Gecikmiş peşimançılıq

Şagirdin vəzifəsi məktəbə getmək, dərslərdə oturub müəllimi dinləmək, sonra da evə qayıdıb tapşırıqlarını hazırlamaqdı. Məktəbli dərsdən, elmdən kənar olan narkomaniyaya və əxlaqsızlığa qurşanmaq kimi kirli işlərə meyl edəndə faciə başlayır. Özü də bu, təkcə onun deyil, bütövlükdə cəmiyyətin faciəsi, dövlətin üzqarası olur. Narkomaniya sağalmaz xəstəlikdi, əxlaqsızlıq ondan da betərdi.

Şagirdin vəzifəsi məktəbə getmək, dərslərdə oturub müəllimi dinləmək, sonra da evə qayıdıb tapşırıqlarını hazırlamaqdı. Məktəbli dərsdən, elmdən kənar olan narkomaniyaya və əxlaqsızlığa qurşanmaq kimi kirli işlərə meyl edəndə faciə başlayır. Özü də bu, təkcə onun deyil, bütövlükdə cəmiyyətin faciəsi, dövlətin üzqarası olur. Narkomaniya sağalmaz xəstəlikdi, əxlaqsızlıq ondan da betərdi.

Qadının əxlaqsızlığa gedən yolu orta məktəbdə intim əlaqəyə girməkdən başlayır. Hər il rəsmi statistikada göstərilir ki, filan qədər məktəbli hamilə qalıb, filan qədəri də abort edib. Bu rəqəm 2013-2015- ci illər üçün Azərbaycanda 50 ilə 88 arası göstərilib. Əminəm ki, rəsmi statistikadan gizlədilən hallar da var. Bu ilin sonunda da məktəblilərin hamiləliyi, abort etdirmələri ilə bağlı məlumat yəqin ki, ictimaiyyətə çatdırılacaq. Bəri başdan deyim ki, həmin rəqəmin azalacağına şübhə edirəm.

Təbii ki, bu rəqəmin hamısını məktəblilərə şamil etmək düzgün deyil. Amma bunların arasında bir nəfər məktəblinin olması belə ailə, məktəb və cəmiyyət üçün biabırçılıqdı, üzqaralığıdı. Mətbuatda ara-sıra məktəbli qızların hamilə olması, yaxud da abort etdirməsi ilə bağlı məlumatlar yer alır. Bir ana, üstəlik də azərbaycanlı xanım olaraq bu xəbərləri çox ağrılı qarşılayıram. Hanı nənələrimizin, analarımızın ismət, namus ölçüsü olan təmiz əxlaqı? Erroziyayamı uğradı azərbaycanlı qadının, gənc qızın, yeniyetmə məktəblinin klassik davranış norması? Yoxamı çıxdı nəsildən-nəsilə ötürülən tərbiyə, ailədəki qız uşağına ayrılan xüsusi diqqət? Valideynlərimizin məktəbdə, qohumda-qonşuda, toyda-nişanda özünü necə aparmaq haqqında verdiyi öyüd-nəsihət beləmi dəyərdən düşdü?

Sovet məktəblərində qızlara mənəvi kamillik, əxlaq saflığı, qadın şərəfi, xanımlıq ləyaqəti kimi xüsusiyyətlər ayrıca bir fənn kimi öyrədilmirdi. Amma dərsliklərdə, xüsusilə də ana dili və ədəbiyyat kitablarında yer alan mətnlərdə bu sadaladıqlarım qırmızı xəttlə keçirdi. Azərbaycan, eləcə də rus və dünya ədəbiyyatının bilavasitə yeniyetmənin davranışına, əxlaqına müsbət təsir göstərən, onun həyatda yüksək mövqe tutmasına, şərəfli həyat yolu keçməsinə kömək edən nümunələri öyrədilirdi. Demirəm ki, belə nümunələr indiki dərsliklərdə yoxdu. Var, əlbəttə. Amma bəzən elə bəsit, yüngülməcaz mövzular olur ki, məktəbli oxuyanda, ən azı, onu gülüşlə qarşılayır. Ya da ki, dərsliklərdə yeniyetmənin mənəvi dünyasının təmizliyinə toxunan elə mətnlər yer alıb ki, hətta 8-11-ci sinif şagirdləri fikirlərini toplayıb, düşüncələrini bir istiqamətə

yönəldə bilmir. Bu halda daha aşağı sinifdə oxuyanların, xüsusilə də qızların həyata baxışında, dünyagörüşündə yaranan dəyişikliklərin önünə keçmək çətin olur.

