Elçin Hüseynbəyli yazır... Həya

Mənim bir dostum var, İstanbulda yaşayır. Müdrik adamdı. Ötən yazılarımda onu sizinlə tanış eləmişəm. Bu dəfəki Bakı səfərində də görüşdük və mənə ibrətamiz bir əhvalat danışdı:

Elçin Hüseynbəyli

Həya

(ikinci yazı)

Mənim bir dostum var, İstanbulda yaşayır. Müdrik adamdı. Ötən yazılarımda onu sizinlə tanış eləmişəm. Bu dəfəki Bakı səfərində də görüşdük və mənə ibrətamiz bir əhvalat danışdı:

-Babam ötən ay bizə gəlmişdi, 87 yaşı var. Bir dəfə infarkt, bir dəfə də insult keçirib, amma qıvraqdı, həyat eşqi böyükdü, evləndirsən, imtina eləməz. Ömründə xaric görməyib, o da Biləcəridən o tərəfə çıxmayanlardandı. Amma kişinin bir İstanbul sevdası vardı, mən də ona söz vermişdim ki, istəyini yerinə yetirəcəm. Bir problem vardı ki, həkimlər onun təyyarəyə minməsini məsləhət görmürdülər. Hər ikimiz məyus olmuşduq.

Günlərin bir günü babam mənə zəng edib dedi ki, İstanbula gəlir. Nəylə gəlir? Avtobusla. Fikirləşdim ki, qoca kişidir, avtobusla 40 saata yaxın yolu, özü də bu istidə çətin gələ. Acaq gəldi. Telefonuma bir polis zəng vurdu və dedi ki, babanız Pendik tərəfdədir, amma sizin evi tapa bilmir, yəni kişi azıb. Dərhal polis deyən səmtə getdim. Babam çemodanlı- boxçalı polis bölməsində oturmuşdu. Məni görəndə uşaq kimi boynuma sarılıb ağladı. Mən onu toxtatmaq üçün zarafat da elədim, dedim ki, sənin gəlişin Koroğlunun Toqat səfərindən də möhtəşəmdi.

Əslində, mənim deyəcəyim tamam başqadır. Həya məsələsidir, -deyə dostum söhbətinə əlavə elədi. - Gəldiyi günün səhəri yuxudan durduq, baxdıq ki, baba evdə yoxdur. Ora baba, bura baba? Babanı tapan olmadı. Çöl qapını açanda heyrətləndim. Baba divarin dibində oturmuşdu. "Baba, -dedim, - niyə burda durmusan?" O da cavab verdi ki, erkən yuxudan durmağa öyrənib, bir az mətbəxdə oturandan sonra canı sıxılıb və çölə çıxıb, amma qapı bağlanıb və o qalıb çöldə.

"Bəs niyə qapını döymədin, ya zəngi basmadın?"

Nə cavab versə yaxşıdır: "A bala, sizi yuxudan eləməyə qıymadım..."

-Hə ibrətamiz söhbətdir, dedim, -indi belə tərbiyə sahibi çətin tapılar. Bilirsən, eyni hadisə mənim də başıma gəlib.

Bir səhər yuxudan durub pəncərənin önünə gəldim və həyətə baxdım. Rayonda yaşayan qaynanamla qaynatam söhbətxanada dinməz-söyləməz oturmuşdular. Təəccübləndim. Tələm-tələsik həyətə düşdüm və

burda niyə oturmaqları ilə maraqlandım. Sən demə, rayondan gələn avtobus Bakıya erkən, ala-qaranlıqda çatıb və onlar da bizim yuxumuza haram qatmamaq üçün vaxtın keçməsini gözləyiblər.

-Hə, maraqlı söhbətdir, -dostum dedi və abır-həyayla bağlı növbəti bir əhvalat başladı.

Amma həmin əhvalat sonraya qalsın, dostlar, zamanı çatanda danışarıq...

İyul 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00