Narkomaniyanı yayan “ifaçılar” barədə ciddi ölçü götürülməlidir
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev qeyd edib ki, hazırda gənclərimizin əksəriyyəti rep, meyxana janrının arxasınca sürüklənir, amma böyük təhlükələrlə üzləşəcəklərini ağıllarına belə gətirmirlər.
22 İyul 2016 13:45 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev qeyd edib ki, hazırda gənclərimizin əksəriyyəti rep, meyxana janrının arxasınca sürüklənir, amma böyük təhlükələrlə üzləşəcəklərini ağıllarına belə gətirmirlər. Çünki bu janr onların tələbatlarını ödəyir, təbii ki, pis mənada: "Bu vaxta qədər meyxana və rep janrında yadda qalan bir maraqlı ifadə işlədilməyib. İşlədilən bütün ifadələr gənclərimizin ziyanınadır. Yaxşı olardı ki, vətənpərvərlik hisslərini aşılayan mahnılar səsləndirilsin, qəhrəmanlarımız təbliğ olunsun. Bu gün istənilən repçi və yaxud da meyxanaçı hansısa geniş auditoriyada dinləyicilərini toplaya bilmədiyindən üz tutublar sosial şəbəkələrə. Çünki bu vasitə onlar üçün daha əlverişlidir. Avtoritetlərə, vor zakonlara həsr etdikləri musiqi və mahnılar səsləndirilər. Sosial şəbəkələrin nəzarətsiz qalmasından sui istifadə hallarından yararlanıb populyarlaşırlar. Bunun qarşısını almaq ücün gərək sosial şəbəkə rəhbərliyinə müraciət edilsin". Onun sözlərinə görə, maraqlıdır ki, rep və meyxana ustalarının əksəriyyəti üçün gənclərin mənəviyyatını pozan mahnılar, musiqilər üzərində işləmək çox asandır: "Hər iki janr söz yığınağıdır, heç bir mənası yoxdur, amma gənclərin psixologiyasına tez təsir edir. Meyxanalarda daha çox deyişmələrə qulaq asılır. Burada da bir-birlərini hər vəchlə gözdən salmağa, sındırmağa cəhd göstərilir. Təhqiredici ifadələr, tərbiyəsiz sözlər işlədilir. Təəssüflər ki, bu gənclərimizin zövqünü oxşayır. Amma ötəri olsa da qarşısı mütləq alınmalıdır. Meyxana və repin musiqisi, bəstəkarı yoxdur, istənilən not üzərində söylənilir. Belə olan halda bu iki janr mədəniyyətimizə hansı töhfə verə bilər, təbii ki, ziyandan başqa heç nə. Hesab edirəm ki, belə mahnıları təbliğ edən saytlar və teleməkanlar üçün çox ciddi cəzalar, cərimələr tətbiq etməklə onları bu yoldan çəkindirmək olar. Narkomaniyanı yayan "ifaçılar" barədə isə ciddi ölçü götürülməlidir ki, belə halların qarşısını almaq mümkün olsun".