Liberal iqtisadi islahatlar iqtisadi təhlükəsizliyin güclənməsinə müsbət təsir göstərib
21 İyun 2016 14:12 SosialAzərbaycan son 15 ildə həyata keçirilən islahatlardan geri dönməməlidir
Son illər ölkədə iqtisadi sahədə müşahidə edilən müsbət tendensiya ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərir. İqtisadiyyatın dinamik şəkildə inkişafına bu sahədə qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, eləcə də iqtisadi mühitin normallaşdırılması məqsədilə atılan addımlar da təsirsiz ötüşmür. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Mayis Gülalıyev də bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda son 15 ildə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyata dövlət müdaxiləsi azalan istiqamətdə inkişaf edir: "Azərbaycan iqtisadiyyatının mahiyyəti elədir ki, dövlət müdaxiləsi azaldıqca, yəni liberal islahatlar genişləndikcə iqtisadi inkişaf baş verib. Elmi araşdırma ilə məşğul olmayan, yalnız populist çıxışlar edən bəzi adamlar islahatların iqtisadi inkişafa zərər vurduğunu iddia edir. Lakin ciddi elmi araşdırmalar əksini sübut edir. Belə ki, Azərbaycanda liberal iqtisadi islahatlar, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının "sağlaşması" ölkədə ÜDM-in artımına, insan inkişafına, rəqabətqabililiyyətliliyin güclənmnəsinə və ölkənin iqtisadi təhlükəsizliyinin güclənməsinə müsbət təsir göstərib. Bizim tədqiqatlar sübut edir ki, nə qədər çətin olsa da Azərbaycan son 15 ildə həyata keçirilən islahatlardan geri dönməməlidir və belə islahatları, xüsusilə xarici ticarətin liberallaşmasını davam etdirməlidir. Biz hazırda Azərbaycan üçün "optimal modelin" yaradılması üzərində çalışırıq. Əvvəlcədən deyim ki, Azərbaycan üçün "optimal model" ölkə iqtisadiyyatının liberallaşmasından keçir". Mayis Gülaliyev onu da qeyd edib ki, iqtisadiyyatın hər hansı sahəsinə dövlət müdaxiləsini bu və ya digər dərəcədə müqayisəli qiymətləndirən müxtəlif reytinq təşkilatları var: "Belə qiymətləndirmələrin həm nəzəri, həm də praktiki əhəmiyyəti danılmazdır. Lakin belə qiymətləndirmələrdə bəzi ciddi çatışmazlıqlar da var. Məsələn, belə müqayisəli qiymətləndirmələr ölkələrin müxtəlif sahələrdə "şaquli" reytinqlərinin hazırlanması və sıralanması kimi nəticələnir. Belə qiymətləndirmə metodu hər hansı bir ölkədə bütünlükdə dövlət müdaxiləsinin səviyyəsini qiymətləndirməyə, ən əsası isə hər hansı bir ölkə üçün optimal müdaxilə dərəcəsini tapmağa imkan vermir. Bu o deməkdir ki, bütün ölkələr üçün eyni dərəcədə liberal və ya eyni dərəcədə məhdudlaşdırıcı qanunların qəbul edilməsi eyni nəticəni vermir. Məsələn, Fransada Sinqapurda olduğu kimi liberal iqtisadi qanunlar qəbul edilsə, Fransa iqtisadiyyatı Sinqapurda olduğu kimi inkişaf etməyə bilər. Yaponiyada iqtisadi inkişaf üçün tələb olunan dövlət müdaxiləsi səviyyəsi və ya liberallaşma səviyyəsi Böyük Britaniyadakından fərqlidir. Onlar eyni dərəcədə iqtisadiyyata müdaxilə etsələr fərqli nəticələr alınacaq. Deməli, hər bir ölkə üçün özünəməxsus "optimal müdaxilə dərəcəsi" var.
Əsəs məsələ bu "optimal" sahənin tapılmasıdır. Onun tapılması isə ölkənin sürətli iqtisadi inkişafına təkan verər. Bu sahənin elmi cəhətdən əsaslandırılaraq tapılması son illərə qədər mümkün olmadığından iqtisadi məktəblər, siyasi və ictimai qurumlar bir-biri ilə mübarizə fonunda ölkəni bu "optimal" sahəyə yönəltməyə çalışırlar". Mayis Gülaliyevin qənaətincə, hər bir ölkənin hökuməti çalışır iqtisadiyyatı elə qursun ki, inkişaf baş versin: "Amma əksər halda buna nail olunmur. Beləliklə, bir hökumət öz yerini digərinə verməyə məcbur olur. Yeni hökəmət isə əvvəlki hökumətin yaratdığı "iqtisadi modeli" sökur, dağıdır və özünə uyğun yeni model yaradır. Əksər hallarda bu model də yaramır. Beləliklə, iqtisadi modellər bir-birini əvəz edir. Ən yaxşı halda belə əvəzləmə zamanı ölkə yavaş-yavaş "optimal modelə" yaxınlaşır. Məsələn, inkişaf etmiş ölkələr belə modelə nail olublar. Əksər ölkələrdə isə belə "axtarış" davam edir. Amma bizim təklif etdiyimiz metod hər bir ölkə üçün müəyyən zaman çərçıvəsində "optimal modelin" yaradılmasına imkan verir.
Füzuli