Sosial şəbəkələrdə narkomaniya təbliğ olunur
Psixoloq Vəfa Əkbər “Olaylar”a bildirib ki, narkomaniyanı təbliğ edən meyxana və yaxud replərin internetdə, o cümlədən sosial şəbəkələrdə yayımlanması gənclərdə, xüsusilə uşaqlarda narkomaniyaya maraq yaradır.
21 İyul 2016 16:58 SosialVəfa Əkbər: "Bu, uşaqlarda narkomaniyaya maraq yaradır"
Psixoloq Vəfa Əkbər "Olaylar"a bildirib ki, narkomaniyanı təbliğ edən meyxana və yaxud replərin internetdə, o cümlədən sosial şəbəkələrdə yayımlanması gənclərdə, xüsusilə uşaqlarda narkomaniyaya maraq yaradır. Bu da öz növbəsində narkomaniyanın təbliği deməkdir: "Hətta narkomaniyanın nə olduğunu bilməyən gənclər belə təbliğatdan sonra onunla maraqlanır. Onun istifadəçisinə çevrilməsə belə, onun haqqında kifayət qədər məlumat alır. Gənc düşünür ki, nədənsə zövq ala bilmirsə, haradasa bir çətinliyi varsa çıxış yolu kimi bu variantdan istifadə edə bilər". Onun sözlərinə görə, belə meyxana və replərin yayılması narkomaniyaya meyilli olan gənclərə daha çox təsir göstərir: "Hətta narkotiklərdən asılı olan gənclərə bir haqq qazandırır. Beləliklə, nəinki bir gəncin, hətta bütövlükdə cəmiyyətin korlanmasına gətirib çıxarır". Psixoloqun qənaətinə görə, belə halların qarşısı narkomaniyaya qarşı mübarizə orqanları tərəfindən alınmalıdır: "Yaxşı olardı ki, belə zərərli, ictimai mənəviyyat əleyhinə olan təbliğat vasitələrinin yayılmasının qarşısını almaqla məşğul olan bir qurum olsun. Çünki, belə məsələlərə nəzarət mütləq şəkildə olmalıdır. Məlumdur ki, istənilən ölkənin döyünən ürəyi gənclərdir. Bizim də sağlam gələcəyimiz sağlam gənclərdən ibarətdir. Əgər bu gün narkomaniyanı təbliğ ediriksə sonumuzun hara gedəcəyi bəllidir".