Yenidoğulmuşların skrininqi üzrə dəyirmi masa
24 May 2017 09:56 SosialSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Nadir rast gəlinən xəstəliklərin aşkarlanması üçün yenidoğulmuşların skrininqi" mövzusunda dəyirmi masa təşkil olunub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin Neonatologiya və uşaq xəstəlikləri şöbələrinin nümayəndələri, həmçinin TAİEX ekspertləri - Finlandiyadan cənab Risto Lapatto və İtaliyadan xanım Domenica Taruscio iştirak ediblər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq, yenidoğulmuşlarda aşkarlanan genetik xəstəliklərlə əlaqədar erkən diaqnoz qoyulmasının əhəmiyyətindən və bu istiqamətdə Azərbaycanda görülən işlərdən söz açdı. Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev və baş neonatoloq Rüstəm Hüseynov Azərbaycanda yenidoğulmuşlarda maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, endokrin və digər genetik pozğunluqlar da daxil olmaqla nadir rast gəlinən xəstəliklərin hazırki vəziyyəti haqqında qısa məlumat verdilər. TAİEX-in ekspertləri Dr. Domenica Taruscio və Dr. Risto Lapatto yenidoğulmuşların skrininqi ilə əlaqədar əldə etdikləri təcrübələrdən danışdılar.
İSİM-də həmçinin mövzu ilə bağlı beş gün davam edəcək seminarlara start verildi. Bu gün keçirilən ilk seminarda TAİEX-in ekspertləri Avropa Birliyi ölkələrində nadir xəstəliklər üzrə Milli Planın və ya Yenidoğulmuşların skrininq proqramının inkişaf yolları və yenidoğulmuşların skrininqi ilə bağlı dünyadakı vəziyyət haqqında təqdimatla çıxış etdilər.