«Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər»

Sosial-iqtisadi inkişafın başlıca məqsədi vətəndaşlara xidmət etməkdir. Ona görə də Ümummilli Liderimiz Heydər Əliyev vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini sosial-iqtisadi inkişafın başlıca məqsədi kimi müəyyənləşdirmişdi. Hətta Prezident İlham Əliyev çıxışlarından birində bildirib ki, Azərbaycan sosial dövlətdir və buna görə də sosial siyasət həmişə prioritet olub və olacaq: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar".

Hər bir regionun sosial-iqtisadi inkişafı isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yerli sakinlərin rifahının yüksəldilməsi, insanların layiqli həyat səviyyəsinin təmin edilməsi dərəcəsi ilə ölçülür. Bu baxımdan Gəncə şəhərinin sosial-iqtisadi inkişafı təqdirəlayiqdir. Bunu statistik rəqəmlər də subut edir. 2015-ci ildə Gəncə şəhərinin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlara nail olunması üçün əməli işlər görülüb və təşkilati tədbirlər həyata keçirib. Nəticədə Ümumdaxili Məhsul istehsalı 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsində istehsal olunmaqla 2014-cü illə müqayisədə 5,5 faiz artıb. İstehsal olunan məhsulun 63,7 faizi respublika daxilində, 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. İqtisadiyyatda dinamik inkişaf şəhərin sosial-iqtisadi həyatını xeyli canlandırıb.

Uğurlu iqtisadi inkişaf sosial problemlərin həllini sürətləndirib

Gəncə iqtisadiyyatının ilbəil yüksələn templə inkişafı uzun illərdən bəri yığılıb qalmış problemlərin kompleks şəklində həllini sürətləndirməkdədir. Xüsusilə də Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin sosial qayğılarının həllinin diqqət mərkəzində saxlanılması, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin ilbəil yüksəldilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi  təqdirəlayiqdir. Belə ki, illər əvvəl Gəncə əhalisi elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də kanalizasiya ilə bağlı ciddi problemlərlə üzləşirdilər. Ancaq Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan üzübəri onun rəhbərliyi ilə son illərdə görülən işlər nəticəsində sadaladığımız problemlər öz həllini tapmaqdadır. Məsələn, yerli əhalini 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün Gəncə şəhəri ərazisində  kifayət qədər yarımstansiyalar, trasformator məntəqələri quraşdırılıb, müxtəlif gərginlikli yeni hava və kabel elektrik xətləri çəkilib, şəhər daxilində ümumi uzunluğu 360 kilometrdən çox olan yüksək gərginlikli hava elektrik xətləri yeraltı kabellə əvəz olunub, yeni elektrik dirəkləri qoyulub və sair. Bütün bunlar gəncəlilərin işıq probleminin çözülməsində əhəmiyyətli rol oynayıb.

Gəncədə qazlaşdırılma prosesi də yüksək səviyyədə həyata keçirilir. Belə ki, şəhər üzrə ayrı-ayrı küçələrdə və prospektlərdə orta və aşağı təzyiqli qaz dəmir boru kəmərləri polietilen kəmərləri ilə əvəz edilib, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, qaztənzimləyici şkaflar, siyirtmələr, abonentlərin sayına uyğun sayğaclar və fərdi tənzimləyicilər quraşdırılıb. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Gəncə şəhərinin bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin olunub. Hazırda ətraf ərazilərin qazlaşdırılması prosesi davam etdirilir. Qeyd edək ki, elektrik enerjisi və təbii qazla bağlı layihələr 2017-ci ilin sonunadək başa çatacaq və bununla da yerli əhalinin işıq və qazla bağlı tam təchizatı mümkünləşəcək.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya məsələsi də uzun illər böyük problem olaraq qalsa da, sözügedən problemlərin həlli istiqamətində də müəyyən addımlar atılır, şəhərin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 kilometr paylayıcı su xəttinin 87 kilometrlik, 813 kilometr kanalizasiya şəbəkəsinin isə 74 kilometrlik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın smart sayğac quraşdırılıb. Gəncənin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin, eləcə də kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur.  Yaxın vaxtlarda 15 kilometr magistral, 136 kilometr şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. 108 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 44 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Bir sözlə, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Əvvəllər yerli əhalini narahat edən problemlər arasında küçələrin və şəhərdaxili yolların darısqallığı və kələ-kötürlü olması da var idi. Ancaq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidən qurulması prosesləri həyata keçirilib. Nəqliyyatın intensiv hərəkəti üçün küçələrin əksəriyyəti genişləndirilib, bəzi yerlərdə hətta 20-24 metrə çatdırılıb. Küçələr və şəhərdaxili yollar asfaltlanıb, səkilər səliqəyə salınaraq yaşıllıqlarla, gül-çiçək kolları ilə bəzədilib.

