Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun Azərbaycan modeli
Bu model artıq dünyada bir nümunə rolunu oynayır
20 İyun 2016 13:00 SosialVətəndaş cəmiyyətinin inkişaf etdirilməsi günümüzdə əksər ölkələrdə əsas prioritet təşkil edən məsələlərdəndir. Xüsusilə Azərbaycan kimi demokratik cəmiyyətlərdə bu amilə ciddi diqqət yetirilir və onun daha da inkişaf etdirilməsi istiqamətində davamlı və məqsədyönlü iş aparılır.
Vətəndaş cəmiyyəti institutlarının inkişaf dövrü
Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması hələ 1980-ci illərin sonlarına təsadüf edir. Belə ki, uzun illər imperiyanın əsarəti altında olan insanlar keçmiş SSRİ-nin dağılma prosesinə doğru getdiyi bir ərəfədə gizli yollarla bu kimi fəaliyyətlərə qoşulur, müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətləri yaradırdılar. Ermənilərin Azərbaycan ərazilərinə təcavüzünün ilk illərində yaradılan bu kimi təşkilatların ilk öncülləri 1989-cu ilin avqustinda təsis edilən "Qarabağa Xalq Yardımı Komitəsi" oldu. Həmin ilin dekabrında isə Azərbaycan Qaçqınlar Cəmiyyəti adlı təşkilat yaradıldı. Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi və məcburi köçkünlər üçün maliyyə dəstəyini təmin edirdi.
1991-ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişaf dövrü başladı. Ancaq etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu proses heç də arzuedilən səviyyədə getmirdi və bir sıra hallarda vətəndaş cəmiyyətinin inkişafına problemlər yaradılırdı. Sovetlərdən qalan təfəkkür bəzi məmurlarda o qənaəti formalaşdırmışdı ki, qeyri-hökumət təşkilatı dövləti tanımır və bu səbəbdən QHT-lərə maksimum dərəcədə maneçilik törətmək lazımdır. Xüsusilə, bu yanaşmaya yerlərdə daha çox rast gəlinirdi. Əksər yerli məmurlar QHT-nin müxalifət olduğunu, hakimiyyətin əleyhinə iş apardığını düşünürdü. Lakin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bu istiqamətdə
olan mənfi tendensiyanı aradan qaldırmağa müvəffəq oldu. Tədricən bu sektora olan mənfi münasibət müsbətə doğru dəyişməyə başladı. Ölkənin birinci şəxsinin vətəndaş cəmiyyətinin inkişafına yönələn addımları, çıxışları nəticə etibarilə cəmiyyətin, məmurların bu sektora olan münasibətini dəyişdi, onlar da öz növbəsində QHT-lərdən qaçmamağa, ona etimad göstərməyə başladılar.
Azərbaycanda vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının inkişafına xidmət edən ilk addım 1995-ci ildə qəbul edilmiş ölkə konstitusiyası oldu. Bununla da ölkənin Ana Qanununda Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatının verildiyi əksini tapırdı. Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsində qeyd olunurdu ki, hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verilir. Bu öz-özlüyündə ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının, üçüncü sektorun inkişafını şərtləndirən vacib məqamın göstəricisi idi. 1997-ci ildə BMT İnkişaf Proqramı (BMTİP) və Azərbaycan hökuməti arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında sazişin imzalanması və layihənin icrası üçün 1998-ci ildə QHT-lərin Resurs və Təlim Mərkəzinin yaradılması bu sektorun sonrakı inkişafında ciddi faktora çevrildi. Yeni yaradılan mərkəzin qarşısında duran əsas vəzifələrdən biri də ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri birgə fəaliyyətə cəlb etmək, onlar arasında iş birliyini təmin etməkdən ibarət idi. Beynəlxalq təcrübəyə əsaslanaraq QHT-lərin əlaqələndirmə qurumunun yaradılması bu sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən müsbət qarşılandı və beləliklə 1999-cu il iyunun 11-də 95 təşkilat tərəfindən Bakıda Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) təsis edildi. 1998-ci ildə qəbul edilmiş "Qrant haqqında" qanun isə qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini tənzimləmək baxımından müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan qanunvericiliyinə ilk dəfə QHT termini isə 2000-ci ildə "Qeyri-hökumət təşkilatları" (Ictimai Birliklər və fondlar) haqqında yeni qaunun qəbul edilməsi ilə gətirildi. Cəmiyyətə təsir imkanı baxımından ən üstün vasitələrə malik vətəndaş cəmiyyəti institutlarından birinin də məhz kütləvi informasiya vasitəsi olduğunu gözəl bilən ümummilli lider Heydər Əliyev 1998-ci ilin 8 avqust tarixində "Qlavlit"i - Senzura idarəsini ləğv etməklə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində daha bir mühüm qərar qəbul etmiş oldu.
Vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələ
Ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi öz-özlüyündə hüquqi dövlət quruculuğu prosesini də sürətləndirirdi. 1995-ci il, noyabr ayının 12-də keçirilmiş referendumun nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Kosntitusiyası ölkədə insan, vətəndaş hüquq və azadlıqlarına lazımı təminat yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edirdi. Eləcə də 1998-ci ilin fevral ayında Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ölkəmizin hüquqi dövlət quruculuğuna, insan hüquq və azadlıqlarına verdiyi dəyərin bariz nümunəsi idi. Bu qanunun qəbulu ölkəmizin hüquq sisteminin sivil normalara uyğunlaşdırılması baxımdan nə qədər mühüm hadisə idisə, bir o qədər də insan hüquq və azadlıqlarının qorunması yönündə vacib humanist akt kimi dəyərləndirilirdi. Sonrakı illərdə də Heydər Əliyevin rəhbərliyi altında ölkədə bir sıra sahələri əhatə edən qanunlar hazırlandı və Azərbaycanın müvafiq beynəlxalq təşkilatlara üzvlüyünü təmin edən hüquqi baza formalaşdırıldı. Bu sırada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında", "KİV haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və s. kimi qanunların qəbul edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində maraqlı olduğunu ortaya qoyurdu.
Günümüzdə də ölkədə vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğu prosesinin möhkəmləndirilməsi istiqamətində davamlı iş aparılır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu siyasətə sadiq qalaraq müntəzəm olaraq qeyd edilən istiqamətlərdə davamlı inkişafa nail olmaq məqsədilə məqsədyönlü addımlar atır, fərman və sərəncamlar imzalayır. Bu mənada 2003-cü ilin dekabr ayında qəbul edilmiş "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" qanun da xüsusi əhəmiyyət kəsb edirdi. Belə bir qanunun qəbul edilməsi QHT hərəkatında yeni bir canlanmaya və onların qeydiyyatının asanlaşdırılmasına səbəb oldu. Elə bunun göstəricisi idi ki, cəmi bir il sonra, yəni 2004-cü ildə Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılması prosesində rekord göstərici qeydə alındı. Sözügedən qanunun qəbulundan keçən bir il ərzində ölkədə 934 qeyri-hökumət təşkilatı təsis edildi. Sonrakı illər ərzində də ölkə prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin daha da inkişafı üçün zəmin yaratdı. 2007-ci il, iyul ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam ilə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi də bu qəbildən olan addımlardan idi. 2008-ci ildə isə konsepsiya əsasında Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması QHT-lərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu.
QHT sektorunda Azərbaycan nümunəsi
Şuranın simasında Azərbaycanda çevik, cəmiyyətə açıq milli donorun yaradılması, ona ayrılan vəsaitin hər il artırılması cənab prezident İlham Əliyevin vətandaş cəmiyyətinin inkişafına nə dərəcədə böyük önəm verməsinin bariz göstəricisi idi. Əgər Şura 5 illik fəaliyyəti dövründə 1800-dən artıq QHT layihəsini maliyyələşdirirdisə, bu gün qurumun maliyyə dəstəyini görən QHT-lərin sayı qat-qat çoxdur. Təkcə cari ilin birinci qrant müsabiqəsində 277 qeyri-hökumət təşkilatı Şuranın elan etdiyi müsabiqədə qalib olub. Həmçinin Şuraya dövlət tərəfindən ayrılan vəsait də ildən-ilə artırılır ki, bu da daha çox qeyri-hökumət təşkilatının layihəsinin maliyyələşməsinə, ümumilikdə isə ölkədə vətəndaş cəmiyyətinin inkişafına təkan verir. Paralel olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına xidmət edib. Bütün bu proseslərlə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyulub. Artıq Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Şurasının timsalında təkcə yerli QHT-lərə deyil, eyni zamanda xarici QHT-lərə də qrant verməyə başlayıb. Bu da belə bir mənzərəni ortaya qoyur ki, bir vaxtlar qrant alan Azərbaycan özü indi artıq qrant verən ölkəyə çevrilib və artıq dünyada yeni normalar sistemi - Azərbaycan standartları formalaşır, QHT sektorunda Azərbaycan nümunəsi dünyaya təqdim olunur. Qarşıdakı zaman kəsiyində də Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin inkişaf etdirilməsi gündəmdə olacaq və bu proses ölkədə davamlı xarakter alacaq. Hər halda aparılan siyasət, eləcə də qəbul edilən dövlət proqramları, qanunlar, imzalanan fərman və sərəncamlar belə deməyə əsas verir. Elə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bunu aydın görmək mümkündür. Konsepsiyanın doqquzuncu fəsli məhz vətəndaş cəmiyyətinin inkişafına həsr edilib ki, bu da gələcəkdə də QHT sektorunun daha geniş miqyasda inkişafına təkan verəcək.
Göründüyü kimi, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi məqsədyönlü şəkildə həyata keçirilir və artıq öz səmərəli nəticələrini verir. Biz də ölkə vətəndaşları olaraq hər ötən gün bu uğurların, nailiyyətlərin şahidi oluruq.
Süleyman İsmayılbəyli
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"