Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 ili tamam olur
21 İyun 2016 12:06 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 ili tamam olur. "OLAYLAR"-ın məlumatına görə, müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Yarandığı dövrdən bəri Komitənin qarşısında böyük vəzifələr qoyulmuşdur. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, dini qurumlara lazımi yardımın göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün Dövlət Komitəsinin fəaliyyəti ildən-ilə gücləndirilib. Artıq 15 ildir ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün bu diqqət və qayğıdan bəhrələnərək işini günün tələbləri səviyyəsində qurmaqla, ölkəmizdə dini konfessiyalar arası münasibətləri ən yüksək səviyyədə tənzimləməkdədir. Dövlət Komitəsi bu gün nəinki bu sahədəki münasibətləri tənzimləyir, həmçinin, dini icmaların fəaliyyətinin yüksək səviyyədə təşkilinə çalışır. Bu gün Dövlət Komitəsi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da tolerantlıq və humanizm ənənələrinin təbliği üçün müxtəlif konfrans və simpoziumlar təşkil edir. Son dövrlər Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti daha da güclənmiş, milli-mənəvi dəyərlərin təbliği, qeyri-ənənəvi dini cərəyanlara və radikal qruplara qarşı ideoloji səddin yaradılması prioritetə çevrilib.