Əmlak Komitəsində müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. ƏMDK-dan "Olaylar"a verilən məlumata görə, Komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edildiyini qeyd edib. Proqrama əsasən komitənin qarşısında yeni tələblər qoyulduğu bildirilib. 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması və digər məsələlərin həlli nəzərdə tutulur. Dövlət başçısı tərəfindən 07 mart 2016-cı il tarixində "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Fərmanla torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları təsdiq olunub. Verilən Fərman və tapşırıqlara əsasən Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaqların yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaqdır. Torpaqların kəmiyyət göstəricilərinin təyini işinin icrasına respublikanın 9 rayonunda başlanmışdır. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcəkdir. Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istismara verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00