Psixoloji məsləhət kimlər ücün vacibdir?
Ailə qurmadan öncə psixoloqla söhbət çox vacibdir
3 May 2016 13:06 SosialSon illər ərzində cəmiyyətdə bir sıra müsbət tendensiyalar özünü göstərir. İstər erkən nikah kimi problemin tədricən aradan qaldırılması, istər nikahdankənar evlilik hallarının sayında müşahidə edilən azalma, istərsə də ailə qurmadan əvvəl hər iki tərəfin həkim müayinəsindən keçməsi kimi müsbət məqamları bu sıraya aid etmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, artıq cəmiyyətimizdə xeyli irəliləyişlər var. Əgər 10 il bundan əvvəl insanların nikahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu, kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir. Bu gün isə evlilikdən öncə psixoloji konsultasiyanın vacib olub-olmadığı məsələsi gündəmdədir. Ancaq hələlik bu məsələ o qədər aktual olmasa da, lakin psixoloqlar evlilik öncəsi psixoloji konsultasiyanı vacib hesab edirlər.
"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova da bu qənaətdədir. Onun sözlərinə görə, necə ki, cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək, beyinlərini tanıyırlar: "Elə beynini tanımışam ki, evlənirəm. Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrılacam məgər?. Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyir. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır. İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz - "O, çox qayğıkeşdir", "O, çox səmimidir", "O, çox diqqətcildir" və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandı". Psixoloq deyir ki, Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür: "Həmin psixoloqlar evlənməmişdən öncə bu ailələri müşayiət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri hazırlayır. Məsələn, əgər kişidə anasına qarşı güclü bağlılıq varsa, psixoloq qadını bunun yarada biləcəyi problemlərə hazırlayır. Tibbi dildə desək, immunitet yaradır. Peyvənd (xəstəliyin mikroblarının zəiflədilmiş şəkli) qana vurulur, artıq bədən mikrobu tanıyır və xəstəliyə yoluxmur. Belə deyək - psixoloq cütlüklərə gələcəkdə baş vermə ehtimalı böyük olan hadisələrə qarşı peyvənd vurur". Psixoloq deyir ki, yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, bu, anadan qızına keçən bir problemdir: "Analar qızlarını evliliyə hazırlayırlar. Təbii, bu, olmalıdır. Amma bəzən analar çox himayədarlıq edirlər. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidirlər. Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu, xroniki hala keçirsə, cütlüklərin psixoloqa müraciət etmələri tövsiyə olunur. Bir şeyi xüsusilə vurğulamaq istəyirəm - müəyyən ginekoloji və ya uroloji uyğunsuzluqlar ola bilər, amma onların hər biri həll olunandır. Əsas düşüncə olaraq aranızda uyğunsuzluq yaratmayın. Fikir və narahatlıqlarınızı onunla bölüşün. Əmin olun, başa düşməyən insan yoxdu, başa sala bilməyən insan var. Hər dəfə dediklərinizi anlamırsa, demək, bu dil işinizə yaramır, başqa üsulla ona fikrinizi izah edin. Unutmayaq ki, evlilik nə nişanlılıq, nə sevgililik dövrünə bənzəyir. Evlilik bir yastığa baş qoymaqdır. Bu sözün mənası çox dərindir. Evlilik zamanı bütün gizlədilənlər üzə çıxır. İstər-istəməz insanlar evlilik öncəsi bəzi şeyləri gizlədir. Bu, çox normal haldır. Siz gizlətdiyiniz kimi, qarşı tərəf də gizlədə bilər. Çalışın bütün hallarda özünüzü qarşı tərəfin yerinə qoyub onun hisslərini başa düşəsiniz".
Kamal