Azərbaycanda siyasi plüralizm yüksək səviyyədə təmin olunmaqdadır
Siyasi plürlizmin hökm sürdüyü demokratik ölkələrdə sərbəst toplaşmaq azadlığı nisbi hüquqlar sisteminə daxil edilib. Məlumdur ki, dövlət quruluşundan asılı olmayaraq hər bir demokratik dövlətin konstitusiyasında sərbəst toplaşmaq azadlığını təmin edən müddəa əsas etibarilə insan hüquq və azadlıqları bölməsində digər hüquq və azadlıqlarla yanaşı qeyd edilir.
23 May 2017 16:46 SosialVətəndaşlar sərbəst toplaşmaq hüququndan maksimum yararlana bilirlər
Siyasi plürlizmin hökm sürdüyü demokratik ölkələrdə sərbəst toplaşmaq azadlığı nisbi hüquqlar sisteminə daxil edilib. Məlumdur ki, dövlət quruluşundan asılı olmayaraq hər bir demokratik dövlətin konstitusiyasında sərbəst toplaşmaq azadlığını təmin edən müddəa əsas etibarilə insan hüquq və azadlıqları bölməsində digər hüquq və azadlıqlarla yanaşı qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixində referendumla qəbul olunmuş ilk müstəqil Konstitusiyasının 49-cu maddəsi ümumilikdə bu azadlığa həsr olunmuşdur. Ana Yasada qeyd olunur ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azdalığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Bundan başqa, Azərbaycanda sərbəst toplaşmaq azadlığını tənzimləyən qanunvericilik aktı mövcuddur. Belə ki, hazırda ölkəmizdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qüvvədədir. Xatırladaq ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığından istifadə bir sıra Avropa ölkələrini geridə qoyur. Belə ki, özünü demokratiyanın beşiyi adlandıran Avropa ölkələrinin bir çoxunda ən müxtlif bəhanələrlə sərbəst toplaşmaq hüququ məhdudlaşdırılır. Azərbaycanda isə bunun əksinə olaraq vətəndaşların sərbəst toplaşmaq hüququ ən yüksək səviyyədə təmin olunmaqdadır.
Onu da qeyd edək ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun beynəlxalq standartlara cavab verir. Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində yığıncaqlar və birləşmək azadlığı öz əksini tapmışdır. Sənəddə qeyd olunur ki, "Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur". Göründüyü kimi AR Konstitusiyasından fərqli olaraq bu konvensiyanın dispozisiyasında toplaşmaq azadlığı birləşmək azadlığı ilə yanaşı qeyd edilir. Həmin Konvensiyaya görə dövlətlər bir sıra digər müddəalarda olduğu kimi 11-ci maddə ilə bağlı yalnız vətəndaşların bu sahədəki fəaliyyətinə mane olmamaq öhdəliyi götürmür, eyni zamanda bu cür toplantı iştirakçılarının onların əleyhinə olanlardan müdafiəsini də öhdəlik formasında öz üzərinə götürür. Bundan başqa sərbəst toplaşmaq azadlığı bir sıra digər beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, 10 dekabr 1948-ci ildə qəbul olunmuş "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 20-ci maddəsində hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək hüququ təsbit olunmuşdur. Orada qeyd olunur ki, hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir. Heç bir şəxs hər hansı bir assosiasiyaya qoşulmağa məcbur edilə bilməz. 16 dekabr 1966-cı ildə qəbul olunmuş "Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın 21-ci maddəsində dinc toplantılar hüququ təsbit olumuşdur. Sənəddə məhdudiyyətlərlə bağlı qeyd olunur ki, bu hüquqdan istifadə edilməsinə qanuna müvafiq olaraq qoyulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri hallardan başqa heç bir məhdudiyyət qoyulmur.
Ölkəmizdə yüksək səviyyədə təqdid olunan bu hüququn bir sıra dünya dövlətlərinin konstitusiyalarında ifadə forması maraq doğurur. Belə ki, Türkiyə Cümhuriyyətinin Ana Yasasının 34-cü maddəsi hər kəsin öncədən izn almadan, silahsız və hücumsuz toplantı və nümayiş keçirmə haqqını təsdiq edir. Eyni zamanda qeyd edilir ki, şəhərdə asayişin pozulmasının qarşısını almaq məqsədilə səlahiyyətli dövlət orqanı bu cür toplantıların keçirilmə yerini və onun keçəcəyi yolu qabaqcadan təyin etmə hüququna malikdir. Almaniya Konstitusiyasının 8-ci maddəsinin II hissəsində toplaşmaq hüququ ilə bağlı göstərilir ki, "bu hüquq, açıq havada keçirilən toplantılar üçün qanunla, yaxud qanuna əsaslanaraq məhdudlaşdırıla bilər." Rusiya Federasiyası Konstitusiyasının 31-ci maddəsində isə qeyd olunmuşdur ki, "toplantı təşkil etmək üçün qabaqcadan müvafiq dövlət orqanlarını xəbərdar etmək kimi prosedur qayda nəzərdə tutulmur."
