Çində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı olacaq

Mayın 5-6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Çinə səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd müəllifinin SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun olduğu "Azərbaycanın inkişaf yolu" kitabının təqdimat mərasimində iştirak etməkdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov daxildir. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və Strateji Araşdırmalar Mərkəzidir.
Qeyd edək ki, "Azərbaycanın inkişaf yolu" kitabında Azərbaycan Respublikasının son 25 ildə keçdiyi yol, milli dövlət quruculuğu, iqtisadi inkişaf, gələcək inkişaf planları, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi kimi mövzular əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00