Adını kitabda axtaran ziyalılarımız...
Deyəsən elm işığına toplaşmaq dəbdən düşüb
21 İyun 2016 13:57 SosialDünya xalqları xəritəsində cüzi yer təşkil edən Azərbaycan torpağı bəşəri hikmət xəzinəsini zənginləşdirən elə dahilər yetişdirib ki, onlar xalqımızın əbədi qürur mənbəyinə çevriliblər. O da faktdır ki, elmi-ictimai fəaliyyəti ilə dünya miqyasında tanınan və qəbul edilən, Azərbaycan elminə böyük töhfələr bəxş edən görkəmli xadimlər daim tədqiqat mənbəyi olublar. Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında cığır salan, əməli fəaliyyəti ilə sözünü deyən insanların mənalı və şərəfli ömür yolu neçə-neçə nəsillər üçün tədqiqat obyektinə çevrilir, zəngin irsi öyrənilir. Elmi fəaliyyətinin geniş şəkildə təbliğ və tədqiqi zəruri hesab olunan nurlu ziyalıların bəşəriyyətə əxs etdikləri töhvələri tarixə çevirmək isə müqəddəs bir işdir. Bunun ən etibarlı və uzunömürlü olmasını təmin edəcək sınaqdan çıxmış vasitə elmi və tarixi şəxsiyyətlər haqqında həqiqətlərin kitablara köçürülməsidir. Bu günlərdə çapdan çıxmış "Güc birlikdə və bilikdədir ziyalılarımızı tanıyaq" adlı kitab da heç şübhəsiz ki, bu amala xidmət etməli idi. Lakin iyunun 20-də təqdimatı keçirilən kitabla tanışlıq zamanı tamam başqa ab-havanın şahidi olduq. Əvvəlcə ondan başlayaq ki, kitabın təqdimat mərasiminə xeyli sayda ziyalı təşrif buyurmuşdu. Onlar arasında adi fəlsəfə doktorundan tutmuş akademikə qədər elmi titula sahib ziyalılar var idi. Ancaq diqqəti çəkən məqam ondan ibarət idi ki, həmin ziyalılar heç də kitabın təqdimat mərasimidə səslənəcək fikirləri dinləmək arzusunda deyildilər. Tərslikdən tədbirin yarım saat gec başlaması bu ab-havanı açıq-aydın şəkildə büruzə verirdi. İstər-istəməz belə bir sual yarandı ki, nədən Azərbaycan elminin qaymaqları hesab olunan bu ziyalılar özlərünə hörmət etməyərək tədbiri tərk etmirlər? Elə bu sualla bağlı tədbir iştirakçılarının mövqelərini öyrənmək fikrinə düşdüyüm anda adıçəkilən kitabı zala gətirdilər. Dərhal da tədbir iştirakçılarını xoş sözlərlə qarşılayan xanımlar kitabı paylamağa başladılar. Elə sualımın cavabı da bundan dərhal sonra aydın oldu. Çünki kitabı alan hər bir tədbir iştirakçısı dərhal zalı tərk edirdi. Belə məlum oldu ki, həmin ziyalılar kitabı almaq üçün tədbirə qatılıblar. Onu da öyrənə bildik ki, baş verənlərin qaranlıq məqamı ondan ibarətdir ki, adı kitaba düşən hər bir ziyalı onun ərsəyə gəlməsi üçün öz yardımını əsirgəməyib. Digər bir maraqlı məqam ondan ibarətdir ki, təqdimat zamanı nə kitabın müəllifi "gənc yazar" Elnur Nəbiyev, nə də çıxış edənlər belə bir kitabın hansı zərurətdən ərsəyə gəlməsini əsaslandıra bilmədilər. Əslində E.Nəbiyevin özü də heç bunu eşitmək arzusunda deyildi. Çünki, çıxışlar zamanı öz ampulasında olan, hətta çıxışçıların iradları ilə onları dinləmək məcburiyyətində qalan "gənc yazar" yersiz hərəkətləri və davranışı ilə öz yaradıcılığına qiymət vermiş oldu. Nəticədə elm adamlarının qiymətli çıxışları əvəzinə "gənc müğənnilərin" musiqiləri səsləndirildi. Adətən bu yönümlü kitablarda elm xadimlərinin ictimaiyyətə bəlli olmayan tərəfləri işıqlandırılır. Ziyalının elmi-ictimai fəaliyyəti, həyat və ömür yolu əks etdirilir. Görkəmli şəxsiyyətlərin işıqlı siması, elm aləminə töhvələri sıralanır. Bu kitabda isə təxminən 300-ə yaxın ziyalının qısa həyat və fəaliyəti verilib. Heç bir bədii obraza, elmi cümləyə rast gəlinməyən kitabda ziyalıların nə şəxsi keyfiyyətləri, nə də elmi potensialı açıqlanmayıb. Bəzi ziyalılar barədə cəmi bir necə cümlədən ibarət səhifə ayrılıb ki, orada da onun yalnız primitiv bioqrafiyası verilib. Belə halda istər istəməz düşünürsən ki, gənc bir yazar hansı elmi nailiyyətin, hörmət-izzətin sahibidir ki, bu qədər ziyalını bir araya gətirə bilib? Heç şübhəsiz ki, bu qədər ziyalının bir araya gəlməsinin səbəbi kitabın əvvəlində ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Professor Mir Cəlal Paşayev, Akademik Ramiz Mehdiyev, Akademik Arif Paşayev, Professor Əziz Əliyev, Millət vəkili Mehriban Əliyeva, professor Aida İmanqulıiyeva və digər şəxsiyyətlər barədə məlumatın dərc edilməsidir.
Nurlan