Həbsdən çıxanlara qız verilmir... - Günah kimdədir?
20 İyun 2016 14:06 SosialQəbul edək ki, bu gün cəmiyyətdə həbsdən çıxan şəxslərə qarşı neqativ bir fikir var. "Türmədə yatıb deyə ondan uzaq olmaq lazımdır", yaxud da "Elələrinə qız vermək olmaz" fikirləri beyinlərdə artıq kök salıb.
Bu gün həmin şəxsləri cəmiyyətdən təcrid edən də sırf bu düşüncələrdir. Elə bu səbəbdən çox vaxt onlar dörd divarı azadlıqdan üstün tutaraq, cinayət törədib yenidən həbsə düşürlər.
Həbsdən çıxıb deyə insanlara bu cür yanaşmaq doğrudurmu? Cəmiyyətimiz həmin insanlara qarşı niyə bu qədər laqeyd münsibət bəsləyir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı atv.az-ın suallarını cavablandıran sosioloq Əhməd Qəşəmoğludedi ki, bu məsələdə, sadəcə, həbsdən çıxan şəxsin kim olduğuna diqqət yetirmək lazımdır:
"Həbsdən çıxan insanların bəziləri həm psixoloji, həm də mənəvi cəhətdən problemli insanlar olurlar. Onlar türmə şəraitinə düşdükdən sonra da xoşagəlməyən vərdişlərə yiyələnirlər. Amma bunu həbsdən çıxan hər bir kəsə aid etmək olmaz. Bəzi insanlar var ki, türməyə təsadüfi halda düşürlər. Yaxud da, kiminsə atdığı şərin qurbanına çevirilirlər. Sırf həbs olunublar deyə, həmin insanların üstündən birdəfəlik xətt çəkmək doğru deyil. Bu, cəmiyyət üçün başıucalıq deyil. Həmin gənclərə qızı verib, onlara mənəvi, maddi kömək etməklə cəmiyyətə qazandırmaq olar. Düşünürəm ki, bu sahədə bizim müəyyən maarifləndirmə işinə ehtiyacımız var".
Sosioloq bildirdi ki, bu məsələdə birbaşa qız verməyənlər valideynləri də günahlandırmaq doğru deyil:
"Yaxın vaxtlarda belə bir hadisənin şahidi olduq. Türmədən çıxan şəxs ailə həyatı qurduqdan bir həftə sonra həyat yoldaşını qətlə yetirdi. Bu məsələlərə, sadəcə olaraq, diqqəti artırmaq lazımdır. Elə etmək lazımdır ki, həmin şəxslər də ruhdan düşməsin. Cəmiyyətdə türmədən çıxmış insanlara qarşı neqativ münasibətin olması həbsxanada olanların mənəvi olaraq özlərini qorummasına gətirib çıxarır. Nəticə olaraq, onlar yenidən cinayət törədərək həbsxanaya qayıdırlar".
Biz sadə vətəndaşlar olaraq, onları cəmiyyətə qazandırmaq üçün nə etməliyik?
Əhməd Qəşəmoğlu bildirdi ki, burada kompleksli şəkildə iş görmək lazımdır:
"Bunun üçün, ilk növbədə, həbsxanaların özündən işə başlamaq, türmələrdə mənəvi məsələləri xeyli dərəcədə artırmaq lazımdır. Azadlığa çıxan insanlar cəmiyyət üçün təhlükə yaratmasın deyə həbsxanalarda mənəvi-psixoloji amillərə diqqət artırmağa ehtiyac var. Türməni ənənəvi olaraq cəzaçəkmə alətinə çevirməməliyik. Axı onlar bizim öz vətəndaşlarımızdır. Biz milli, müstəqil bir dövlət olaraq, onların layiqi şəkildə həm cəzasını verməli, maarifləndirmə yolu ilə onların cəmiyyətə yüksək mənəvi şəkildə qayıtmasına imkan yaratmalıyıq".