Deputatın hobbisi...
Deputat Araz Əlizadə yenə öz ampluasındadı. Yenə ağlına gələni yox, məhz ağzına gələni danışaraq deyib: “Baxın, bizim qəhrəmanlar kimlərdir: Koroğlu quldur idi, Qaçaq Nəbi quldur, Qatır Məmməd quldur, Həcər quldur idi. İnsanlar daima xalq arasından qəhrəman axtarmağa çalışırlar".
31 Avqust 2016 13:05 SosialÇox pis məşğuliyyətdi
Deputat Araz Əlizadə yenə öz ampluasındadı. Yenə ağlına gələni yox, məhz ağzına gələni danışaraq deyib: "Baxın, bizim qəhrəmanlar kimlərdir: Koroğlu quldur idi, Qaçaq Nəbi quldur, Qatır Məmməd quldur, Həcər quldur idi. İnsanlar daima xalq arasından qəhrəman axtarmağa çalışırlar".
Bəli, insanlar həqiqətən də həmişə qəhrəman axtarıblar, bu gün də axtarırlar, sabah da belə olacaq. Dünənki qəhrəmanlar əməlləri ilə yaddaşlara köçüblər ki, nəticədə də "Koroğlu", "Qaçaq Nəbi", "Qatır Məmməd" dastanları yaranıb. Kitablar yazılıb, filmlər çəkilib. Bəs, Araz Əlizadə onlara hansı əsasla quldur deyir? Deputatın anası Zinyət Əlizadə universitetdə mənim Azərbaycan dili müəllimim olub. Çox da yaxşı müəllim, qəşəng də qadın idi. Seminar və mühazirələrdə Azərbaycan yazıçılarından sitatlar gətirməklə yanaşı, oğunun bəyənmədiyi o xalq qəhrəmanlarından da misallar çəkirdi. Həmin müəllimin tərbiyə edib böyütdüyü oğula nə oldu ki, birdən-birə anasının dediklərini inkar edir?
Ağlımız kəsəndən valideynlərimiz, müəllimlərimiz Koroğludan danışıb, Qaçaq Nəbini nümunə gətiriblər. Bizlər "Koroğlu" və "Qaçaq Nəbi" ilə tərbiyələnmişik, qəhrəmanlığın nə olduğunu, necə baş verdiyini həmin dastanları oxuyarkən bilmişik. Onlara əbəs yerə xalq qəhrəmanı deyilməyib ki? Koroğlu və Qaçaq Nəbi, lap elə Qatır Məmməd kriminal dünyanın dünənki və bu günkü "qəhrəmanlarından" fərqli olaraq xalqın yanında olublar, xalqın haqqını müdafiə ediblər. Onlar oğurluq edib nahaq qan tökməyiblər. Nə qatil, nə də cinayətkar olublar.
Araz Əlizadə Koroğluya quldur deyir. Halbuki Koroğlu bütün türk dünyasının qəhrəmanıdır. Onun adı təkcə Azərbaycanda deyil, Türkiyədə, Qazaxıstanda, Türkmənistanda, Qırğızıstanda, Özbəkistanda dillər əzbəridi, hər ölkə onu özünün qəhrəmanı hesab edir. Araz Əlizadənin məntiqindən belə çıxır ki, bu ölkələrdə yaşayan insanlar qəhrəmanla qulduru ayırd edə bilmirlər. Görəsən, Araz Əlizadə qəhrəman kimə deyir? Kriminal aləmin avtoritetlərini, qanuni oğrularımı qəhrəman hesab edir?
Əslində qəhrəmanları insanlar yaratmır, qəhrəmanları zaman və şərait yetişdirir. Qəhrəmanlıq bir anda olur, amma həmin o qəhrəmanlıq məqamı əsrlərlə yaşayır, yaddaşlara hopur. Onu xalq yaşadır, nəsildən-nəsilə ötürür. Hər dəfə meydana yeni qəhrəman gəlsə də, əvvəlkilər heç zaman unudulmur. Bu günün qəhrəmanları Mübariz İbrahimov, Ramil Səfərovdu. Onlar da qəhrəmanlığı məhz Koroğludan, Qaçaq Nəbidən, Qatır Məmməddən öyrəniblər. Bu xalq onları da əbədi yaşadacaq.
Bu gün biz övladlarımıza mübarizlərin, ramillərin keçdiyi qəhrəmanlıq yolunu göstərməklə yanaşı, Araz Əlizadənin bəyənməyib quldur dediyi xalq qəhrəmanlarının da həyatını, mübarizələrlə dolu əməllərini öyrətməliyik. Özü də elə öyrətməliyik ki, əsil qəhrəmanla, saxta, yalançı dil pəhləvanını ayırd edə bilsin. Kriminal "qəhrəmanlar"ı onların beyninə həkk etməməliyik.
XX əsrin əvvəlində - 30-cu illərdə bolşeviklərə etiraz edən bir çox adam hökumətdən qaçaq düşdü. Onlar meşələrdə, dağlarda gizlənərək əllərindən alınmış əmlaklarını qaytarmağa cəhd edirdilər. Sovet hökuməti "qolçomaq" damğası vuraraq onları xalqın gözündən salmağa çalışdı. Kommunist partiyası bu qaçaqları quldur elan edib bir-bir öldürdü. Amma xalq bu gün də həmin qaçaqların xatirəsini əziz tutur. Azərbaycanda kifayət qədər bədii ədəbiyyat və incəsənət nümunəsi var ki, həmin qaçaqların həyatı örnək olaraq əks olunub. Qaçaq Nəbi kasıb-kusubu müdafiə etməsi, onu zalımdan qoruması ilə qəhərəmanlıq zirvəsinə ucalıb.
