II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışılar” simpozium
Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu öz işinə başladı.
22 May 2017 13:50 SosialMayın 22-də Azərbaycan Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu öz işinə başladı.
Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA, Türkiyənin ölkəmizdəki Mədəniyyət və Tanıtma müşavirliyi, "Z Company 2007", ATİB və Dillər Universitetinin dəstəyi ilə təşkil olunub. Simpoziumda Azərbaycan, Gürcüstan, İran.ş İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tətqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirdi. Simpoziumun keçirilməsində məqsəd türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tətqiqat işlərini daha da zənginləşdirmək, xalqların öz milli - mədəni dəyərlərinə olan qayğı və diqqətin artırılmasıdı.
Tədbirdə Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən danışdı. "Bu il ölkəmizdə ikinci dəfə reallaşan simpoziumun coğrafiyası olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, eyni zamanda Gürcüstan, İran, İtaliya, Rusiya, Serbiya və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Tədbir çərçivəsində ilk dəfə olaraq qaqauz dekorativ tətbiqi sənət nümunələrinə aid olan xalçalar da nümayiş etdiriləcək. Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir",-deyə Ş.Məlikova vurğulayıb.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında belə bir tədbirin xalqların sözügedən sahədə qarışlıqlı əməkdaşlığına zəmin yaratdığını vurğulayıb. Simpoziumda 13 ölkədən olan sənətkarların iştirakını yüksək qiymətləndirən səfir söyləyib ki, iştirakçı mütəxəssislər xalçaçılığın incəliklərinin və gözəlliklərinin sirlərini aşılamaqla yanaşı, bu sahədə qarışlıqlı sənətkarlıq mübadiləsi həyata keçirəcəklər.
Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən diplomat iki gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım simpozimun önəmini qeyd edərək bildiriblər ki, tədbirin mövzusu türk xalça sənətində naxışlardı. Vurğulanıb ki, bu mövzu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Sonra qonaqlar müxtəlif dövrlərə aid xalçalardan ibarət sərgi ilə tanış olublar.
Simpozium mayın 24-dək akademik sessiyalarla davam edəcək.
Nigar Adil