Regionlarda “ağ ölüm”ə qarşı necə mübarizə aparılır?

Ölkədə, xüsusən də regionlarda narkotik maddələrə aludə olanların sayında arım müşahidə olunur. Baxmayaraq ki, Azərbaycanda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edilb, ancaq hələ də bu bəlanın kökünü ksmək mümkün olmayıb. Belə ki, cari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 860 fakt aşkar edilmişdir ki, onlardan 226-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 613-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 7-si isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 832 kq 141,596 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur. Maraqlıdır, bəs regionlarda narkomanlığa qarşı mübarizə hansı səviyyədə aparılır? Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyadan bildirilib ki, sözügedən Proqramın icrası ilə bağlı respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Sumqayıt şəhərində də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya və aidiyyətı təşkilatların iştirakı ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Cari ilin əvvəlində narkotik vasitələrin yayılması və narkomaniya ilə mübarizə istiqamətində aparılan işlərin vəziyyəti haqqında müvafiq idarə, müəssisə və təşkilatların hesabatları alınaraq təhlil edilmiş, gələcəkdə görüləcək işlər üçün prioritet istiqamətlər müəyyən edilmiş və Dövlət Proqramının icra edilməsindən irəli gələn vəzifələri müəyyən etmək məqsədilə şəhərin müxtəlif idarə və təşkilatları da cəlb olunmaqla Komissiyanın 2016-cı il üçün Tədbirlər Planı təsdiq edilmişdir. Şəhər ərazisində narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmış, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilmiş, aşkar olunmuş faktların sayı, götürülmüş narkotik vasitələrin növü və miqdarı, məsuliyyətə cəlb olunmuş şəxslər barədə məlumatların qeydiyyatı aparılmışdır. Narkomaniyanın yayılma riski yüksək olan yerlərdə mütəmadi olaraq reydlər keçirilmişdir. Aparılmış təhlillər zamanı əvvəlki il ilə müqayisədə hesabat ilində narkotiklərlə bağlı aşkar edilmiş cinayət faktlarının sayının 41 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı isə 17,396 qram çox olduğu müəyyən edilmişdir. Belə ki, hesabat ili ərzində narkotik vasitələrin satılması, saxlanılması, tiryəkxanaların təşkil edilməsi və zəhərli maddələrin saxlanılması ilə əlaqədar şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşları tərəfindən 126 cinayət faktı müəyyən edilmişdir ki, onlardan 14-ü narkotiklərin qanunsuz satışı ilə bağlı olmuşdur. Nəticədə ümumi çəkidə 210057,958 qram qeyri-qanuni yolla əldə edilən narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3467,478 qramı güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, bunların da 1158,795 qramını heroin, 2290,61 qramını tiryək və 18,07 qramını həşiş təşkil edir. Sumqayıt şəhərində rayonlararası Narkoloji Dispanser fəaliyyət göstərir. Dispanserdə olan "Məxfi müalicə otağı" əhaliyə anonim tibbi xidmət göstərilməsini təmin edilir ki,bu da xəstələrin müalicəyə cəlb olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, şəhərimizdə böyük sənaye müəssisələrində yerləşən narkoloji məntəqələr həmin müəssisələrin işçilərinə tibbi xidmət edir. Eyni zamanda hesabat ilində dispanserlə QİÇS-lə Mübarizə Mərkəzi arasında yaradılmış əməkdaşlıq nəticəsində 500-dən çox şəxsin könüllülük əsasında müayinəsi həyata keçirilmişdir. Dispanserin narkoloqları tərəfindən narkomaniya və toksikomaniya ilə mübarizə məqsədilə müxtəlif təşkilatlarda, tədris müəssisələrində mühazirələr oxunmuş, yerli televiziya kanalında narkomaniya əleyhinə vaxtaşırı təbliğat aparılmış və çıxışlar edilmişdir. Narkomaniya ilə mübarizə istiqamətində işin aktuallığını və gənc nəslin bu prosesə həssaslığı nəzərə alınaraq, "Gənclər narkomaniya əleyhinədir" devizi altında şəhərin bütün ümumtəhsil məktəblərində Gənclər və idman baş idarəsinin, Təhsil şöbəsinin, Rayonlararası Narkoloji Dispanserin, Ağsaqqallar Şurasının, şəhər Polis İdarəsi əməkdaşlarının iştirakı ilə şagirdlər və valideynlər arasında narkomaniyanın fəsadları, müalicəsi və profilaktikası haqqında məlumat və maarifləndirmə xarakterli silsilə xarakterli görüşlər keçirilmişdir. Görüşlər zamanı narkomanlığa düçar olmuş şəxslərin faciəli taleyindən bəhs edən "Narkomaniya əsrin bəlasıdır" adlı videoçarx nümayiş etdirilmişdir. Ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində təbliğat və maarifləndirmə işinin aparılması məqsədilə antinarkomaniya xarakterli seminarların keçirilməsi, narkomanlıqla bağlı "Ağ ölüm", "Əsrin xərçəngi", "Olum ya ölüm-özün seç" və s. mövzularda rəsm müsabiqələrinin, inşa yazıl müsabiqələrinin, "Zərərli vərdişlərə yox deyək", "Narkotiksiz gənclik" devizi altında idman yarışlarının təşkili və keçirilməsi təmin edilmişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Gəncə Şəhər Komissiyasından verilən məlumata görə, Azərbaycanın qərb zonasına narkoloji xidmət göstərən Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserində 2015-ci il ərzində birinci olaraq narkomaniya diaqnozu ilə 23 nəfər dispanser qeydiyyatına götürülmüş, 2 nəfər isə dispanser qeydiyyatından çıxarılmışdır. 2015-ci il ərzində dispanserin stasionar şöbəsinə 165 nəfər xəstə daxil olmuşdur. Daxil olanlardan 80 nəfəri kənd əhalisi olmuşdur. Cari il ərzində məcburi tibbi müayinədən 532 nəfər keçmişdir. Bunlardan 412 nəfəri narkotik vasitə olan çətənə preparatlarından istifadə etdiyi üçün, 18 nəfəri narkotik vasitə olan tiryək qəbul etdiyi üçün, 65 nəfəri narkotik vasitə olan heroin preparatlarından istifadə etdiyi üçün, 47 nəfəri isə narkotik vasitə qəbul etməyənlər tibbi müayinədən keçmişdir. Gəncə Şəhər Baş Polis İdarəsi (BPİ) 2015-ci il ərzində şəhər ərazisində narkotiklərlə bağlı 55 cinayət faktını aşkar etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri üzrə cinayətkarlardan 32 kq 694 qr marixuana, 26,518 qr heroin, 310,317 qr tiryək, 207 qr həşiş qətranı olan narkotik vasitə aşkar edilib götürulmüşdür. 2015-ci il ərzində əksər ali və orta məktəblərdə Gəncə şəhər BPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları, DİN-in QBRŞ-nin əməkdaşları ilə birlikdə "Narkomaniya-QİÇS", "Narkomaniya-Hepatit C" mövzuları haqqında profilaktiki çıxışlar edilmiş, bundan başqa Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə yerli televiziya kanallarında narkomaniyanın zərərləri barədə çıxışlar olmuşdur. Ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə hər gün daha da gücləndirilir. Bu işdə dövlətlə yanaşı, ictimai sektorun da fəallığı nəticəsində cəmiyyətin bəlası olan "ağ ölüm"lə mübarizədə ciddi nəticələr əldə edilməsi davam etdiriləcək.

Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00