"Azərbaycanda dini televiziyanın yaradılması cəmiyyətin xeyrinə olardı"
Azərbaycanda dini televiziya kanalının yaradılması cəmiyyətin xeyirinə olardı. Təbii ki, belə bir kanal açıla və kifayət qədər də maraqlı ola bilər.
28 Sentyabr 2016 14:28 SosialAzərbaycanda dini televiziya kanalının yaradılması cəmiyyətin xeyirinə olardı. Təbii ki, belə bir kanal açıla və kifayət qədər də maraqlı ola bilər.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin Azərbaycanda ayrıca dini televiziyanın yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Amma millət vəkilinin fikrincə, bu məsələyə olduqca düşünülmüş şəkildə yanaşılmalıdır: "Bu, gərək olduqca intellektual səviyyədə, müasir, mədəni düşüncələri özündə ehtiva edən bir televiziya kanalı olsun. Belə bir kanalın açılmağının çox böyük məsuliyyəti var. Şübhəsiz ki, burada hərtərəfli, dərin dini və dünyəvi savada malik kadrların olması çöx önəmlidir. Bundan əlavə, düzgün proqram siyasətinin, düzgün ideoloji mövqenin seçilməsi də çox əhəmiyyətlıdır. Bu baxımdan ciddi işlər görülməsi tələb olunur".

N.Cəfərov hesab edir ki, dini televiziyanın yaradılması təklifi lap vaxtında irəli sürülüb: "Təbii ki, şeyximiz bu məsələlərdə çox həssas adamdır. Bunun üçün mütləq lazımi səviyyədə hazırlıq olmalıdır. Niyə? Azərbaycanın daxilində din məsələsi ilə bağlı ciddi problem yoxdur. Ölkəmizin bu sahədə zəngin təcrübəsi var, amma hazırda dünyanın özündə mürəkkəbliklər var. Ona görə də kənardan insanlara müxtəlif təzyiqlər, təsirlər ola bilər. Bunun qarşısı almaq üçün televiziya açmaq bir yaxşı cəhətdirsə, onu normal televiziya kimi yaşatmaq, cəmiyyətə, insanlara xeyri olan bir səviyyəyə çatdırmaq da böyük zəhmət və istedad tələb edən məsələdir".

Qeyd edək ki, Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılmasını təklif edib. Şeyxülislam hətta qeyd edib ki, onun bu barədə ölkə başçısı ilə də söhbəti olub: "Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq".

Milli.Az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə azvision.az-a bildirib ki, yaxın gələcəkdə Azərbaycanda nə yeni telekanalın açılması nə də bununla bağlı MTRŞ tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilir.
İlkin İzzət
Milli.Az