Elçin Hüseynbəyli yazır...Oxuduğum Yaponiya...
Bilənlər bilir, bilməyənlərə də qoy elə bilənlər desin ki, mən mətləbə uzaqdan başlamağı xoşlayıram. Belə olanda həm oxucu intizarda qalır, həm də yazı uzanır.
23 May 2017 14:26 SosialElçin Hüseynbəyli
Oxuduğum Yaponiya...
Bilənlər bilir, bilməyənlərə də qoy elə bilənlər desin ki, mən mətləbə uzaqdan başlamağı xoşlayıram. Belə olanda həm oxucu intizarda qalır, həm də yazı uzanır.
Moskvada tələbə olarkən ən çox baxdığımız Rusiyanın (o zamankı SSRİ-nin) birinci kanalıydı. Ən çox da siyasi şərhçiləri sevirdik, onlarla görüşlərə həvəslə gedirdik. Amma bir şərhçi mənimçün, yəqin elə çoxları üçün maraqlıydı. Səhv etmirəmsə Vladimir Svetayev idi. O, Yaponiya barədə həvəslə danışırdı, çünki Gündoğar ölkəni yaxşı tanıyırdı və "Ryoandzi bağının onbeşinci daşı..." adlı kitab da yazmışdı. Onun həmkarı Vsevolod Ovçinnikovun da Yaponiya ilə bağlı maraqlı kitabı vardı, amma adını unutmuşam. Deyəsən, "Ayoi körpüsündə kölgə..." adlanırdı. Həmin kitablar, güman ki, indi də mənim kitab boxçamdadır...
Amma söhbət başqa kitabdan olacaq. Özü də onun müəllifi başqa millətdən deyil, dost-doğma Azərbaycan türküdür.
Ordan başlayım ki, yazı stolumun üstündə iki kitab var. Birinin adını deməyəcəm, qoy sirr qalsın, çünki gələcəkdə ondan da yazmağı planlaşdırıram. O birinin adı isə belədir: "Eşitdiyim və gördüyüm Yaponiya". Və mən dəqiq bilməsəm də ehtimal edirəm ki, bu kitabın müəllifi də ötənlərdə mənim sevdiyim publisist-şərhçinin verilişlərinə baxıb, ola da bilsin həmin kitabı oxuyub. Mənsə indi onun eşitdiyi və gördüyü Yaponiya barədə kitabını oxuyuram. Ona görə də yazımın adını "Oxuduğum Yaponiya..." qoydum.
Söhbət qələm dostum Novruz Nəcəfoğlunun yeni kitabından gedir. Özü də bu kitab Seyfəddin Hüseynli kimi redaktorun əlindən keçib, naşiri isə Səlim Babullağludur. Hər iki qələm adamının peşəkarlkığına söz ola bilməz. Seçim də düzdü, müəllif də, ölkə də. Kitabın dizaynı və poliqrafiya işi də yüksək səviyyədədir.
Bir dəfə demişəm, bir də deyim ki, Novruz Nəcəfoğlu elə siyasi xadimlərdən, elə dövlət məmurlarındandır ki, həm də yazır, özü də yaxşı yazır, çünki bildiklərini və gördüklərini qələmə alır. Belə siyasət adamları çox azdır...
Novruz müəllim bu kitabın girişində özü də etiraf edir ki, hər səfər görüşlərini dərhal qələmə almağı sevir. Və mən onun Malayziya və Sinqapura səfərindən bəhs edən "Dünya duracaq yer deyil..." kitabını da həvəslə oxumuşam.
Bəziləri deyə bilər ki, Gündoğar ölkə barədə çoxsaylı filmlərə, tele-verilişlərə baxmışıq və burda yeni nə öyrənmək olar? Onu öyrənmək olar ki, dostlar, bu səfər yüksək dövlət səviyyəsində gerçəkləşdirilir, rayon icra hakimiyyəti başçılarının zəngin iqtisadi, mədəni və texnoloji təcrübəyə, bilgilərə malik ölkələrə səfərlərini özündə əks etdirir, həm də baxmaqla oxumaq bir deyil. Özü də oxumaq o zaman maraqlı olur ki, kitabı yazan yazıçı hər şeyi öz gözləri ilə görür və müşahidələrini qələmə alır.
"Eşitdiyim və gördüyüm Yaponiya" kitabında ölkə tarixindən tutmuş bu günə qədər baş verən maraqlı, diqqətçəkən hadisələr qələmə alınıb, Tokio və onun rayonları, eləcə də ölkənin digər şəhər və regionları, onların adət-ənənləri, rəmzləri, uğura çatmağın yolları barədə fikir və mülahizələr, şərhlər cəlbedici təhkiyəylə nəql olunub...
Kitab barədə çox yazmaq olar, amma bayaq dediyim kimi, oxumaq ən yaxşı yoldur və bu zövqü bizə bəxş edən qələm dostumuza təşəkkürlər düşür...
Bu kitabda avtoqraf yoxdur. Sizə xəlvətcə deyim ki, dostlar, Novruz müəllimə Şabranda qonaq olarkən o kitabı çırpışdırmışam. Çünki kitab oğrusuna hər şey halaldır...
May, 2017