Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi nəyi ehtiva edir?
Nəhayət mayın 22-də IV İslam Həmrəyliyi Oyunları başa çatır. Artıq Azərbaycan bununla neçənci dəfədir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlər sırasında siyasi, iqtisadi, humanitar və idman tədbiləri yer alıb. Maraqlıdır, ölkəmizdə belə tədbirlərin keçirilməsi tədbirlər Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
23 May 2017 14:28 SosialAzərbaycanın beynəlxalq yarış və tədbirlərə ev sahibliyi etməsi ölkəmizin uğurudur
Nəhayət mayın 22-də IV İslam Həmrəyliyi Oyunları başa çatır. Artıq Azərbaycan bununla neçənci dəfədir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlər sırasında siyasi, iqtisadi, humanitar və idman tədbiləri yer alıb. Maraqlıdır, ölkəmizdə belə tədbirlərin keçirilməsi tədbirlər Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi qazanc gətirir: "Nəzərə almaq lazımdır ki, ölkədə keçirilən beynəlxalq tədbirlər təsadüfi təşəbbüs deyil. Azərbaycanda həyata keçirilən tədbirlər, o cümlədən Avropa oyunları, Formula 1, IV İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiqlənmiş tədbirlərdir. Ölkədə keçirilən tədbirlər təsadüfi təşəbbüs deyil. Lakin Azərbaycanı istəməyən insanlar bu cür tədbirlərin əhəmiyyətini dərk etmir və qəsdən belə bir məsələni ortalığa atırlar. Bu gün bizim həyata keçirdiyimiz siyasət, xüsusilə də idman-gənclər siyasəti Azərbaycan gənclərinin, ölkənin inkişafı ilə bağlıdır. Bizim üçün ən önəmli məsələ gənclərimizin sağlam həyat tərzi sürməsi və onların bu cür beynəlxalq tədbirlərdə iştirak etməsini təmin etməkdir. Kiminsə xoş sözünə ehtiyacımız yoxdur. Əsas odur ki, həmin tədbirləri xalqımız yüksək qiymətləndirir. Eyni zamanda biz gələcəkdə də belə tədbirlər həyata keçirməyə çalışacağıq".
Komitə sədrinin sözlərinə görə, beynəlxalq tədbirlərin keçirilməsi Dağlıq Qarabağ probleminin təbliği baxımından da önəmlidir: "Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. İdman yarışlarında ən böyük nailiyyətlərdən biri medallardan sonra, təbii ki, digər ölkələrlə əməkdaşlıqdır. Dostlarımız nə qədər çox olsa, bir o qədər bizim üçün yaxşı olacaq. Bilirsiniz ki, hazırda torpaqlarımız işğal altındadır. Biz bütün tədbirlərdə əsasən Azərbaycan torpaqlarının azad olunması məsələsini qabardırıq. Bütün beynəlxalq təşkilatlar, eyni zamanda ölkəyə gələn qonaqlar birmənalı olaraq həm Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat alırlar, həm də Ermənistanın təcavüzkar siyasətinin şahidi olurlar. Zaman-zaman ermənilər azərbaycanlılarla birgə yaşaya bilmədiklərini dilə gətirirlər. Lakin məhz bu tədbirlər sayəsində onların fikirləri alt-üst olur. Bura gələn müxtəlif ölkə nümayəndələri bir neçə müxtəlif xalqın bir yerdə yaşadığını, tolerant dövlət olduğumuzu müşahidə edirlər. Ona görə də Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi çox vacibdir". Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir . Bir müddət öncə ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna artıq IV dəfə ev sahibliyi etdiyini xatırladan millət vəkili söyləyib ki, həmin gələnlərin ildən-ilə artması, digər ölkələrin dövlət başçılarınının bu tədbirlərə qatılması Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərin dünyada böyük maraq doğurduğunu göstərir: "Azərbaycan çağırış etdiyi məsələlərə dair özünün nümunəsini ortaya qoyur. Azərbaycan bu gün tolerantlığın, multikultural dəyərlərin qorunması, beynəlxalq hüququn hörmətlə yanaşılmasının təcrübəsini ortaya qoyur. Ölkəmiz bü gün müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkandır. Bu bizim dövlətçiliyimizin möhkəmlənməsi, bir dövlət kimi inkişaf etməyimizə ciddi təsir edir". A. Mirzəzadə əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm ölkəmizin dünyada daha da yaxşı tanınmasına, həm də ölkəmizə olan marağın genişləndirilməsinə xidmət edir. Deputat Tahir Mirkişili qeyd edib ki, benəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunkasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələrə beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparırlar,yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur: "Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına,əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.Gənclərin bu tədbirlərdə könüllülər formasında aktiv iştirakı onlar üçün də böyük təcrübə olur. Daha peşəkarlaşan gənclər isə Azərbaycanın gələcəyi üçün əvəzedilməz işgüzarlıq vərdişləri qazanırlar". Onun sözlərinə görə, Azərbaycanda yüksək səviyyədə keçən yarışlar hər zaman dünya ictimaiyyətinin diqqətində olur: "Məsələn, "Formula-1" yarışları dünyanın ən çox izlənilən və ən prestijli, idman yarışları sırasındadır. Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir. Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqləndi. Əslində, yarış iştirakçılarının dediyinə görə, Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur. Artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur. Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. "Formula-1" yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır. Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar".
Nurlan