Millət vəkilindən iftar süfrəsi açan bəzi şəxslərə ismarıc
Elşən Musayev: “Allahı da, bəndəni də aldatmaq eşqinə düşməyin”
20 İyun 2016 15:39 SosialMillət vəkili Elşən Musayev facebook profilində bir-biri ilə bəhsə girib iftar məclisi təşkil edən, həmçinin həmin məclislərə oruc tutmayan şəxsləri dəvət edən imkanlı şəxsləri tənqid edib. "OLAYLAR"-ın xəbərinə görə, Elşən Musayev iftar məclisi açan bu kimi şəxsləri səmimi olmağa çağırıb: "Sırf protokol xarakterli iftar məclislərini anladıq. Rəsmi dəvət gəlir və gedirsən. Yəni dediyim kimi, bu bir protokol qaydasıdı. Mədəniyyət və nəvaziş etiketidir. Qarşılıq vermək, qatılmaq lazımdır. Amma bir də var qeyri-rəsmi iftar. Evdə, ya restoranda. Kimsə öz aləmində savaba batmaq istəyir və oruc tutmayan nə vəzifəli, statuslu, pullu tanışı varsa, hamısını yığır stolun ətrafına". Millət vəkili daha sonra qeyd edib ki, Ramazan başlayandan 6 iftar məclisinə dəvət alıb və heç bir dəvət sahibinə də oruc tutmadığını anlada bilməyib: "Deyirəm ki, gəlib havayı yer tutmayım. Ondansa ehtiyacı olan, kasıb, imkansız və ən əsas da oruclu insanları dəvət edin süfrənizə. Əgər qonaqlıq vermək istəyirsinizsə, bu başqa məsələ. Gələk. Amma lütfən, Allahı da, bəndəni də aldatmaq eşqinə düşməyin. İftar məclisinə iftar açanları çağırın. Və, çox yox, bir az səmimi olun".