Ən bahalı geyim əsgər paltarıdı
Ailə kiçik bir dövlətdir və bu “dövlətin” təməlinin möhkəm olması uşağa verilən tərbiyəyə bağlıdır. Uşağa verilən tərbiyənin bir neçə istiqaməti var ki, ən önəmlisi də Vətəni sevməyi öyrətməkdi. Doğulduğu torpağın bir parçası olan evdə gördüyü, eşitdiyi hər şey üşağın gələcək taleyinə böyük təsir bağışlayır. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan ailələrdə böyüyən uşaqların vətənpərvərlik hissi daha güclüdür. 15-20 il əvvəl Qarabağ torpağına qanı qarışan şəhidlərin övladları bu hissin nə demək olduğunu, Vətən uğrunda can verməyin, qan tökməyin necə müqəddəs bir iş olduğunu bir ömür talelələrində yaşadırlar.
29 Sentyabr 2016 13:30 SosialAilə kiçik bir dövlətdir və bu "dövlətin" təməlinin möhkəm olması uşağa verilən tərbiyəyə bağlıdır. Uşağa verilən tərbiyənin bir neçə istiqaməti var ki, ən önəmlisi də Vətəni sevməyi öyrətməkdi. Doğulduğu torpağın bir parçası olan evdə gördüyü, eşitdiyi hər şey üşağın gələcək taleyinə böyük təsir bağışlayır. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan ailələrdə böyüyən uşaqların vətənpərvərlik hissi daha güclüdür. 15-20 il əvvəl Qarabağ torpağına qanı qarışan şəhidlərin övladları bu hissin nə demək olduğunu, Vətən uğrunda can verməyin, qan tökməyin necə müqəddəs bir iş olduğunu bir ömür talelələrində yaşadırlar.
Üçüncü on illikdi Azərbaycan müharibə şəraitində yaşayır. Bu ilin aprel döyüşlərində şəhid olan qəhrəmanların ruhu hələ başımız üzərində dolanır. Azərbaycan xalqının Qarabağ adlı dərdi, problemi var. Bu problemin həlli demək olar ki, hər bir azərbaycanlı ailəsinin varlığından keçir.
Dörd beş yaşlı uşağa torpaq sevgisi, vətən, döyüşdə şəhid olmuş igidlər haqqında nağıl danışılmalı, mənfur düşmənlərimizin kim olduğunu onlara tanıtmaq lazımdı. Hələ əlifbanı bilməyən bağça yaşlı uşağlara qəhərmanlıq mövzusunu əks etdirən şəkilli albomlar almaq vətənpərvəlik tərbiyəsində önəmli rol oynayır.
Nə yaxşı ki, Azərbaycan xalqı belə tərbiyədən kasad deyil. Xüsusilə də gənc ailələr uşaqlarına təkcə el-obaya, vətənə deyil, həm də orduya, şəhidlərə, Milli Qəhrəmanlara məhəbbət ruhu, düşmənə nifrət hissi aşılayırlar. Müstəqil Azərbaycanın dövlət atributları olan bayrağı, gerbi haqqında məlumatı olan altı yaşlı uşaq bunları ilk getdiyi məktəbdə görəndə bir qədər də ürəklənir, hiss etmədən qəlbində sevgi hissi baş qaldırır. Çünki evdə valideynləri bunların dövlət və dövlətçilik üçün vacib atribut olduğunu öyrədiblər. Birinci sinfə qədəm qoyan uşaq elə ilk gündəncə məktəbdə eşitdiyi dövlət himnini oxuyur. Bunlar ailə dəyərlərininin üst qatıdır, ilkin pilləsidir.
Bu gün Azərbaycan bir çox sahələrdə Avropaya inteqrasiya etdiyi üçün bəzən ailələrdə qeyri-ənənəvi meyllərin yaranmasına şərait yaranır. Amma çəkinmədən deyə bilərik ki, hərbi-vətənpərvərlik tərbiyəsinin gücü Azərbaycan xalqının milli mentalitetinə zidd olan zərərli tendensiyanın qarşısını ala bilir. Məsələn, Ramil Səfərov Avropada özünün torpaq, vətən, bayraq sevgisini azadlığı bahasına sübut edə bildi. Doğulduğu torpaqdan didərgin düşmüş Səfərovlar ailəsində böyüyən Ramilin uşaqlıqdan aldığı tərbiyə elə olub ki, o, güclü müşahidə qabiliyyətinə yiyələnib, düşməni tanıyıb, onunla döyüşə hazır olub. Hərbi məktəbdə oxuyub, orduda namusla xidmət edib, Azərbaycanı sevib. Məhz bu sevgi Avropanın göbəyində - Macarıstanda mənfur düşmənlə bir kursda təlim alanda daha qabarıq formada əks olunub.