Ermənilər quldur Androniki 100 ildi xalq qəhrəmanı elan ediblər. Halbuki tayqulaq Andronikin günahsız insanları, körpə uşaqları, gənc qızları, yaşlı qadınları necə qətlə yetirdiyini hamıdan yaxşı ermənilər özləri bilirlər. Bununla belə onu erməni tarixinin əvəzolunmaz qəhrəmanı ediblər. Bizdə isə Araz Əlizadə və onun kimilər xalqın keçmişinə kölgə salmaqla, tarixini ləkələməklə məşgul olurlar. Çox pis və utancverici məşguliyyətdi...
Rejissor Şeyx Əbdül Mahmudbəyli əbəs yerə qəzəblənməyib. "Mənim onunla haqqı-salamım da var, amma imkan vermərəm ki, xalqımın qəhrəmanlarını quldur adlandırsın. Mənə heç nə deyə də bilməz, əgər bu sözlərimdən qəzəblənib nəsə desə, camaatı yığıb, onu rüsvay edərəm. Mənim bir ziyalı kimi söz demək haqqım var. Özü də çəkdiyim "Qaçaq Nəbi" filmində xalq yaxşı görür ki, o, quldur yox, xalqın qisasçısı olub". Bu sözlər Şeyx Əbdül Mahmudbəylinindi, deputatın qəhrəmanlar haqqında söylədiklərinə cavab olaraq bildirib. Şeyx Azərbaycanın tarixi
qəhrəmanlarına quldur deyən Araz Əlizadədən haqlı olaraq soruşur: "sən özün nə etmisən bu xalq üçün"? Araz Əlizadə də Əbdül Mahmudbəylini çox gözlətməyib, belə cavab verib: "O aktyordur. Cilddən-cildə girməyi bacarır. Onun haradan Şeyx olduğunu da bilmirəm. Mən onu Əbdül kimi tanıyıram. Yaxşı kişidir, yeyib-içən adamdır. Həmişə hörmət etmişəm. Amma mənə qarşı niyə belə etdiyinin səbəbini də bilmirəm". Amma yaxşı olardı ki, deputat belə sözlərlə gündəmə gəlməyəydi. Yaxşı olardı ki, qanunvericiliklə məşğul olaydı, təmsil etdiyi ərazinin seçiciləri ilə vaxtaşırı görüşüb, onların problemlərinin çözülməsinə həvəs göstərəydi.
Dünyada bütün xalqların nağıl qəhrəmanları ilə yanaşı tarixi qəhrəmanları da var. İngilislər Robin Qud haqqında ballada yaradıblar. XV əsrdə kilsə məhkəməsinin qərarı ilə Janna d"Arkı tonqalda yandırsalar da, fransız xalqı onu tarix səhifəsindən silmədi, qəhrəman kimi yaşatdı. Xalq arasında "Orlean qızı" kimi tanınan qəhrəman haqqında ədəbi-bədii əsərlər yazılıb, filmlər çəkilib. Bu gün Fransada hər il mayın 2-si Janna d"Ark günü kimi qeyd edilir.
Azərbaycanlı deputatdan fərqli olaraq nə Fransa parlamenitinin hansısa bir senat üzvü, nə də Böyük Britaniyanın lordlar palatasından bir nəfər durub demir ki, Robin Qud və Janna d"Ark quldur olub. Araz Əlizadə kimilərindən fərqli olaraq o ölkələrin qanunvericilik strukturlarında təmsil olunanlar tarixi qəhrəmanlarını təftiş etmirlər.
Tarixi şəxsiyyətlər kimi tarixi qəhrəmanlar da bu xalqın milli dəyəri, mənəviyyat ölçüsüdü. Azərbaycan xalqının cəsarətini, şücaətini öz fəaliyyətində əks etdirən insanların qəhrəmanlıq əməllərini xalqın yaddaşından pozmaq mümkün deyil. Xalqın yanında dayanan, onu zalımın zülmündən qoruyanların yaşam tərzi fərqlidi. Bu fərqlilik qəhrəmanlıq zirvəsinə qədər ucalır. Kimsə onları həmin zirvədən düşürə bilməz və buna haqqı yoxdu.
Görəsən Araz Əlizadə gündəm yaratmaq üçün başqa mövzu tapmırmı? O, qanunvericilik orqanındakı kreslosunda oturarkən beynindən bu günün problemlərini həll edə biləcək təklif və təşəbbüslə çıxış etmək fikri keçmirmi? Yoxsa elə fikri-zikri xalqın keçmiş tarixini və mədəniyyətini təftiş etməkdədi? Şeyx Əbdül Mahmudbəyli kimi insanların əsəbləri ilə oynamaq kimi bir hobbisimi var?!
Bütün hallarda çox pis məşğuliyyət və pis hobbidi - deputat olsa belə...
Züleyxa Nadir