Elçin Hüseynbəyli yazır...Əminin metro düşüncələri
20 İyun 2016 13:08 SosialElçin Hüseynbəyli
Əminin metro düşüncələri
Epizod -0
Mən metronu sevirəm. Fiziki mənada dar, düşüncə baxımından geniş məkanda adamın fantaziyaları "fontan" vurur. Ona görə də, zəhlə tökmədən növbəti epizoda keçirəm.
Epizod - 1
Gözəl bir xanım metroya girir. Kişi əlini uzadıb, onu böyrünə çəkir. Təəccübdən qadının gözləri kəlləsinə çıxır:
-Neynirsiz!? -deyə sual verir.
-Sizi yanıma çəkirəm.
-Niyə? Məyər tanışıq?
-Tanışlıq şərti şeydi. Əsas ürəkdi. Hiss elədim ki, sizin əlinizi tutmalı və sonadək buraxmamalıyam.
-Bu nə deməkdi. Bəlkə mən ərdəyəm?
Kişi:
-Mən də evliyəm, -deyir.
-Bəs onda?
-Mən sizin əlinizi son dayanacağa qədər tutmağa söz verirəm.
Epizod - 2
-Bilirsiniz, siz kişilər hamınız qorxaq və ürəksizsiniz. - Bu sözləri nəvazişli, kişiyə möhtac qadın deyir.
Bu dəfə sual növbəsi kişiyə çatır:
-Niyə?
-Çünki ürəyinizdən keçənləri deməyə utanırsınız. Mən sizin yerinizə olsaydım, xoşuma gələn qadını hamının yanındaca qucaqlayıb öpərdim. Statusundan və mənşəyindən asılı olmayaraq qadının xoşuna gələcək. Vuracağı sillə isə sizi ağrıtmamalıdır. Çünki onu çox istədiyindən vurur.
-Hmmm...
Epizod - 3
Qadın metrodan düşür. Kişi də onun arxasınca.
-Sizi heç yana buraxan deyiləm, -kişi deyir.
-Niyə?
-Çünki bura son dayanacaq deyil...
Epizod - 4
Cavan və yaraşıqlı bir xanım kişini başının üstündə görəndə ayağa qalxır və deyir:
-Buyurun əyləşin, əmican.
Burda kişinin xəyalları qırılır...
Əmi eee...
Iyun 2016
Metro.