Bazarda qiyməti kimlər diktə edir?
21 İyun 2016 14:01 SosialMövsümi amillər, yoxsa "işbazlar"
Paytaxt Bakının ticarət bazarlarında meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur. Artıq bahalaşma təkcə iri ticarət mərkəzlərində deyil, eləcə də kənd təsərrüfatı bazarlarında da müşahidə olummaqdadır. Maraqlı məqam ondan ibarətdir ki, ən çox bahalaşma həftənin şənbə-bazar günlərində qeydə alınır. Hansı ki, həmin günlər paytaxtın 6-7 rayonunda kənd təsərrüfatı yarmarkası təşkil edilir. Məlumat üçün qeyd edək ki, dövlət qurumlarının rəsmilərinin açıqlamalarının əksinə olaraq kənd təsərrüfatı yarmarkalarında qiymətlər heç də digər bazarlardan ucuz deyil. Əksinə, elə məhsullar var ki, dükan-bazarlarda daha ucuz qiymətə satılır. Üstəlik, yarmarkalarda məhsul seçimi imkanı olmadığı halda, bazarlarda məhsulun keyfiyyəti və yetişdirildiyi ərazi üzrə müxtəlif qiymətlər təklif olunur. Bir sözlə, yarmarkalarda qiymətlər sanki vahid mərkəzdən idarə olunur. Bu isə o deməkdir ki, yarmarkalarda qiymətləri sahbkarlar deyil, "işbazlar" diktə edir. Məhz bu səbədən də bazarlarda qiymətlər durmadan artır. Elə "Yaşıl bazar" və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 50 qəpiyə satılan yerli kartof hazırda alıcılara 70 və 80 qəpiyə, bəzi hallarda isə 1 manata təklif edilir. Qəribədir ki, gömrük rüsumu ödənilməklə İran, Pakistan və Rusiya kimi ölkələrdən kilometrlərlə yol qət edilərək gətirilən kartof 50 qəpiyə satılır. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10-20 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, hazırda bazarda ən ucuz almanın qiyməti 1,50 manatdır ki, bu halda da alıcılar mütləq çəkidə aldadılmalıdır. Əks halda bu qiymət də satıcıya sərfəli deyil. Mövsüm boyu quymətini sabit saxlayan tərəvəzlərdən biri də pomidordur ki, bu növ məhsulun Rusiyaya idxalına start verildikdən sonra alverçilər qiyməti stabil saxlamağa nail olublar. Fakt isə ondan ibarətdir ki, insanlar meyvə-tərəvəz mövsümü olmasına baxmayaraq, necə deyərlər hər şeyə tamarzı qalıblar. Gilasa, gilənara, əriyə baxıb köks ötürməkdən başqa çıxış yolu qalmır. Tərəvəzlərin də ucuzlaşmasından söhbət gedə bilməz. Keçən ilin bu dövründə 3 kiloqramı 1 manata olan pomidorun indi 1 kiloqramını 2 manata almaq məcburiyyətində qalırıq. Statistik məlumatlara görə, builki mövsümlə keçən ilki qiymət fərqi əsasən pomidor və xiyarda, qərzəkli meyvələrdən isə gilas və ərikdədir. Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır: "Hər il mövsüm ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar". Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır: "Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Belə halların qarşısı alınmalıdır". Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır: "Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur". Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur: "Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq". Onu da qeyd edək ki, bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, konkret olaraq pomidor və xiyarın ötən mövsümə nisbətdə baha olmasının səbəbi budur ki, keçən il Rusiyada rublun kəskin devalvasiyasından sonra ixrac səmərəsiz olduğundan istehsal edilən pomidor və xiyarın ixracı kəskin şəkildə aşağı düşmüşdü. Buna görə də daxili bazarda məhsul artıqlığı yaranmışdı. İndiki halda iyun ayında topdansatışda Şəmkir və Göyçay pomidorunun satılması normaldır. Keçən il "melit" sortundan olan xiyarın topdansatış qiyməti 25 qəpik idisə, bu il 50 qəpikdir. Normal olmayan ötən ilki qiymətlər idi. Çünki, fermerlərin məhsulu əlində qalmışdı. Dəyər-dəyməzinə satmağa çalışırdılar. Təklif tələbi üstələdiyindən qiymətlərə təzyiq edərək, fermerlər üçün əlverişsiz şərait yaradırdı. Bu il nə istehsalda, nə də ixracda problem var, ona görə də qiymətlər tarazlıq səviyyəsindədir. Əgər hesab olunsa ki, mövsümün bu dövründə Azərbaycanda pomidorun topdansatış qiymətinin 1 manat olması bahadır, dünyanın istənilən yerindən -elə Türkiyədən məhsulu sürətlə bura gətirərdilər. Türkiyədə 1 kiloqram pomidorun ixracı 1 dollardan aşağı deyil. Nəzərə almaq lazımdır ki, hələ kütləvi sahələrdən məhsul yığımı başlamayıb, hələ də istixanaların istehsalı olan məhsullar satışdadır. Çox qəribədir ki, bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri mütəmadi olaraq bunun mövsümi xarakter daşıdığını bildirilər: "Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Hər həftə monitorinqlər aparılır. Monitorinqlər əsasında demək olar ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır". Nazirlikdən istisna hal kimi qərzəkli meyvələrin baha olmasını təsdiqləyib: "Burda yalnız istisna qərzəkli meyvələrin qiymətindədir. Bu da təbii faktorlara bağlı məsələdir. Bu il ərik və gilasın çiçəklənmə, tozlanma dövründə hava əlverişsiz olduğundan məhsuldarlıq aşağıdır. Bu nöqteyi-nəzərdən Azərbaycan bazarında hər iki məhsulun qiyməti keçən ilə nisbətən yüksəkdir. Yenə də, məsələn, Türkiyədə bu məhsullar ucuz olsaydı, onlar çox rahat şəkildə gətirib məhsullarını burda satardılar. Bilirsiniz ki, hazırda gömrükdə də tam sərbəstlikdir. Biz gilas və ərik istehsal edən ölkə olduğumuzdan həmişə bu məhsullar ucuz olub. İndi isə təbii şəraitə görə yaranan problemdir".
Nurlan