Milli Mətbuatın fədaisi-Rauf Arifoğlu
Elə insanlar var ki, seçdikləri sənətin təkcə peşəkarı olmurlar, əsil fədaisinə, bəzi hallarda isə kamikadzesinə çevrilirlər. Bu insanlar üçün mənsub olduqları peşə, sənət dolanışıq yeri deyil, hər gün, hər saat bu sənətin DƏYƏRLƏRİ, ADI uğrunda qurban getməkdir, özünə sui-qəsddir, hər gün intihardır.
24 İyul 2016 13:49 SosialBu ad çəkiləndə düz söz, obyektiv informasiya, etibarlı mənbə yada düşür
Elə insanlar var ki, seçdikləri sənətin təkcə peşəkarı olmurlar, əsil fədaisinə, bəzi hallarda isə kamikadzesinə çevrilirlər. Bu insanlar üçün mənsub olduqları peşə, sənət dolanışıq yeri deyil, hər gün, hər saat bu sənətin DƏYƏRLƏRİ, ADI uğrunda qurban getməkdir, özünə sui-qəsddir, hər gün intihardır.
Jurnalistika bu baxımdan daha çox qurban tələb edir. Çünki burada düzü düz, əyrini əyri demək lazımdır və bu, jurnalistikanı seçənlər üçün, bu yolda addımlayanlar üçün asan deyil. Hətta deyərdim ki, çox çətindir. Jurnalistika o peşələrdəndir ki, o, insandan hər şeyini alır: gəncliyini, cavanlığını, qamətini və ən əsası gözünün nurunu.
***
Rauf Arifoğlu Azərbaycan milli mətbuatının kamikadzelərindən, fədailərindən, bir sözlə ustadımız Həsən bəy Zərdabidən başlanan şərəfli bir yolda fədakarcasına irəliləyən, bu yolda məsləkindən, amalından dönməyən peşəkarlardan biridir. Rauf Arifoğlu o mətbuat nümayəndələrindəndir ki, adı çəkiləndə düz söz, obyektiv informasiya, dərin araşdırma, etibarlı mənbə yada düşür.
Rauf Arifoğlu Azərbaycanda kifayət qədər tanınmış bir qəzetə rəhbərlik edir. Baş redaktoru olduğu qəzet operativ və dəqiq xəbərlərlə, maarifləndirici yazılarla oxucu kütləsinin rəğbətini qazanıb. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Əməkdar jurnalist" fəxri ada layiq görülməsi onun media sahəsində göstərdiyi xidmətlərin təzahürüdür. Yüksək tirajla çap olunan, söz, mətbuat azadlığı, Azərbaycanın demokratikləşməsi uğrunda daim və yorulmadan mübarizə aparan "Yeni Müsavat" qəzeti Azərbaycan jurnalistikasına çoxlu sayda tanınmış, peşəkar jurnalistlər bəxş edib.
***
Rauf Arifoğlu bütün fəaliyyəti dövründə, Azərbaycanda baş verən siyasi proseslərin daim ən qaynar yerində olub, cəmiyyətin dəqiq, dolğun informasiya ilə təmin olunmasında çox mühüm işlər görüb və bu fakt danılmazdır. İstər Milli Azadlıq Hərəkatı dövründə, istərsə də "Yeni Müsavat" qəzetindəki fəaliyyətində hər zaman ön sırada və fərqlənənlərdən olub. Rauf Arifoğlunu və "Yeni Müsavat"ı hətta sevməyənlər belə oxuyur, mütaliə edir və onun imzasını axtarır. Bu gün Azərbaycan mediasında Rauf Arifoğlu deyəndə "Yeni Müsavat", "Yeni Müsavat" deyəndə Rauf Arifoğlu yada düşür. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da "Yeni Müsavat" və Rauf Arifoğlu adı tanınır, sevilir və oxunur.
***
Bu təsadüf deyil. İyulun 22-si Azərbaycan Milli Mətbuatının yaranma günü, 24-ü isə Rauf Arifoğlunun doğum günüdür. Təbiət, Uca Tanrı mətbuat cəfakeşini məhz bu günlərdə dünyamıza bəxş edib.
Rauf Arifoğlunu doğum günü münasibətilə ürəkdən təbrik edirəm, bu özəl bir gündə həmkarıma, dostuma bircə şey arzu edirəm: Yeni yaşın, bir də həqiqət və doğru söz uğrunda apardığın QƏZAN mübarək olsun!
Yunus Oğuz