Asan İmza Londonda təqdim ediləcək

Cari ilin 10-12 may tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində nüfuzlu beynəlxalq "SDW 2016" konfrans və sərgisi keçiriləcək. Məlumata görə, bu il 10-cu yubileyini qeyd edəcək tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir. Konfransa qatılacaq iştirakçıların coğrafiyası olduqca genişdir: tədbirdə ümumilikdə 76 ölkədən 1500-dək nümayəndənin iştirak edəcəyi gözlənilir. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq. Konfransda məruzə ilə "B.EST Solutions" şirkətinin təsisçisi və rəhbəri xanım Yana Krimpe de çıxış edəcək. Xanım Krimpe öz çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan "Asan İmza" barədə ətraflı məlumat təqdim ediləcək.
Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan "Asan İmza" texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə "Made in Azerbaijan" şüarı altında təmsil edilir. "B.EST Solutions" şirkəti - "Asan İmza" mobil imza xidmətinin yaradıcısı və operatorudur. "Asan İmza" istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00