Gəncədə yeni  müəssisələr yaradılacaq

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insanların maddi-rifah halının yüksəldilməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə də son illərdə Gəncənin iqtisadiyyatında sənayenin inkişafı baxımından əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və yenidən qurulması sahəsində mühüm işlər görülüb. Gəncədə qeyri-neft sənayesinin əsas həlqələrini formalaşdıran maşınqayırma və avadanlıq istehsalı istiqamətində də ciddi nailiyyətlər əldə edilib. Belə ki, Gəncədə traktor istehsalı ölkədə müvafiq nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Gəncə elektron avadanlıqları zavodunun qurulması da şəhərin iqtisadiyyatında mühüm rol oynayır. Həm sadaladıqlarımız, həm də fəaliyyəti dayanmış müəssisələrin işini bərpa etmək məqsədilə güzəştli kreditlərin verilməsi, ölkə səviyyəli sənaye obyektlərinin işə salınması Gəncə şəhərinin iqtisadiyyatını yüksəltməklə yanaşı, insanların gəlirlərinin artmasına da gətirib çıxarıb.

Xatırladaq ki, bu ilin fevralın 1-də Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən maliyyə naziri Samir Şərifov çıxışında  bildirib ki, son illər Gəncədə böyük quruculuq işləri aparılıb, sosial infrastruktur yaxşılaşdırılıb, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, tarixi abidələrin bərpası istiqamətində xeyli iş görülüb, sənaye potensialı gücləndirilib. Azərbaycanın qüdrətli inkişafını bu gün Gəncənin timsalında da aydın görmək olar. Nazir vurğulayıb ki, Gəncədə əhalinin rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir: "İqtisadi inkişaf sahəsində böyük uğurlara nail olunub. Görülən böyük işlər və nailiyyətlər insanların rifahının yüksəlməsi ilə yanaşı sahibkarlığın səmərəli fəaliyyət göstərməsi üçün də geniş imkanlar yaradıb. Gəncədə sağlam biznes mühitinin daha əlverişli olması üçün real şərait var. Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir. Biz sözügedən vəzifələrin icrası üçün bütün potensial imkanlardan istifadə edəcəyik".

Gəncənin zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından mak­simum faydalanmağa imkan verir. Gəncədə xammal bazasının mövcud olması yeni sənaye müəs­sisələrinin, texnoparkların yaradılması üçün yetərlidir. Bu səbəbdən də Gəncə şəhərində müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Adıçəkilən şəhərdə yaradılacaq yeni sənaye müəssisəsinin əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, Gəncə iqtisadiyyatının inkişafında xüsusi rol oynayacaq. Başqa sözlə, böyük sənaye komplekslərinin, texnoparklarin yaradılması və ixrac yönümlü sənaye məhsullarının istehsalı Gəncə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcək. Eyni zamanda, yeni müəssisələrin yaradılması xeyli sayda yeni iş yerlərinin açılması ilə də nəticələnəcək.

Gəncədə 40-a yaxın sosial bina tikiləcək

Prezident İlham Əliyev çıxışlarından birində bildirib ki, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: "Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaq. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaq".

Dövlət başçısının tapşırığına əsasən, Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq. Daxilində hər bir şəraiti olacaq mənzillər sakinlərə, yeni ailə quran gənclərə ən münasib qiymətlərlə, güzəştli şərtlərlə, 25 illik ipoteka krediti ilə veriləcək. Sosial mənzilləri yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tikəcək.

Bütün bunlar da Gəncənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

Nahid Canbaxışlı

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00