Ölkədə bütün sahələrdə plüralizm mövcuddur
Əlbəttə, siz doğru buyurursunuz ki, hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu, onun fəaliyyəti birbaşa həmin ölkədə plüralizmin necə təmin edilməsindən asılıdır. Yəni, vətəndaş cəmiyyətinin normal qaydada fəaliyyəti plüralist cəmiyyətlərdə özünü göstərir. Bu mənada Azərbaycanda bu istiqamətdəki durum normal qaydadadır desək yanılmarıq. Əgər günümüzdə Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərirsə və onların normal fəaliyyəti üçün dövlət səviyyəsində istənilən şərait yaradılırsa, bu da istər-istəməz ölkədəki demokratik mühiti, plüralizmi açıq-aydın şəkildə ortaya qoyur.
24 May 2017 16:44 SosialÇingiz Bayramov: "Azərbaycanda təkcə siyasi plüralizm deyil, mədəni, dini plüralizm də mövcuddur və cəmiyyətin ayrılmaz bir hissəsidir"
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovun "OLAYLAR"-a müsahibəsi
-Çingiz bəy, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri olaraq siz də vətəndaş cəmiyyətinin nümayəndəsi hesab edilirsiniz. Bu da danılmaz faltdır ki, hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu, onun fəaliyyəti plüralizmin təmin olunmasından keçir. Bu məınada Azəbaycanda plüralizmin hazırkı durumunu necə qiymətləndirərdiniz?
-Əlbəttə, siz doğru buyurursunuz ki, hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu, onun fəaliyyəti birbaşa həmin ölkədə plüralizmin necə təmin edilməsindən asılıdır. Yəni, vətəndaş cəmiyyətinin normal qaydada fəaliyyəti plüralist cəmiyyətlərdə özünü göstərir. Bu mənada Azərbaycanda bu istiqamətdəki durum normal qaydadadır desək yanılmarıq. Əgər günümüzdə Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərirsə və onların normal fəaliyyəti üçün dövlət səviyyəsində istənilən şərait yaradılırsa, bu da istər-istəməz ölkədəki demokratik mühiti, plüralizmi açıq-aydın şəkildə ortaya qoyur. Ümumiyyətlə, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən etibarən bu prinsiplərə, ənənələrə sadiqlik nümayiş etdirir. Xüsusilə, bu sahədə müsbət tendensiya ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müşahidə edilməyə başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı demokratik prinsiplərə, ənənələrə xas inkişaf etdirmək yolunu tutdu. Tezliklə mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atıldı, siyasi partiyaların normal fəaliyyəti üçün məqsədyönlü işlər görüldü. Beləliklə, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərman əsasında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu tətbiq edilməyə başladı. Sonrakı illərdə qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirdi. Eyni zamanda qeyri-hökumət təşkilatlarının daha səmərəli fəaliyyəti üçün yeni-yeni imkanlar yaratdı.
-Bəs, qeyri-hökumət təşkilatlarına nəzər yetirdikdə ölkədə plüralizmin mövcudluğunu necə müəyyən etmək olar?
-Əslində qeyri-hökumət təşkilatının mövcudluğu , fəaliyyət göstərməsi özü plüralizmin göstəricisi sayıla bilər. Əgər ölkədə demokratik ab-hava, ənənə olmasa, heç şübhəsiz ki, qeyri-hökumət təşkilatları da fəaliyyət göstərməz. Onların mövcudluğu belə qeyri-mümkünə çevrilər. Ancaq Azərbaycanda bu sahədə situasiya, mənzərə tamamilə fərqlidir. Yuxarıda da qeyd etdiyim kimi ölkədə yüzlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bir daha qeyd edirəm ki, bunun özü plüralizmin mövcudluğunun göstəricisidir. Eyni zamanda həmin qeyri-hökumət təşkilatlarının yönümü, tutduğu mövqe də burada önəmli rol oynayır. Yəni, həmin vətəndaş cəmiyyəti nümayəndələrinin müxtəlif istiqamətli fəaliyyətləri, bütün QHT-lərin sovetləri xatırladan eyni fikirdə olmaması da plüralizmin mövcudluğunu ortaya qoyur. Onu da qeyd etmək yerinə düşər ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında Azərbaycanda yaşayan etnik xalqlara, milli azlıqlara məxsus təşkilatlar da var ki, bu da öz növbəsində ölkəmizdəki plüralizmdən xəbər verir.
