Regionlarda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda konfranslar keçirilib
20 İyun 2016 13:30 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Bizim Nəsil" Gənclərin regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi, Qəbələ və Sabirabad rayonlarında "Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları" mövzusunda konfranslar keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin məqsədi dini mühitdə radikallığa və ekstremizmə meyllərin öyrənilməsi, dəyərləndirilməsi, bu meyllərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, kompleks tədbirlərin effektini daha da artırmaq üçün müvafiq qurumlara təkliflərin verilməsidir. Layihə çərçivəsində keçirilən konfranslar zamanı vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi, dindarların özlərini cəmiyyətdən və dövlətdən kənar hiss etmə kompleksinin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılması vacibliyi vurğulanıb. Konfranslarda məruzələr dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.