Çoxillik axtarışların uğurlu bəhrəsi

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim və zəngin tarixi keçmişə sahib olan mədəni mərkəz rolunu tarixin müxtəlif dövrlərində uğurla yerinə yetirmişdir. Bu qədim diyar tarixin ayrı-ayrı dövrlərində Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə görkəmli şəxsiyyətlər bəxş etmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim və zəngin tarixi keçmişə sahib olan mədəni mərkəz rolunu tarixin müxtəlif dövrlərində uğurla yerinə yetirmişdir. Bu qədim diyar tarixin ayrı-ayrı dövrlərində Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Elə bu görkəmli şəxsiyyətlərin mühüm, tarixi xidmətlərinin nəticəsidir ki, Naxçıvanda elmi, ədəbi, mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunə rolunu oynamışdır. Hələ orta əsrlərdən bəri Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında Naxçıvan məktəbi aparıcı mövqedə olmuşdur. Bu mənada XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq təsir dairəsini genişləndirən maarifçilik hərəkatında naxçıvanlı ziyalıların fəaliyyəti nəticəsində Naxçıvanda digər sahələrlə yanaşı incəsənət, teatr sahəsində də sürətli inkişafa nail olunmuşdur. Naxçıvanda teatrın yaranması, təşəkkülü çətin, mübarizələrlə dolu bir şəraitdə gerçəkləşmişdir. Bu işlərin gerçəkləşməsində maarifçilərin, teatr cəfakeşlərinin xidmətləri danılmazdır və həm Naxçıvan teatrının keçdiyi inkişaf yolunu, həm də işıqlı ziyalıların tarixi xidmətlərini öyrənmək, tədqiq etmək günümüzün aktual məsələlərindəndir.

Naxçıvan teatrının yaranması, təşəkkül mərhələlərinin sistemli şəkildə öyrənilməsi istiqamətində hələ sovetlər dönəmində müəyyən araşdırmalar aparılmışdır. Amma bəllidir ki, sovet dövrü araşdırmalarında rejimin tələblərindən irəli gələn ideoloji məqamlar var idi. Müstəqilliyin verdiyi imkanlar digər elm sahələri ilə yanaşı teatr tədqiqatlarında da yeni meyarlarla yanaşmanı, azərbaycançılıq işığında baxışı tələb edir. Müstəqillik illərində bu istiqamətdə müəyyən işlər görülmüş və görülməkdədir. Belə işlərdən biri də uzun müddət Naxçıvan teatrı ilə bağlı tədqiqat aparan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Naxçıvan teatrına dair tədqiqlər" kitabıdır.

Nəşrdə xalq teatrının yarandığı dövrlərdən başlayaraq müəyyən ənənələri formalaşmış Azərbaycan teatrının təşəkkül tarixinə müxtəsər nəzər salınmış, keçrilən yolun ümumi mənzərəsi xarakterizə olunmuşdur. Kitabın tərkibindəki mərhələlərdə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun, görkəmli dramaturqlar Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Eynəli bəy Sultanov kimi sənətkarların əsərlərinin Naxçıvan teatrındakı səhnə taleyinə, eləcə də bu şəxslərlə yanaşı Bəhruz Kəngərli, Böyükxan Naxçıvanski, Rza Təhmasib, İsa Musayev kimi tanınmış simaların Naxçıvan teatrının yaranması və formalaşmasındakı xidmətləri çoxsaylı mənbələr, arxiv sənədləri işığında ümumiləşmiş planda təhlil və tədqiq olunmuşdur. Eyni zamanda kitabdakı məqalələrdə müəllifin uzun illərdən bəri apardığı tədqiqatların bəhrəsi olan elmi nəticələrdə Naxçıvan teatrının Azərbaycanın digər teatrları ilə yaradıcılıq əlaqələri də geniş elmi müstəviyə gətirilmiş, təhlil və mühakimələrdə tədqiqatçının orijinal mövqeyi, dəyişməz elmi prinsipiallığı görünməkdədir.

Kitabda Naxçıvan teatrında səhnə taleyi yaşayan pyeslərdən geniş, tutumlu bəhs olunmuş, Azərbaycan dramaturgiyası ilə yanaşı dünya dramaturgiyasının dəyərli nümunələrinin Naxçıvan teatrındakı səhnə həllindən söz açılmışdır. Kitabda diqqəti çəkən məqamlardan biri də Naxçıvan teatrının inkişafı və təşəkkülündə yerli ziyalıların fəaliyyəti ilə yanaşı Bakıdan gələn sənətkarların da Naxçıvan teatrının çiçəklənməsindəki xidmətləri diqqət mərkəzində saxlanılmış, ayrı-ayrı mövzulara həsr olunmuş məqalələr elmi tutumu ilə diqqəyi cəlb etmişdir. Nəzərə almaq lazımdır ki, qaldırılan problemlər elmi obyektlivliklə, zəngin materiallar, arxiv sənədlərinə istinad edilərək elmi şəkildə əsaslandırılmışdır.

Tədqiqat əsərində yer alan ayrı-ayrı məqalələrdə Naxçıvan teatrının yarandığı gündən keçdiyi inkişaf yolu mərhələlərlə təsniflənmiş, bölgünün aparılması elmi prinsiplərlə əsaslandırılmış, dövrlər üzrə repertuara salınmış, səhnəyə qoyulmuş tamaşalar haqqında müfəssəl məlumat verilmiş, rejissor işi, aktyor oyunu, səhnə tərtibatı məsələləri, rəssam işi, musiqi tərtibatı və s. istiqamətlərdə konkret faktların timsalında dəyərləndirmələr aparılmışdır.

Müstəqillik illərində Naxçıvan teatrının çıçəklənmə dövrü yaşaması, bu qədim sənət məbədinə dövlət qayğısı və bu qayğının bəhrələri dəqiqliklə əsərdə öz əksini tapmışdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Kətən oğlu Qəhrəmanovun "Naxçıvan teatrına dair tədqiqlər" kitabı Naxçıvan teatrının yaranması, inkişaf dövrləri, inkişaf xüsusiyyətləri barədə dolğun məlumat verən qiymətli mənbə rolu oynayacağı qənaətindəyik.

Kitab tədqiqatçılar, teatrsevərlər üçün əsas mənbədir və gələcək teatr tədqiqatçıları üçün istiqamətverici baza dəyərindədir.

Əli Həşimov,

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

filologiya üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31