Azərbaycanda sərbəst toplaşmaq hüququ siyasi plüralizmin bariz nümunəsi kimi dəyərləndirilir. Hesab edilir ki, yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər azadlığının məqsədi ümumi maraq kəsb edən problemlərin müzakirəsi, öz mövqelərini ictimaiyyətin fikri kimi təqdim etmək cəhdidir. Sərbəst toplaşmaq azadlığı hüququ hər kəsin siyasi həyatının əsas aspektləri ilə bağlı olan ən geniş əhatəli siyasi hüquqlardan biridir. Hər kəsin hüquqi statusunun mühüm elementi kimi çıxış edən toplaşmaq azadlığı digər hüquqlar, azadlıqlar və vəzifələrlə qarşılıqlı əlaqədə olan subyektiv hüquqdur. Onun məqsədi hər kəsin rəyinin razılaşdırılması və formalaşdırılması, ictimai həyatın müxtəlif məsələləri üzrə onun ifadəsi, hər kəsin cəmiyyət həyatının idarə olunmasında iştirakı vasitəsilə dövlət orqanlarına və ictimai birliklərə təsir göstərməyə yönəlmişdir. Xatırladaq ki, əksər ölkələrin Konstitusiyalarında olduğu kimi izim də Ana Yasamızda hər kəsin siyasi fəallığının formaları kimi yığıncaq, mitinq, nümayiş və s. azadlığı öz əksini tapıb. Ekspertlər hesab edirlər ki, belə azadlıqlar ictimai və ya dövlət həyatının hər hansı məsələsi üzrə kollektiv, fərdi baxışların açıq və kütləvi ifadə formasıdır. İnsanlar göstərilən siyasi azadlıqlardan həm öz şəxsiyyətlərinin, özünüifadənin və özünütəsdiqin inkişafı naminə, həm də ictimai-siyasi həyatda özlərinin fəal iştirakı üçün istifadə edirlər. İnsanların bir yerə toplaşaraq öz fikirlərini açıq ifadə etmələri heç də həmişə siyasi maraqlarla bağlı olmasa da, sərbəst toplaşmaq azadlığı adətən siyasi hüquq və azadlıqların tərkib hissəsi kimi nəzərdən keçirilir. Azərbaycanda isə bu hüququn mütləq şəkildə təmin olunması siyasi plüralizmın göstəricisi kimi qəbul olunur.
Hüquqşünas Alim Hüseynli hesab edur ki, əksər hüquqlara münasibətdə olduğu kimi sərbəst toplaşmaq azadlığı hüququ da mütləq və məhdudlaşdırılmaya məruz qala bilməyən hüquq kimi qəbul edilə bilməz: "Ümumiyyətlə, əsas insan hüquqlarının ayrılmazlığı özlüyündə fərdi və ictimai maraqların toqquşması, müxtəlif fərdlərin hüquq və maraqlarının uyğunlaşmaması vasitəsilə həyata keçirilir. Bu dilemmadan çıxış əsas hüquqların müdafiəsi və onların məhdudlaşdırılması sahələrinin incə fərqləndirilməsindən ibarətdir. İnsan hüquqları davranışlarda hədsiz icazələrin və qeyri-məhdud volyuntarizmin məcmusu kimi şərh edilməməlidir. Əksinə, hər bir hüquq və azadlıq dəqiq tənzimlənmiş çərçivələrə malikdir: hər bir azadlıq müvafiq vəzifə doğurur. Ümumi maraqlara əməl edilməsi, digər şəxslərin hüquqlarına qəsd etməmək, adətlərə hörmət göstərilməsi, hansı qisimdə yol verilməsindən asılı olmayaraq digər vətəndaşların maraqlarına toxunan özbaşına, xüsusilə də zorakı hərəkətlərin yolverilməzliyi belə vəzifələrin ifadə formalarına nümunə kimi göstərilə bilər. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədədək uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir