Valideyn-övlad anlaşılmazlığı və ona səbəb olan amillər
Son zamanlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də valideynlə övlad arasında anlaşılmazlığın meydana gəlməsi, bəzən isə tərəflərin bir-birini qəbul etməməsidir.
26 İyul 2016 13:56 SosialBu mənfi tendensiya bəzən övladı cinayətə də sürükləyir
Son zamanlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də valideynlə övlad arasında anlaşılmazlığın meydana gəlməsi, bəzən isə tərəflərin bir-birini qəbul etməməsidir. Bu kimi mənfi situasiya bəzən elə xoşagəlməz həddə çatır ki, bu zaman cinayət əməlinə də əl atılır. Nə qədər təssüflü də olsa, mütəmadi olaraq övladı tərəfindən valideyninə ağır bədən xəsarəti yetirilməsi barədə xəbərlər eşidirik. Bəs görəsən adətən valideynlə uşaq, övlad arasında anlaşılmazlıq, bir-birinin sözünü qəbul etməmək hansı zərurətdən meydana gəlir və bu cür mənfi tendensiyanı zamanında necə aradan qaldırmaq olar?
Psixoloq Qədəmli İsmayılova deyir ki, insanlar arası əlaqələrdə fərdlərin şüurlu və ya şüursuz olaraq etdikləri bir çox davranış ünsiyyət toqquşmasına, səhv anlaşılmaq və qurulan ünsiyyətin yarasızlaşmasına səbəb olmaqdadır. Bunlar arasına; əmr vermək, öyüd-nəsihət vermək və həll təklifləri gətirmək, əxlaq dərsi vermək, mühakimə etmək, tənqid etmək, günahlandırmaq, sorğulamaq, lağ və ya iynələyici davranmaq daxildir: "Bu cür davranışlar qarşıdakı fərdin ünsiyyəti davam etdirməsinə və özünü tam olaraq açıqlamasına mane olar. Qarşıdakı fərddə anlaşılmadığı hissini yaradaraq, hirs ya da küskünlük kimi mənfi duyğuların ortaya çıxmasına səbəb olar. Çox vaxt, bu cür ünsiyyət quran fərdlər ətrafdakılar tərəfindən "çətin" fərdlər olaraq xarakterizə edilir. Əgər valideyn və övlad arası münasibətdən söz açırıqsa, burada əlaqə, sadəcə məlumat axınından ibarət olduğu mənasına gəlmir. Bu münasibətdə eyni zamanda, qarşılıqlı duyğu və düşüncə ötürülməsi baş verir". Psixoloq deyir ki, valideynlərin uşaqlarıyla ünsiyyətini müəyyənləşdirən və aralarındakı əlaqəni formalaşdıran fərqli ana-ata mövqeləri vardır: "Bu mövqelər; tamamilə azad və icazə verici ilə, tamamilə qatı və məhdudlaşdırıcı mövqe arasında dəyişə bilər. Azad və icazə verici ana-atalar. Bu ana-atalar uşaqlarına sevgiylə yaxınlaşsalar da, ümumiyyətlə qoyulması lazım olan sərhədləri, qaydaları qoymurlar. Uşaqlar içlərindən gəldiyi kimi davranır və istədikləri şeyləri, istədikləri zaman edə bilirlər. Bu şəkildə yetişdirilən uşaqların adətən, yaradıcı və orijinal fikirli olduqları müşahidə edilir. Ancaq onlar mühitə uyğunlaşmada çətinlik çəkir, impulslarını nəzarət etmədə və məsuliyyət almada istəksiz davranırlar. Passiv ana-atalar. Bu tip ana-ataların gözləntisi azdır və buna bağlı olaraq verdikləri reaksiya də minimum dərəcədədir. Uşaqla tərs düşməmək üçün qaydalar qoymazlar və beləliklə, uşağın öz başına böyüməsinə icazə verdiklərini düşünərlər. Buna əks olaraq isə, uşaq, valideynlərinin ona qarşı laqeyd olduğunu düşünər. Bu cür ailələrin uşaqları adətən, sosiallaşma qabiliyyətlərini inkişaf etdirməkdə çətinlik çəkir, ya utancaq ya da eqoist olurlar". Qədəmli İsmayılova qeyd edir ki, avtoritar valideynlər itaətə dəyər verirlər. Onlara görə həyatın necə yaşanacağı qaydalarla idarə edilir və formalaşdırılır: "Lakin bu zaman uşaq, özünü necə idarə edəcəyini öyrəndiyindən deyil, cəzadan qorxduğu üçün itaət etməyi öyrənir. Bu cür valideynlərin uşaqları davamlı şəkildə əmr almağa uyğunlaşdıqları üçün, gələcəkdə də özbaşına hərəkət edə bilməz hala gəlir və davamlı olaraq onu bir başqasının idarə etməsini gözləyər. Əlaqəli və demokratik ana-atalar. Bu qrupa aid valideynlər, uşaqlarına şərtsiz bir sevgi təqdim edirlər. Ancaq bunu edərkən lazım olan bir sıra qaydaları da qoymağı ehmal etmirlər. Uşağın məsuliyyət alması təhsilin prioritetləri arasındadır. Bu səbəblə də,uşağa seçim etməsi üçün bir çox fürsət təqdim edilir və etdiyi seçimin nəticələrini yaşayarkən də, ona ehtiyacı olan köməklik verilir. Bu şəkildə böyüdülən uşaq, məsuliyyət duyğusu inkişaf etmiş, daha ağıllıca ( sağlam) seçimlər edən, dəyişikliklərə ayaq uyduran və özünə etibarı olan bir şəxs kimi formalaşır". Psixoloq hesab edir ki, Valideynlər uşaqlarıyla aağlam və təsirli əlaqə qurmaq üçün bir sıra vacib nüanslara diqqət etməlidirlər: "Uşağınızla maraqlandığınızı, ehtiyacı olduğu zaman yanında olduğunuzu, ona kömək edəcəyinizi bilməsini təmin edin. Danışmaq üçün kimsənin olmadığı, sakit bir yer seçərək, onunla əlaqənizi xüsusi tutun. Başqa insanların qarşısında utandırıb, çətin vəziyyətə salacaq şəkildə danışmayın. Axmaq, gerizəkalı, tənbəl kimi alçaldıcı sözlərdən istifadə etməyin. Çox sinirli və yorğunsanız, daha təsirli əlaqə üçün bunu sonraya saxlayın. Uşağınız sizinlə danışmaq istədiyi zaman televiziyanı bağlayın, qəzeti əlinizdən buraxın, telefon danışığınızı tamamlayın. Uşağınızla danışarkən, onun səviyyəsinə enərək göz təması qurun. Uşağın mənfi bir davranışını düzəldərkən "sən" mesajı yerinə, "mən" mesajı verin. Hadisələrin səbəbini soruşmayın, nə olduğunu soruşun. Uşaqlarınıza yox deməyi bir kənara qoyub, onu dinləməyə çalışın. Qeyd etmək lazımdır ki, uşaqları ilə təsirli ünsiyyət qurmaq istəyən valideynlərin sahib olması lazım olan bəzi əsas bacarıqları var. Bunlardan ən başlıcası isə, dinləmədir. Bu, təkcə valideyn övlad münasibətində deyil , bir şəxsin müxtəlif istiqamətli münasibətlərində böyük rol oynayır".
Kamal