Elçin Hüseynbəyli yazır... Cənnət anaların ayaqları altındadır...

Elçin Hüseynbəyli

Cənnət anaların ayaqları altındadır...

"...Biz beş qardaş idik. Hərəmiz ölkənin bir tərəfində yaşayırdıq. Anam hər gün yolda dayanıb, uzaqlara baxır və bizi gözləyirdi. Bizi qorumaq istəyirdi, amma biz anamızı qoruya bilmədik..." Bu sətirlər maraqlı bir hekayədən götürülüb...

Qəbir üstünə günün istənilən vədəsi, günü gedə bilərəm. Mənimçün xüsusi günlər yoxdu...

Bu dəfə də isti aprel aylarının birindi Sumqayıt qəbiristanlığına getmişdim. Anamı və böyük qardaşımı orda dəfn etmişik. Biz anamıza nənə deyirdik.

Molla Quran oxuyur, mənsə nənəmin başdaşının ayaq ucunda dayanıb onun portretinə baxıram. Gözləri həmişəki kimi qayğılı və nigarandır. Baxışlarında suallar dirilir. Şəkil ruhun portretidir. Mən də ona baxıram və nə soruşmaq istədiyini bilmək istəyirəm. O: "No-oldu?" -deyir, - "cəbhədən nə xəbər?"

"Hər şey yaxşıdır" -deyirəm, - "xeyli irəliləmişik, ermənilərn qoparağını götürmüşük".

"Özünüzü qoruyun, amma mütləq kəndimizi geri alın" tövsiyyə edir. "Məni də burdan aparın, sümüklərim heç qızmır, üşüyürəm." Yadımdadır ki, nənm sağlığında yarızarafat, yarıciddi deyirdi ki, "görən o soyuq torpaqda necə yatacam?"

Torpağın üzü soyuqdur, axı.

Başıma astaca tərpədirəm. Deyirəm ki, tezliklə aparacağıq. Burda uyuyan qohumların hamısını öz yurdumuza aparacağıq...

Sonra qardaşımın portretinə baxıram. Çox qürurludur. Anasının yanında olduğuna görə üz-gözündən sevinc yağır. Qəribədi, eləmi?

Həmin gecə yuxu görürəm. Görürəm ki, nənəm məni çağırır. Göy üzünü göstəriri. Deyir ki, bax, nə gözəldilər. Göyə baxıram. Ağappaq göyərçinlər göydə dövrələmə dayanıb. Doğrudan da çox gözəldilər. Sonra o göyərçinlər gözəl qızlara, balerinalara çevrilər, eyni dərəcədə dövrə vururlar. "Bura cənnətdir" deyə fikirləşirəm. Yarı yuxulu halda gözəl bir deyimi xatırlayıram. "Cənnət anaların ayaqları altındadır..."

Və anamın böyründə dəfn olunan böyük qardaşımın portretini xatırlayıram...

Kimsə böyürdən məndən soruşur: "Anana yazı həsr eləmisən?" "İndiyə kimi nə yazmışamsa, hamısında anamım obrazı, ruhu və nəfəsi var" deyirəm, - "ancaq, yəqin ki, zamanı gələndə ona ayrıca portret-yazı həsr edəcəm."

Yuxudan oyanıram. Xoş xəbərlər eşitmək üçün kompüteri açıram və ilk statusu oxuyuram: "Cənnət anamız Qarabağdadır. Ora tələsin!"

"Köçkünlük dövründə qərib yurdlarda dəfn olunan bütün anaları Qarabağa qaytaracağıq." Öz-özümə deyirəm..."Onda Qarabağ yenidən cənnətə dönəcək..."

1 may 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00