Ramil Səfərov gənclərə örnək oldu. Ramil Səfərov azərbaycanlı hərbçinin bayraq sevgisinin nə olduğunu dünyaya göstərdi. "Ramil Səfərov canlı əfsanədi" deyimini haqq etdi. Səkkiz il azadlığı əlindən alınan Ramil Səfərovun şəxsiyyəti mənfur ermənini həmin illərdə dörd divar arasında da vahiməyə saldı. Səkkiz il Azərbaycan ailələri, valideynləri övladlarına Ramil Səfərovun keçdiyi yoldan danışdı, bayraq sevgisini nümunə göstərdi. O, vətənə ekstradisiya olunandan bir il sonra tədbirlərin birində prezident İlham Əliyev belə dedi: "Mən xatırlayıram ki, Azərbaycan zabitini - Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi".
Bu gün hər bir ailədə gələcəyin Ramil Səfərovu, eləcə də təkbaşına onlarla ermənini məhv edən, Milli Qəhrəman Mübariz İbrahimovu yetişir. Şəhid Mübarizin də döyüş yolu örnəkdi. Adi dillər əzbəri olan igid Mübariz İbrahimov da Azərbaycan xalqı üçün əfsanəyə dönüb. Vətən torpaqları üçün "uf" demədən canını verən şəhid Mübariz hələ neçə yüz illər bu xalqın yaddaşından silinməyəcək. Hər yeni nəsil övladlarına onun qəhrəmanlığından, cəsarətindən, qorxmazlığından bəhs edəcək.
Çox xoşdur ki, cəmiyyətdə vətənpərvərlik hissinin təməli ailədə qoyulur. Bu günkü gənclik təkcə adlarını çəkdiyim bu qəhrəmanların deyil, vətənimizin bütövlüyü uğrunda döyüş meydanlarında şəhid olanları, Milli Qəhrəmanları hələ uşaqlıqdan tanıyırlar. Bu, azərbaycanlıların vətənpərlik hissindən, döyüş ruhundan irəli gələn bir faktordu. Bu, həm də genetik olaraq, qanla keçir. Hər yeni doğulan uşaq sanki, vətən sevgisindən, torpaq məhəbbətindən mayalanıb. Torpaqları işğal altında olan Azərbaycanlı ailədə ata da, ana da, övlad da vətənpərvər olmağa borcludur. Bu borc bu gün özünü çox qabarıq göstərir. Uşaq bağçalarından tutmuş məktəblərin ibtidai siniflərinə qədər ailə tərbiyəsi özünü göstərir.
Hər bir ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşağa düşmənimizin kim olduğu, şəhidlərimizin nə üçün öldüyü, onların niyə müqəddəs sayıldığı, vətənimizin haradan başlayıb, harada qurtardığı, milli kimliyimiz, torpağın ana qədər doğma sayıldığı izah edilməlidi. Müşahidələr göstərir ki, bu sadalananlar uşaqlara kifayət qədər öyrədilir. Dörd-beş yaşlı oğlan uşağına əsgər paltarı geyindirmək həmin uşağın qəlbində döyüş hissinin boy göstərməsinə stimul verir. Çünki valideyni ona deyir ki, ən bahalı paltar əsgər geyimi, ən şərəfli xidmət əsgərlik, ən möhtəşəm bayraq Azərbaycan bayrağı, ən yaxşı musiqi Azərbaycan himnidir. Bəlkə də dünyanın başqa ölkələrində bizdə olduğu qədər uşaqlarına əsgər paltarı geyindirmirlər. Ola bilsin ki, dünyanın heç bir ölkəsində uşaq sözə baxmayanda Azərbaycanda olduğun kimi valideynlər "səni əsgər aparmayacaqlar", çörək yeməyəndə "erməni səndən güclü olacaq, ona gücün çatmayacaq" demirlər.
Bundan gözəl tərbiyə nə ola bilər ki?!.
Züleyxa Nadir
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur