Cəlilabad İşıq İdarəsinin müdiri: “Get kimə yazırsan yaz, məni bura nazir qoyub, heç kimi hərləmirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq regionlarda bəzi məmurlar vətəndaşların şikayətlərinə obyektiv baxmaq əvəzinə, problemlərinin həlli üçün onlardan qanunvericilikdə nəzərdə tutulmayan məbləğdə vəsait tələb edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq regionlarda bəzi məmurlar vətəndaşların şikayətlərinə obyektiv baxmaq əvəzinə, problemlərinin həlli üçün onlardan qanunvericilikdə nəzərdə tutulmayan məbləğdə vəsait tələb edirlər. Redaksiyamıza müraciət edən Cəlilabad rayonu Ocaqlı kənd sakini Gülzar Xəlilova qeyd edir ki, Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov onun evinə sayğacın quraşdırılması üçün 300 manat pul tələb edir: "Cəlilabad rayon İşıq İdarəsi evimə işıq sayğacının qoyulması üçün İşçi layihəsi tərtib edib. Layihədə kabellərdən, dəmir-dümürdən tutmuş quraşdırılma xərcinə kimi 210 manat 43 qəpik pul hesablanıb və həmin xərc mənim boynuma qoyulub. Hələ İşçi layihəsinə müəmmalı "Azər-Türk Bank"ın ödəniş rekvizitləri də tikilib, sayğacın 80 manata yaxın pulunu həmin bankdakı müəmmalı hesaba köçürməliyəm. Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov bizi beləcə ələ salır. Bizə göndərilmiş layihə və smeta kompüterdə yazılıb, nə möhürü var, nə də ki kiminsə qolu, imzası. Ərim bizə göndərilmiş həmin layihə və smetanı götürüb Aydın Məmmədovun qəbuluna gedib. Aydın Məmmədov deyir ki, əsas puldur, möhür boş şeydir, çıxart o 300 manatı yerindəcə ver bizə, evinə elə səhəri gün sayğac qoyum. Ərim etirazını bildirdikdə isə deyir ki, get kimə yazırsan yaz, məni bura nazir qoyub, heç kimi hərləmirəm. Biz kasıb adamıq, boğazımızdan kəsib Aydın Məmmədova 300 manatı hardan verməliyik?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31