İdris İsayev: “Özünüməşğulluq proqramları əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına şərait yaradacaq”

"Geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir". Bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun iştirakı ilə Azərbaycan İqtisad Universitetində keçirilən konfransda "Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu" mövzusunda çıxışı zamanı bildirib. İ.İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından söz açıb, respublikada iqtisadi inkişaf yönündə həyata keçirilən məqsədyönlü islahatların ildən-ilə güclənən sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir müavini çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın müasirləşdirilməsi, sosial ödənişlərin mütəmadi artırılması yönündə aparılan fəal siyasətdən bəhs edib. O, görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: "Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilirlər. 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard nəfər əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, hazırda dünyada gündəlik gəliri 2 dollardan az olan əhali arasında Azərbaycan əhalisi artıq yoxdur". Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönəldiyini qeyd edən İ.İsayev əslində onun passiv sosial tədbir olduğunu, aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmadığını bildirib: "Ona görə də biz nazirlik olaraq aztəminatlı ailələrlə bağlı aktiv sosial müdafiə tədbirlərinə daha üstünlük veririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00