Erkən nikaha məcburetmə insan alveri sayıla bilər

Elmira Axundova: “Bu halda valideynlər yeniyetmə qızların arzu və istəklərinin ziddinə çıxırlar”

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinartorun parlamentə təqdim etdiyi illik hesabatında məlum olub ki, ölkədə insan alveri və məcburi əməyə cəlbetmə hallarında artım baş verib. Belə ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup (+4) və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib. Həyata keçirilmiş profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib. 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-i müvəqqəti sığınacağa yerləşdirilib. Lakin ekspertlər hesab edirlər ki, insan alveri cinayətlərinin heç də hamısı hesabatda əksini tapmayıb.

Millət vəkili, Milli Məclisin Elmira Axundova hesab edir ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınmalıdır. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatından görünür ki, insan alveri ilə mübarizə sahəsində həqiqətən də ciddi işlər görülür. İnsan alveri ilə bağlı həm maarifləndirmə tədbirləri, həm qabaqlayıcı tədbirlər, həm cəza tədbirləri daima həyata keçirilir. Bütün bunlar tərifə və təqdirə layiqdir. Bu ciddi mübarizəyə görə hesab edirəm ki, ölkəmizdə insan alveri məsələsi acınacaqlı halda deyil. Ancaq hələ də bu istiqamətdə görüləsi işlr kifayət qədərdir: "Milli Koordinatorun keçənilki hesabatında mən iri şəhərlərin küçələrində uşaq dilənçiliyinin geniş vüsət alması ilə bağlı müraciət etmişdim. Məmnuniyyətlə qeyd etməliyəm ki, həmin vaxtdan bu yana Daxili İşlər Nazirliyi bu xoşagəlməz hallara qarşı ciddi mübarizə apardı. Müsbət hal odur ki, bu mübarizə bir günlük və ya bir aylıq olmadı, yəni kampaniya xarakteri daşımadı. Bu tədbirlər müntəzəm xarakter aldı, nəticədə Bakının küçələri az qala maşın altına özünü atan azyaşlı dilənçilərdən təmizləndi. Amma Bakı ilə yanaşı regionları da unutmaq olmaz. Bildiyim qədər Sumqayıtda başqa bir dilənçilik növü yaranıb, belə ki, bir qrup azyaşlı və cavan oğlanlar əlil kimi gəzərək mərkəzi küçələrdə, Sumqayıtın lap giriş hissəsində dördyolda dilənirlər. Ən dəhşətlisi isə odur ki, onlar əlil yox, sadəcə fırıldaqçıdırlar. Bununla da həqiqətən əlil olan vətəndaşlarımızın imicinə xələl gətirirlər. Unutmayaq ki, dövlət əlil vətəndaşlarımıza kifayət qədər qayğı göstərir, onlara pensiya ayırır. Amma mənim iradım Sumqayıt və digər yerlərdə özünü əlil kimi göstərərək insanların duyğularından istifadə etməklə pul yığan şəxslərlə bağlıdır". Millət vəkilinin fikrincə, digər mühüm məsələ ondan ibarətdir ki, son onillikdə insan alverinin çox əcaib və eybəcər formaları da peyda olub. İlk növbədə bu, müxtəlif səbəbdən narazı olan, radikal dini cərəyanlara qulluq edən bəzi insanların terror təşkilatlarına cəlb olunmasıdır. Təəssüf ki, onların arasında kişilərlə yanaşı qadınlar da var. Bir sıra xarici televiziya kanallarında belə qadınları tez-tez göstərirlər, onlar terror düşərgələrindən azad olunaraq söyləyirlər ki, əvvəl onlara evlənmək vəd edirlər, sonra isə aldadaraq aparıb İŞİD düşərgələrində cinsi istismara məruz qoyurdular. Elə bu günlərdə məlumat yayılıb ki, Mosul şəhərində İŞİD-çılar seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər. Kişiləri isə döyüş bölgələrində döyüşməyə məcbur edirlər, ya da onlardan kamikadze hazırlayırlar: "Biz bunları artıq bilirik, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti tərəfindən terror qruplarına qoşulan şəxslərə qarşı qabaqlayıcı tədbirlər görülür, onlar zərərsizləşdirilir. Hesab edirəm ki, belə hallara qarşı profilaktik tədbirlər görmək, bu qrup insanları nəzarətdə saxlamaq, izləmək və belə terror təşkilatlarına qoşulmasının qarşısını əvvəlcədən almaq lazımdır. Çünki bu da bir növ insan alveridir. Ona görə istərdim ki, belə hallar varsa, Milli Koordinatorun hesabatında öz əksini tapsın". Onun sözlərinə görə, ümumiyyətlə insan alveri anlayışına daha geniş və əhatəli şəkildə yanaşılmalıdır: " Məsələn, bir neçə həftə əvvəl Milli Məclisdə qadın məsələləri üzrə konfrans keçirilmişdi. Orada həm də erkən nikahlarla, yəni yetkinlik yaşına çatmadan zorla ərə verməklə bağlı da misallar göstərilmişdi. Azərbaycan üzrə erkən nikahlar aktual məsələdir. Bəlkə erkən nikaha məcbur etməni də insan alverinə daxil edək, çünki bu halda valideynlər yeniyetmə qızların arzu və istəklərinin ziddinə çıxırlar, məsələn təhsil almaq, işləmək, bununla da onları əşya kimi vermiş olurlar. Elə bu günlərdə bir dəhşətli xəbər yayılıb: Quba rayon sakini, 15 yaşlı qız özünü Samur-Dəvəçi kanalına ataraq intihar etmişdi. Ən dəhşətlisi də odur ki, azyaşlı qızın artıq nişanlı olduğu bildirilir və elə intiharın səbəbi də qızı yaxın vaxtda zorla ərə vermək cəhdi olmuşdur. Məncə qızına əşya kimi baxan, onun iradəsinə zidd gedən, uşaq ikən ərə verən valideyn ən ağır cəzaya və ictimai qınağa məhkumdur. İstərdim ki, sizin rəhbərlik etdiyiniz qurum da bu problem ilə ciddi məşğul olsun, çünki belə hallar insan alverinin ən çirkin formalarıdır. Bir sözlə insan alveri və insan istismarı XXI əsrdə çox müxtəlif və eybəcər libaslara bürünüb. Amma mahiyyətinə vardıqda erkən nikahlar da, insanları terrorist təşkilatlara cəlb etmək də, insanları əlil formasında dilənməyə məcbur etmək də insan alverindən başqa bir şey deyil. Ona görə cəmiyyət üçün qorxulu və mənfi olan belə hallara qarşı aparılan mübarizənin nəticələrini insan alveri ilə bağlı hesabatlarda görmək istərdik".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00