AMEA Naxçıvan Bölməsində yeni kitabların təqdimatı
AMEA Naxçıvan Bölməsində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” və “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
25 May 2017 13:41 SosialAMEA Naxçıvan Bölməsində "Naxçıvanın türk-islam mədəniyyəti abidələri" və "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir" adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
Bölmədən "Olaylar" - a bildirlib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 2006-cı ildən etibarən Naxçıvandakı tarixi mədəniyyət abidələrinin sistemli şəkildə öyrənildiyini, abidələrlə bağlı monoqrafiya, kitablar və məqalələrin hazırlanıb nəşr edildiyini bildirdi. İsmayıl Hacıyev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir" adlı əsərin elmi dəyərindən də bəhs edib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Naxçıvanın türk-islam mədəniyyəti abidələrinə həsr olunmuş dəyərli əsər" və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin "Naxçıvanın yetirməsi görkəmli dilçi Məhəmməd ağa Şahtaxtlı" mövzusunda məruzələri dinlənilib.
Sonra məruzə ətrafında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi Nuray Əliyeva çıxış ediblər.