Züleyxa Nadir yazır... Qalibiyyətimiz mübarək!
Hər şey gözəl başladı, gözəl də bitti. IV İslam Həmrəyliyi Oyunlarının açılış tədbiri ayrı aləm idi, bağlanışı da qürurverici, riqqətli oldu. Kimin nə deməsindən asılı olmayaraq 10 gün Azərbaycan təkcə İslam dünyasını deyil, həm də Avropanı, Qərbi özünə cəlb etdi, varlığını, gücünü, potensialını göstərdi. Çox gözəl, möhtəşəm bir idman bayramı keçirməyi bacardı. Dünyanın inkişaf etmiş ölkələri bu möhtəşəmliyə heyran qaldılar.
24 May 2017 14:18 SosialZüleyxa Nadir
Qalibiyyətimiz mübarək!
Hər şey gözəl başladı, gözəl də bitti. IV İslam Həmrəyliyi Oyunlarının açılış tədbiri ayrı aləm idi, bağlanışı da qürurverici, riqqətli oldu. Kimin nə deməsindən asılı olmayaraq 10 gün Azərbaycan təkcə İslam dünyasını deyil, həm də Avropanı, Qərbi özünə cəlb etdi, varlığını, gücünü, potensialını göstərdi. Çox gözəl, möhtəşəm bir idman bayramı keçirməyi bacardı. Dünyanın inkişaf etmiş ölkələri bu möhtəşəmliyə heyran qaldılar.
Bu bayramın gözəlliyini şərtləndirən bir çox amillər oldu. Onlardan birincisi könüllülər idi. Könüllü gənclər indiki möhtəşəm həmrəyliyi bundan əvvəl I Avropa Oyunlarında nümayiş etdirmişdilər. Yəqin ki, dünyanın heç bir ölkəsində bu cür iri miqyaslı tədbirlərdə Azərbaycanda olduğu kimi könüllülər dəstəsi fəaliyyət göstərməyib. Mən buna yüz faiz əminəm. Bu, ancaq bizə məxsusdur. Bu, ancaq Azərbaycan xalqının xarakterindən gələn bir istəkdi. Xalqın tərbiyəsindən, mədəniyyətindən doğan bir mənəviyyatdı. Çox vaxt müasir gəncləri "söyürük", "döyürük" ki, bacarıqsızdırlar, yaxud da tənbəldirlər. Amma bu möhtəşəm tədbir göstərdi ki, qənaətimizdə nə qədər yanılmışıq.
Çox qısa bir müddətdə ölkədə əlavə idman strukturları tikmək, qapılarını İslam dünyasının üzünə açmaq bilirsinizmi nə deməkdi? Bu, deməkdi ki, Azərbaycan dünyaya yaxşı mənada meydan oxudu və İslam həmrəyliyinin gücünü göstərdi, tarix yazdı. Azərbaycan sübut etdi ki, o özünün bütün problemlərini təkbaşına həll edə bilər, kimsəyə ehtiyacı yoxdu. Bu, həm də dünyaya bir mesaj idi. İki il əvvəl I Avropa Oyunları başa çatarkən Mehriban xanım Əliyeva üzünü prezident İlham Əliyevə tutub demişdi: "Azərbaycan xalqı bir komanda, siz onun şərəfli kapitanı idiniz".
Bu elə-belə gəlişi gözəl sözlər deyildi. Bu, bir səsləniş idi. Bu deyimdə çox mənalar, çox mətləblər var idi. Anlayana yetərdi. Həmin komanda və onun kapitanı bu gün də özünün əzəmətini nümayiş etdirdi.
Ötən 10 gündə İslam dünyasının və Avropanın gözü Azərbaycana dikildi. Qələbəmizdən sevinənlər də oldu, xaincəsinə kədərlənənlər, hətta ölkəmizə qarayaxanlar da tapıldı. Azərbaycan qapılarını hər kəsin üzünə açıb onlara "xoş gəldin" deyəndə, ən yüksək formada mədəniyyət nümayiş etdirəndə bəziləri pis niyyətlərindən doğan əməllərini sərgilədilər. Amma boşa çıxdı, hər zaman olduğu kimi, yenə də Azərbaycan başı uca, alnı açıq dayandı. Birlik göstərdi, bu idman bayramının gələcək qələbə, daha uca yüksəliş üçün bir təkan olduğunu sübut etdi.
Amma insanı kədərləndirən təkcə bu deyil. Təkcə xarici qüvvələrin pis niyyətləri üzərində qurulmuş Azərbaycan əleyhinə aparılan təbliğat deyil. Həmin günlərdə bəzi daxili qüvvələrin, tək-tək insanların bu möhtəşəm tədbirə qara eynək arxasından baxmasının da şahidi olduq. Hər şeyi tünd boyamağa çalışan bu insanlara çox təəccüblənirəm. Nə istəyirsiniz? Cəmi 26 yaşı olan gənc bir ölkənin belə möhtəşəm, mükəmməl tədbir keçirməsində hansı naqisliyi gördünüz? Sizi incidən nədi? Niyə neqativ duyğuları özünüzə yük edirsiniz? Özünüzə yazığınız gəlmirmi? Nəfəsinizi niyə tükədirsiniz?
Nikbin olmaq lazımdı. Gələcəyə baxmaq lazımdı. Bu gün biz kasıb yaşaya, kredit borclarını ödəməkdə zorlana, maaşlarımızı aylarla almaya bilərik. Bəzən bədbin hadisələr fonunda da çox kədərlənərik. Amma unutmamalıyıq ki, bu tədbir Azərbaycanın sabahı üçün gərəklidi. Bu tədbir sabahkı qələbə üçün, Qarabağın azad olunması üçün möhkəm bir təməldi, güclü təkandı. Övladlarımızın, nəvələrimizin daha gözəl, daha varlı bir ölkədə yaşaması üçün bu cür idman yarışı, idman bayramı bizə lazım idi. Unutmayın və bir azca düşünün. Azərbaycan bu yarışmada birincilik qazandı: ölkənin idman tarixinə 75 qızıl, 50 gümüş və 37 bürünc medal yazıldı. Bu rəqəmlərin cəmi 162-di. İlk baxışda bu rəqəm quru, sxolastik ədədlərin cəmi kimi görünə bilər. Amma ötən on gündə nümayiş olunan idman ehtirası, itirilən enerji, qazanılan potensial həmin 162 rəqəmində toplanıb, ehtiva olunub. Azərbaycan adını bu rəqəmlə İslam dünyasına qızıl hərflərlə yazdı. Azərbaycanın bu oyunlarda qazandığı qızıl medalların sayı İran, Özbəkistan, Misir, Pakistan, Qazaxıstan, Mərakeş, Bəhreyn, İordaniya kimi iri dövlətlərin birgə qazandıqlarından çox oldu. Ötən 10 gündə 75 dəfə Azərbaycan himni səsləndi, üç rəngli bayrağmız ucalarda dalğalandı. Möhtəşəm himnimizin musiqisini dostlarımızla bərabər, düşmənlərimiz də dinləməyə məcbur oldular.
Qayıdıram əvvəlki fikrimə. Gözəllikdən zövq almaq insan övladına məxsusdu. Və gözəlliyi şərtləndirən də məhz insan övladıdır. Biz bunu bacardıq. Biz gözəlliklə gücü birləşdirib daha da bütövləşdik, mükəmməlləşdik, tam olduq. Mehriban xanım Əliyevanın dediyi kimi möhkəm və qırılmaz bir komanda olaraq qalib gəldik.
Qalibiyyətimiz mübarək!