən ölkədə dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.Təhsil Nazirliyində hesab edirlər ki, bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılmasıdır. Belə ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Bütün bunlar isə təhsilalanların sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayının 37 və daha artıqdıq.

Millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır. Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram".  Deputat bildirib ki, bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər: "Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa, sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm. Üstəlik də ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il Formula 1 yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər". Yeri gəlmişkən qeyd edək ki, millət vəkilinin bu açıqlaması təhsil ictimaiyəti tərəfindən əks arqumentlə qarşılanıb. Daha doğrusu, millət vəkilinin təklifi qeyri-məqbul heab edilib. Deputat F. Mustafa fikrini əsaslandıraraq bildirib ki, istənilən sahədə həyata keçirilən islahat məntiqli yanaşma tələb edir: "Mən hər bir məsələdə əlahəzrət məntiqin necə işləməsinə çox həssaslıqla yanaşmağa meyilliyəm. Tədris həftəsinin uzadılmasının mənasızlığına qarşı çıxışımızdan sonra Təhsil Nazirliyindən səsləndirilən əsas arqument bu oldu ki, inkişaf etmiş ölkələrdə tədris həftəsi 38-40 saatdır, bizdə isə hazırda 34 saatdır. Hələ iki həftə də təhsil vaxtını uzatsaq, övladlarımız daha da savadlı olarlar". O, qeyd edib ki, maraqlı təklifdir, ancaq anlaşılan budur ki, sentyabr ayının istisi iyun ayının istisindən daha ağır olduğuna görə iyun ayının 30-dək dərsləri davam etdirmək niyyəti var. Yəni, nazirliyin yanaşması budur ki, dərslər sentyabrın 15-dən başlayıb iyunun 30-da tamamlanmalıdır: "Hətta, nazirliyin bu təklifinə normal yanaşsaq belə, o zaman daha yaxşı olmazmı ki, bu iki həftəni sentyabrın 15-i sentyabrın 1-i ilə əvəz edərək gerçəkləşdirək? Yaxşı, deyək ki, dərslər 30 iyuna qədər davam edəcək, o zaman iyun ayının ikinci yarısından sonra hələ bu ilki də daxil 4 il keçirilməsi nəzərdə tutulan Formula 1 yarışları zamanı tıxac və başqa çətinliklərin yaranması ehtimalını necə yola verəcəklər? Digər tərəfdən iyun ayının istisində uşaqları, valideynləri, müəllimləri məktəbə daşımağın nə anlamı var? Bir də bu imkişaf etmiş ölkələrdən tez-tez bəhs edilir, ancaq açıq etraf edək ki, oradakı Boloniya sistemi bizdə effektli olmadısa və tədrisin keyfiyyətini ciddi səviyyədə artırmadısa, bəlkə müqayisəyə tələsməyək? Orada uşağı məktəbə xüsusi məktəb maşınları daşıyır, bizdə isə valideynlərin büdcəsi və vaxt israfı hesabına uşaq məktəbə gətirilir. Orada uşaqların məcburi tibbi sığortası var, bizdə isə reallıqda uşaqlar valideynin parası ilə müayinə və müalicə olunurlar. Orada məktəbli çantasının ağırlığı uşaqların onurğa sütununu zədələmir, bizdə isə ağır kitablarla dolu məktəbli çantalarının sayəsində uşaqların çoxunun indidən beli qatlanmış vəziyyətdədir. Vaxtı uzatmaqla keyfiyyət artmır, əksinə şagirdin də, müəllimin də, valideyinin də əlavə yükü və xərci artır. Yenə də qəti olaraq bu mövqedəyəm ki, dərslər sentyabr ayının 1-i başlamalı və mayın 30 və ya 31-də tamamlanmalıdır. Söhbət iki həftədən gedirsə, bunu tədris müddəti zamanı bəzi lüzumsuz tətil günlərinin hesabına kompensasiya etmək mümkündür. Əgər yay müddətində uşaqların təhsil və təlimdən uzaq düşməməsini istəyiriksə, etibarlı, təhlükəsiz, maddi-yexniki bazası yüksək səviyyədə olan yay düşərgə şəbəkəsinin yaradılması və əlçatanlığı barədə düşünməli, müzakirə aparmalı və konkret işlər görülməlidir. Əlbəttə, məktəblilərin, tələbələrin tətili boşuna keçirməməsi, təhsildən uzaqlaşmaması yollarını müəyyənləşdirməmiz vacibdir, ancaq bunu dərs vaxtının yayın ortalarına qədər uzadılması yolu ilə etmək əsas təhsil subyektləri olan valideynlərin, müəllimlərin və şagird-tələbələrin əksəriyyətinin rəyinə qarşı hörmətli davranış sayıla bilməz".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31