İnsanı xəstəliklərdən qoruyan bitki
Limon şirəsi bağırsaq qripinin düşmənidir
4 May 2016 13:18 SosialAlimlər müəyyən ediblər ki, limonun tərkibində olan faydalı maddələr bir sıra xəstəliklərin dərmanıdır. Məsələn, limon şirəsinin tərkibində olan sitratlar mədə-bağırsaq qripinə səbəb olan norovirusla mübarizə apara bilir. Tədqiqat müəllifləri bildiriblər ki, kəşf təsadüfən edildiyindən sitratların noroviruslara təsir mexanizmi daha ətraflı öyrənilməlidir. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, bir neçə damcı limon şirəsi insanı virusa yoluxmağa qoymayacaq. Limonun ən əhəmiyyətli 6 faydasını bilməyən az saydainsan tapılar. Hamıya bəllidir ki, limon arıqlamağa kömək edir. Limonun tərkibindəki "pektin" adlı liflər insanın uzun müddət tox qalmasına səbəb olur. Pektin həddən artıq yeməyə mane olduğundan qısa müddətdə ideal çəkiyə qovuşmağa kömək edir. Limon həm də detoks effekti verir. Bədəni bütün toksinlərdən təmizləyir. Limon eyni zamanda kalium anbarıdır. Limon kaliumla zəngin meyvədir. Kalium insan sağlamlığı üçün ən vacib minerallardan biridir. Belə ki, kaliumun ürək sağlamlığını qoruduğu, sinir sisteminə yaxşı təsir etdiyi, yuxu problemlərini aradan qaldırdığı aparılan tədqiqatlar nəticəsində sübuta yetirilib. O,həmçinin xərçəngin qarşısını alır. Limon antioksidant və C vitamini ilə zəngin olduğu üçün xərçəng xəstəliyinə tutulma riskini azaldır. Onun
immunitet sistemini gücləndirməsi də hamıyya bəllidir. Bu meyvə minerallarla və vitaminlərlə zəngin olduğu üçün immunitet sistemini gücləndirməyə qadirdir. Ona görə də, limon soyuqdəymənin və qripin düşməni hesab edilir. Limondakı C vitamini bədənə enerji verir. Limon C vitamini ilə zəngin olduğu üçün stressin təsirlərini azaldıb, insanı gümrahlaşdırır. Limon həm də, depressiyaya düşmə riskini azaldır. Limon boğaz ağrısını kəsən ən güclü vasitə hesab edilir. Elə isə, nədən bu növ məhsulun Azərbaycan brendinə çevrilməsi üçün lazımi addımlar atılmır? Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, limonun botaniki adı Citrus limon (L.)Burm.-dır. 3-5 m hündürlüyündə kol tipli ağac bitkisi olub, yalnız mədəni halda rast olunur. Güman olunur ki, limon sitronun mutasiya dəyişkənliyindən yaranmışdır. Yarpaqları uzunsov-yumurtavari, açıq-yaşıl rəngli olub, zoğ üzərində tək-tək yerləşir. Yarpaq saplağı gödəkdir. Əksər sortları tikanlıdır. Çiçəkləri iri, ağ rəngli, tək-tək və qruplarla yerləşir. Erkəkcikləri 20-30 ədəd olub dəstə halındadır. Çiçəkləri üçüncü-dördüncü budaqlanmadan sonra əmələ gəlir. Meyvələri sortlardan asılı olaraq 30-40 q-dan 500-600 q-a qədər olur. Adətən oval və ya yumurtavari formalı olub əksər sortlarda meyvələrin ucu əmziklidir. Limon uzunömürlü (100 il və daha çox) bitkidir. Vegetativ artırılmış bitkilər 2-4 yaşından məhsula düşür. Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, C vitaminləri, fitosidlər və s. limonun qabığı və yarpaqlannda efir yağları mövcuddur. Limon meyvələri yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətə malikdir. Limon meyvələri tibbdə çox qədimdən istifadə edilmişdir. Meyvələrdən sınqa, nəfəs yollarının xəstəliyi, mədə-bağırsaq xəstəlikləri zamanı, podaqra, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir. Meyvələrin qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif menningit, tif, qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotik kimi istifadə edilir. Limon meyvəsi və şirəsi, susuzluğu aradan götürən xüsusiyyətə malik olduğundan ondan hazırlanmış spirtsiz içkilər, limonad və ya sitro (limonun fransızca adı Citrond-dur) adlanır. Dünyada limon istehsalının 18,9%-i Hindistanın (2.629.000 ton) payına düşür. Meksika (1.891.000 ton), Argentina (1.113.000 ton), Çin (1.058.000 ton) limon istehsal edən ölkələr sırasındadır. Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası limon istehsalının 98%-ni təşkil edir. Limonun 200-ə yaxın sortu vardır ki, bunlardan ölkəmizdə daha geniş yayılanları Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik sortlarıdır. Limon bitkisi temperatura çox həssasdır. Cavan zoğları mənfi -4 ...-6°, budaqları -6 ...-7°, gövdəsi isə -8...-9 °C-də məhv olur. İşığa tələbkar bitkidir. Lakin düzünə düşən işıqdan əziyyət çəkir. Ona görə də limon üçün əks olunan işıqlı, yarım kölgəli sahələr daha əlverişlidir. Normal inkişaf üçün rütubətə yüksək tələbkardır. Xüsusən çiçəkləmə və meyvəbağlama fazasında rütubətlə təmin olunmalıdır. Yaxşı su və hava keçirmə qabiliyyətinə malik, qumsal tipli gillicəli münbit torpaqlarda normal boya və məhsuldarlığa malik olur. Limon toxumla və vegetativ üsullarla çoxaldılır. Toxumla çoxaltma yalnız calaqaltı yetişdirmək və seleksiya məqsədilə istifadə edilir. Əsasən calaq, basma və çiliklə artırılır. Örtülü şəraitdə becərmək üçün ən yaxşı çoxaltma üsuludur. Limonun çiliklə çoxaldılması, optimal şərait yaradıldıqda, fevraldan başlayaraq sentyabra qədər aparıla bilər. Ancaq çiliklə çoxaldılmanın ən yaxşı müddəti fevral-mart aylarıdır. Limon müxtəlif basma üsulları ilə şaquli, üfiqi, qövsi, havada və s. üsullarla artırıla bilər. Otaq şəraitində (dibçək üsulu ilə becərmə) limonu ən çox havada basma üsulu ilə çoxaldırlar. Bunun üçün aprel-may aylarında diametri 1-3 sm olan budaqların buğum arasında, yuxarı buğuma yaxın, diametri 0,5-0,6 sm olan nazik həlqə (yalnız qabıq) kəsilib çıxarılır. İki hissədən ibarət olan xüsusi dibçək bu kəsim ortaya düşmək şərtilə budağa birləşdirilib sarınır. Qabın içərisinə çürüntülü torpaq tökülür və suvarılır.. Limon istehsalat şəraitində calaqla artırılır. Calaqaltı kimi ən çox Cır limon (P.trifoliata) istifadə edilir. Örtülü sahədə limonu biqaradiyəyə, raflimona və meyer limonuna da calamaq olar.
Limon sortlardan, calaqaltının tingindən, becərilmə texnoligiyasından asılı olaraq müxtəlif qida sahələri ilə əkilir. Sərbəst çətir forması verilmiş, nisbətən güclü boya malik olan sortlar üçün 4x3 m, orta boylu sortlar üçün 2x1,5 m qida sahələri verilir. Dağ yamaclarında sərilən formalar üçün 3x3 m qida sahəsi məsləhət görülür. Yeni limon bağının salınması üçün 3x4 m sxemi üzrə 9000 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97% təşkil edir.
Nurlan