Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında saziş
23 May 2017 14:24 SosialBilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Fonddan "Olaylar" - a bildirlib ki, Abşeron Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimini giriş sözü ilə açan Bilik Fondunun Abşeron rayon nümayəndəsi, Teyyubə Hüseynova Fondun rayon ərazisində həyata keçirdiyi layihələrdən danışıb, bu layihələrə əhalinin böyük maraq göstərdiyini deyib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ölkədə aparılan maarifləndirmə siyasətinin uğurlarından söz açaraq, Bilik Fondunun bu istiqmətdə böyük işlər gördüyünü, təmsil etdiyi icra hakimiyyətinin bu fəaliyyətə dəstək verməyə hazır olduğunu bildirib. Bilik Fondunun icraçı direktoru Abşeron rayon əhalisi ilə növbəti görüşdən məmnunluq duyduğunu dilə gətirib. O.Səmədov ilk görüşün "Multikulturalizm ili"ndə baş tutduğunu və nəticədə Fondun dəstəyi ilə müxtəlif səpkili elmi, mədəni, kütləvi tədbirlər keçirildiyini xatırlatdı.
Abşeron Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova rəhbərlik etdiyi qurumla Bilik Fondu arasında əməkdaşlığın rəsmiləşdirilməsinin birgə fəaliyyətə güclü təkan verəcəyini söyləyərək, keçiriləcək ilk tədbirlə bağlı təklifi yüksək qiymətləndirib.
Tədbirin ikinci hissəsində 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin test imtahanlarına psixoloji cəhətdən hazırlığının təmin edilməsi məqsədi ilə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun məktəblərin psixoloqları, müəllimlər, valideynlər və şagirdlərlə görüşü olub. Təcrübəli psixoloq "Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı" mövzusunda seminar keçib, iştirakçılar psixoloji maarifləndirici slayd izləyiblər.