Qazaxıstan Azərbaycanı özünə tərəfdaş hesab edir
Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən V Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib.
29 Sentyabr 2016 12:41 SosialMilli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən V Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib. Spiker bildirib ki, Bakıda Humanitar Forumun keçirilməsi artıq bir ənənə halı almışdır. Tədbirdə dünyanın tanınmış siyasətçiləri, ictimai-siyasi xadimləri iştirak edirlər. Sədr görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açaraq, dövlət başçılarımızın səyi nəticəsində münasibətlərimizin yüksək səviyyədə olduğunu bildirdi. Xüsusi qeyd edildi ki, Azərbaycan xalqı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir. Oqtay Əsədov deyib ki, dostluq, qarşılıqlı anlaşma dövlətlərarası münasibətlərimizin məhək daşıdır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. Parlamentlər səviyyəsində də əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər. Qazaxıstan Respublikasının Dövlət katibi Gülsara Abdıkalikova ölkəsinin Azərbaycanı bölgədə özünün əsas tərəfdaşı hesab etdiyini söyləyib. Qeyd edilib ki, yaxın vaxtlarda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri gözlənilir. Səfər çərçivəsində müzakirə olunacaq məsələlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir. Qonaq Qazaxıstanda 10 mindən çox azərbaycanlının yaşadığını və burada Azərbaycanla Dostluq Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirildi ki, budəfəki seçkilərdə ölkə parlamentinə azərbaycanlıların nümayəndəsi də seçilib. Qazaxıstan gələcəkdə Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək niyyətindədir.