Millət vəkili gəncləri fəal olmağa çağırıb
3 May 2016 12:40 SosialMillət vəkili Qənirə Paşayeva Türkiyənin Rize vilayətində fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb. "Olaylar" xəbər verir ki, millət vəkili Qənirə Paşayeva öncə tələbələrin təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tələbələrə uğurlar arzulayan Q. Paşayeva tələbələrin oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələr də olduğunu deyən millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər". Millət vəkili Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb: "Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır". Q. Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Görüşün sonunda azərbaycanlı tələbələrə millət vəkili həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını imzalı hədiyyə edib.