-Ümumiyyətlə, Azərbaycan bir müstəqil ölkə kimi demokratik prinsiplərə, ənənələrə necə əməl edir?
-Ümumiyyətlə, bu suala cavab vermək üçün ilk növbədə demokratik prinsiplərə, ənənələrə nələr daxildir, ilk öncə ona nəzər yetirək. Adətən demokratik cəmiyyətlərə xas xüsusiyyət fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm hesab edilir. Əvvəla fikir verək fikir, söz və məlumat azadlığına və müəyyənləşdirək ki, bu istiqamətdə Azərbaycanda vəziyyət necədir? Birmənalı olaraq söyləmək mümkündür ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı ən yüksək səviyyədə qorunur, təmin edilir. Bunu tam əminliklə demək üçün nəsə kəşf etmək, Amerika yaratmağa ehtiyac yoxdur. Çünki reallıq, mövcud mənzərə göz önündədir. Vətəndaş cəmiyyəti nümayəndələri kimi kütləvi informasiya vasitələri də say çoxluğuna görə region ölkələrindən fərqlənir. Məlum olduğu kimi günümüzdə Azərbaycanda yüzlərlə dövlət qeydiyyatından keçmiş gündəlik və həftəlik qəzetlər fəaliyyət göstəir. Özü də həmin qəzetlər yalnız paytaxtda işıq üzü görmür. Paralel olaraq yerlərdə də müntəzəm olaraq öz oxucuları ilə görüşə gedən qəzetlər çap olunur. Paralel olaraq elektron xəbər portalları, müstəqil televiziya kanalları də mövcuddur. Bütün bu kütləvi informasiya vasitələri azad və müstəqil şəkildə, heç bir basqı olmadan fəaliyyət göstərir, öz oxucuları, tamaşaçıları ilə görüşə gəlirlər. Bunun özü Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin edildiyini söyləməyə əsas verir.
-Bəs, Azərbaycanda ifadə azadlığı necə təmin olunur?
-Bu barədə də birmənalı olaraq fikir söyləmək olar ki, Azərbaycanda ifadə azadlığı yüksək səviyyədə təmin edilir. İfadə azadlığı nə deməkdir? Hər kəsin öz fikrini, ifadəsini azad, müstəqil, heç bir basqı olmadan cəmiyyətə, ictimaiyyət nümayəndələrinə çatdırması. Gəlin diqqət edək bu sahədə mövcud olan vəziyyətə. İstənilən şəxs öz fikir və ifadəsini cəmiyyətə çatdıra bilir? Əlbəttə. İstər kütləvi informasiya vasitələri, istərsə də digər imkanlar və vasitələrlə hər bir şəxs öz ifadəsini cəmiyyətə çatdırır. Həmçinin, müxtəlif siyasi partiya və ictimai birliklər kütləvi aksiyalar, mitinq və nümayişlər keçirməklə də öz düşüncülərini cəmiyyətlə, ictimaiyətlə bölüşə bilirlər. Bunun üçün heç bir məhdudiyyət, mane yoxdur. İstənilən siyasi partiya və ictimai birlik istədiyi zaman mitinq, nümayiş, dogər etiraz aksiyası çağıra, onu müvafiq qurumlarla razılaşdırılmış şəkildə həyata keçirə bilir. Hətta hansısa siyasi partiyanən keçirdiyi aksiya zamanı hüquq-mühafizə orqanları aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək istiqamətində də zəruri tədbirlər görür. Hətta həmin aksiya radikal siyasi qurup və partiyalar tərəfindən hakimiyyət əleyhinə keçiriləndə belə. Həmin aksiyalar zamanı iştirakçılar hakimiyyəti əsassız da olsa tənqid edir, istənilən fikri, siyasi mövqeni cəmiyyətə çatdırırlar. Bunun özü ifadə azadlığının bariz nümunəsidir.
