Sərnişindaşımada xidmət keyfiyyəti artırılır
Bu məqsədlə qabaqcıl ölkələrin təcrübəsindən də istifadə olunur
2 May 2016 13:46 SosialSon illər paytaxtın sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmaqla sərnişindaşımada tətbiq edilən yeni metodlar və xidmətlər tədricən sürücü-sərnişin münasibətlərinin normal qaydada tənzimlənməsi, nəticə etibarilə sərnişinlərin rahat hərəkətinə şərait yaradır. Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə zəruri tədbirlər davamlı xarakter alır və belə tədbirlər davam etdirilməkdədir. Qeyd edilən istiqamətdə bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Azərbaycan Republikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Agentlik yarandığı gündən etibarən fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə "Koroğlu" metro stansiyası ətrafında və Heydər Əliyev proyektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə pilot layihə qismində yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, layihənin əsas məqsədi həm də yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsindən sərnişinlərin istifadə etməsinin qarşısını almaq, dünyanın qabaqcıl ölkələrində mövcud nümunə əsasında nəqliyyat qovşaqlarında sərnişinlərin təhlükəsizliyi və nəqliyyat vasitələrinin hərəkətinə mane olmaması baxımından onlar üçün nəzərdə tutulan səkilərdən istifadəni təmin etməkdir: " Pilot layihə ilkin şəkildə cəmiyyətda piyada və sürücü mədəniyyətinin və standart davranış qaydalarının formalaşdırılmasına hesablanıb. Xüsusi olaraq qeyd edək ki, Koroğlu metro stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayiət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu. Həmçinin Qara Qarayev prospekti istiqmətində yaranan sıxlığı arada qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən 160, 171, 172, 189 və 136 saylı marşrut xətlərinin son dayanacağı "Qara Qarayev" metro stansiyasının önü deyil, məhz "Koroğlu" metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib". Nuridə Allahyarova deyib ki, Nəqliyyatın Mübadilə Mərkəzində "BakuBus"-a məxsus 1 saylı marşrut xəttinin son dayanacağının olmasını nəzərə alaraq sərnişinlər üçün daha bir yenilik tətbiq edilib: "Artıq sərnişinlər NMM-in 1 saylı
marşrut xətti üçün nəzərdə tutulan dayanacağı önündə yerləşdirilən turniketlər vasitəsilə ödəməni edib, avtobusun salonuna rahat şəkildə, sıxlıq yaratmadan daxil ola biləcəklər. Kartında müvafiq məbləğ olmayan hər bir sərnişin elə turniketin yaninda quraşdırılan Bakı Kart və MilliÖn ödəmə terminalları vasitəsilə ödəmələrini aparacaqlar. Onu da əlavə etmək istərdik ki, yüksək keyfiyyətli tələblərə və müasir standartlara cavab verən yeni nəqliyyat mübadilə mərkəzind 23 marşrutun istifadəsi nəzərdə tutulub. Yekun olaraq bildirmək istərdik ki, Bakı şəhərində sərnişindaşıma sahəsində ictimai nəqliyyatın optimallaşdırılması məqsədilə bu cür innovativ tədbirlər Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm olaraq həyata keçiriləcək". Nuridə Allahyarovanın sözlərinə görə, gələcəkdə Mərkəzdə optimallaşdırma işləri aparılacaq. Sərnişinlər üçün səkilərdə nişanlar qurulacaq, elektron lövhələr asılacaq.
Qeyd edək ki, buna qədər Dərnəgül yolu istiqamtindən gələn avtobuslar qoşa xəttin üzərindən keçərək yol ötürücülərinə keçid edirdilər. İndi həmin problem də aradan qaldırılıb. Dərnəgül istiqamətindən gələn avtobuslar da NMM-dən keçməklə yollarına davam edəcəklər.
Paytaxtın nəqliyyat sisteminin optimallaşdırılmasından danışan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov isə bildirib ki, gələcəkdə belə mərkəzlərin sayı artırılacaq. Belə ki, "Koroğlu" metrosunun digər çıxışında, Qara Qarayev prospektində, 28 may metrosu ətrafında və Beynəlxalq avtovağzal ərazisində də NMM-lərin qurulacağı planlaşdırılır.
Süleyman İsmayılbəyli