***

Bunları yazmaqla təbii ki, həm də qapalı və avtoritar elementləri qabarıq görünən sovet təhsil sisteminə qayıtmaq fikrini irəli sürmürəm. Amma həmin dövrün əxlaq kodeksinin üstündən xətt çəkmək də insafsızlıq olar. Bu günkü yeniyetmə qızların anaları o məktəbin tərbiyəsindən çıxıblar. Bəs, niyə onlar aldıqları gözəl tərbiyəni öz övladlarına verə bilmirlər? Ana-övlad münasibətlərindəki ali hiss, yüksək dəyər niyə bu qədər ucuzlaşıb?

Bəzən deyirlər ki, səbəb internet, sosial şəbəkələrdi. Məncə, deyil. Çünki kompüter texnologiyası elə bir inkişaf mərhələsinə çatıb ki, ordan yaxşı nə varsa götürmək olar. Yetər ki, analar, qızlar həyatın astar üzünə meyl etməsinlər. Yetər ki, analar qızları ilə münasibət qurmaq üçün internetdən bilmədiklərini öyrənsin, nəinki şəxsi tanışlıq, yazışma və digər ucuz şəbəkələrə girmək üçün qeydiyyatdan keçsinlər. Ana bütün gününü televiziya qarşısında oturub seriallara baxmaqla keçirəcəksə, əlbəttə, məktəbli qızı ilə maraqlanmağa vaxt tapa bilməyəcək. Bilməyəcək ki, qızı məktəbdə nə işlə məşğul olur, kiminlə oturub-durur, müəllimlərin ona olan münasibəti nə dərəcədədir. Və... bir gün gözünü açacaq ki, 14 yaşlı qızı hamilədi. Bu da gecikmiş peşmançılıq olacaq.

Bəzən də valideynlər yanlış dini sektaların, gərəksiz adətlərin, mental dəyərlərə sığmayan stereotirlərin əsirinə çevrilərək övladlarını doğru yoldan çəkindirməyə çalışırlar. Bunların təsirinə düşən məktəbli qız ilk qarşısına çıxan kişi ilə sevgi macərası yaşayıb cinsi əlaqəyə girir. Bir çox hallarda valideyn himayəsindən məhrum olan qızlar, yaxud da küçə həyatı yaşayan qadınların övladları zorlanmaya məruz qalırlar. Belə qızlar ailə tərbiyəsindən məhrum olduqları üçün özlərini məktəbdə ciddi apara bilmirlər.

Halbuki yeniyetmə dövründə olan uşaqlara daha çox diqqət və qayğı lazımdı. Oğlandan fərqli olaraq qız uşağının iradəsi bir qədər zəif olduğu üçün ana gözünü qızının üstündən çəkməməli, ayıq olmalıdır. Başa düşməlidir ki, qızı böyütmək yox, yaxşı tərbiyə vermək lazımdı. Onu yedizdirmək, geyindirmək və məktəbə yola salmaqla iş bitmir. Tərbiyə bu deyil.

Bu məsələdə ataların da rolu böyükdür. Heç bir ata qızının tərbiyəsində yaxasını kənara çəkməməlidir. Bəzən atalar deyir ki, qızın tərbiyəsi ananın işidir. Bu, kökündən yanlış təsəvvürdü. Yeniyetmə qızın, orta məktəb şagirdinin özündən qat-qat yaşlı kişi ilə eşq macərası yaşamasının kökündə duran əsas amil məhz atanın qızına diqqətsizliyi və qayğı

göstərməməsidir. 13-14 yaşlı qız uşağı 33-43 yaşlı yad kişinin ona olan münasibətini ilk vaxtlar anlaya bilmir. Atasından görmədiyi diqqəti, qayğını həmin kişidən alır və bir müddət sonra özünü ona təslim edir...

***

Bütün bu hallara bir çox məktəbdə rəhbərlik və müəllimlər göz yumurlar. Vicdanlı müəllimlər, xüsusilə də qadınlar məktəbli qızların məktəbdə, sinifdə davranışına, oğlanlarla münasibətinə diqqət edirlər. Bu münasibətlərdə yanlış bir hərəkət görəndə onu başa salmağa çalışırlar. Vəzifəsini yalnız sinfə daxil olub 45 dəqiqəlik dərs keçməklə bitmiş hesab edənlər isə şagirdlərin nə düşündüyünün, nəylə maraqlandığının, nəyə meyl etdiyinin fərqinə varmırlar. Halbuki ibtidai sinif müəllimləri 1- 4- cü sinif şagirdləri ilə daha yaxın olmalı, onlara ana-ata münasibəti sərgiləməlidir. Bu uşaqlara təkcə əlifbanı əzbərlədib, qələm tutmağı deyil, həm də qədəm qoyduqları yeni həyatın gözəl məziyyətlərini öyrətməlidirlər. Həyat əlifbadakı 32 hərfi öyrənməklə başlamır. Həyatın özünün əlifbası var ki, bunu da öyrətmək, uşağa başa salmaq həmin müəllimin əsas vəzifəsidir.

Yaponiyada müəllimlər dördüncü sinfə kimi şagirdlərə fənn bilikərindən çox həyat dərsi keçir, nəzakətli və ağıllı olmağın sirrlərini başa salır, çevrəsindəkilərlə davranmaq üçün etiket qaydalarını öyrədirlər. Məktəblilər dörd il ərzində xarakterin formalaşmasında komanda halında işləməyin, bir-birinə kömək etməyin, kimsəni darda qoymamağın böyük rol oynadığını, insanlıq üçün ən vacib şərt olan ədalətli, şəfqətli, humanist və xeyirxah olmağın yollarını əxz edir, vicdan hissini itirməməyin prinsirlərinə yiyələnirlər. Bizdən fərqli olaraq Yaponiyada ibtidai biliklər ailədə və bağçada öyrədilir. Hətta uşaqlar birinci sinfə kompüter texnologiyalarını, internet şəbəkəsini xeyli mənimsəmiş halda gedirlər. Ona görə də yapon məktəblisi yuxarı siniflərdə özünü gələcək həyata tam hazır vəziyyətdə hiss edir.

Azərbaycanda da 2008-ci ildən məktəblərdə "Həyat bilgisi" adlı kitabın tədrisinə başlanıb. Bu fənn haqqında Vikipediyada belə yazılıb: " Həyat bilgisi şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fənndir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var".

Çox gözəl. Nəzəri cəhətdən cəlbedici fikirlərdi. Amma gəlin görək bu deyilənlər şagirdlərə öyrədilirmi? Birinci - ikinci sinif şagirdinə həftədə bir saat, daha doğrusu 45 dəqiqə vaxt ayırmaqla 6-7 yaşlı uşağa nəyi öyrətmək mümkündü?

***

Məktəblinin hamilə qalması bu günümüz üçün təhlükəli olduğu qədər sabahımız üçün də ağır zərbədir. Mənəviyyatın öldürülməsi, şəxsiyyətin bu formada təhqir olunaraq alçaldılması ən ağır cinayətdi. Yeniyetmə qızı başdan çıxaran, onun taleyini alt-üst edən, həyatın nə olduğunu, irəlidə onu daha da ağır zərbələrin gözlədiyini görməyən və buna hazır olmağı bacarmayan 13-14 yaşlı uşağın mənəviyyatına sağalmaz yara vuranların cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsində belə təsbit olunub: "16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". Bu, çox yüngül cəzadı, daha ağır olmalıdır. Belə şərəfsizlərə 20-25 il azadlıqdan məhrum olma cəzası verilməlidir ki, həmin hakim də nə zamansa peşmançılıq hissi ilə üzləşməsin.

Bir qadın olaraq mən belə düşünürəm. Gerisi qalır cinayəti qəbul edib, cəzanı yüngülləşdirənlərin vicdanına...

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31