-Bu həm də siyasi plüralizmin mövcud olduğundan xəbər vermirmi?
-Tamamilə doğrudur. Ümumiyyətlə, Azərbaycanda təkcə siyasi plüralizm deyil, mədəni, dini plüralizm də mövcuddur və cəmiyyətin ayrılmaz bir hissəsidir. Siyasi plüralizm də Azərbaycanda yüksək səviyyədə qorunur, təmin edilir. Bunu sübuta yetirmək, təsdiqləmək üçün Azərbaycanın siyasi mənzərəsinə diqqət etmək kifayətdir. Bu gün məlum olduğu kimi Azərbaycanda onlarla siyasi partiya fəaliyyət göstərir. Bu partiyalar sırasında hakimiyyət partiyası da var, müxalifət partiyası da. Müxalifət partiyaları da öz növbəsində sağçılara, solçulara, mühafizəkar və liberallara bölünür. Hətta islamçı siyasi partiyalar da mövcuddur. Göründüyü ki, Azərbaycanın siyasi səhnəsi kifayət qədər rəngarəngdir. Bu rəngarənglik də əslində siyasi plüralizmin mövcudluğunun göstəricisi, əyani sübutudur. Hətta bu gün ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməyə çalışan ölkələrdə belə Azərbaycandakı qədər siyasi plüralizm mövcud deyil. Eləcə də yerləşdiyimiz coğrafiyada. Bunu hər kəs bilir. Amma acı təəssüflər olsun ki, bir sıra hallarda onu etiraf etməyə çətinlik çəkirlər.
-Eyni zamanda ölkədə dini plüralizmin də mövcud olduğunu söyləmək olarmı?
-Təbii ki, söyləmək olar. Bu gün Azərbaycan dini plüralizm sahəsində də dünyaya nümunə ola biləcək ölkələr sırasındadır. Elə bu günlərdə təntənəli və yüksək səviyyədə evsahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunları da əslində elə ölkəmizdə plüralizmin mövcud olduğundan xəbər verən amillərdəndir. Hər kəsə bəllidir ki, Azərbaycanda bu gün dini plüralizm mühiti hökm sürür. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada digər dinlərin nümayəndələri də sərbəst şəkildə yaşaya, öz dini ibadətlərini həyata keçirə bilirlər. Eyni zamanda Azərbaycan dövləti qeyri-İslam dinindən olan insanlar üçün lazımı şərait yaradılır. Ölkə ərazisində olan qeyri-islam dini abidələrini, ibadət məkanlarını əsaslı şəkildə təmir etdirir. Yaxudonlar üçün yeni ibadət məkanları, kilsələr. sinaqoqlar inşa edir. Təsəvvür edin, bu gün Azərbaycanda erməni kiləsi belə mövcuddur və o təmir edilib, heç bir zərər görməyib. Baxmayaraq ki, Ermənistanla düşmən şəraitindəyik, ancaq biz bu düşmənçilyi ermənilərdən fərqli olaraq dini inanclara bağlamırıq. Hərçənd ermənilər nə Ermənistan ərazisində, nə də işğal etdikləri Azərbaycan ərazilərində bir dənə belə məscidi salamat qoymayaraq tamamilə yarasız vəziyyətə salıb, həmin ibadət məkanlarını mal-qara saxlanılan bir məkana çeviriblər, ancaq Azərbaycan eyni addımı atmır. Dini dözümlülük, plüralizm göstərir. Və bunu bütün dünya da açıq, aydın şəkildə görür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir