Azərbaycan və Tacikistan arasında Saziş imzalanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistan Respublikasında səfərdədir.

Səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir.

Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib.

Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə  ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini  vurğulayıb.

Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və  S.Taqoyzoda tərəfindən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00