Dini Komitə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirir
Silahlı Qüvvələrdə “Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında silsilə tədbirlər aylığına start verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, bu məqsədlə Şəmkirdəki “N” saylı hərbi hissədə tədbir keçirilib.
31 Avqust 2016 12:48 SosialSilahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında silsilə tədbirlər aylığına start verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu məqsədlə Şəmkirdəki "N" saylı hərbi hissədə tədbir keçirilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsil fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir. Dini radikalizm isə bu gün bəşər üçün ən böyük təhlükə mənbəyidir və separatizmə, terrorizmə aparan faciəvi yolun başlanğıcıdır. Heç bir ölkə və xalq dini radikalizmdən sığortalanmayıb. Odur ki, dini radikalizmə qarşı mübarizədə hər bir şəxs, eləcə də hərbi qulluqçular daim ayıq-sayıq olmalı, təsirlərə düşməməli və bu yolun həm özləri, həm ailələri, həm də vətəndaşı olduqları dövlət üçün təhlükəli olduğunu dərk etməlidirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu istiqamətdə Silahlı Qüvvələrdə aparılan işin təqdirəlayiq olduğunu bildirib, Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə planına əsasən keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Mübariz Qurbanlı bu günlərdə uğurla başa çatan "Milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq!" tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində keçirilən tədbirlərdə minlərlə hərbi qulluqçunun, ilahiyyatçının, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakını, hətta cəbhə bölgələrində, ön səngərlərdə tədbirlərin təşkilini müsbət hal kimi qiymətləndirib. Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Fitnə" sənədli filminə kütləvi baxış keçirilib və qonaqlar əsgəri xidmət üçün yaradılan şəraitlə tanış olub.