Dövlət, xalq malının israfçılığı cinayətdir

İlqar Altay: “Prezidenti İlham Əliyevin büdcənin təyinatı üzrə istifadəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklifini təsdiqləməsi diqqətçəkən məsələdir”

"Vəzifəli şəxslərə qarşı bu qəti addım boş yerdən yarana bilməz" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədə əsasən, Cinayət Məcəlləsinə 308-1-ci maddə əlavə olunub. Həmin maddə "Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə" adlanır. Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 308-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində "külli miqdar" dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, ekspert İlqar Altay deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin büdcənin təyinatı üzrə istifadəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklifini təsdiqləməsi diqqətçəkən məsələdir. Onun sözlərinə görə, ölkə başçısının indiki gərgin geosiyasi və müharibə şəraiti dövründə diqqət ayırıb verdiyi hər bir sərəncam xüsusi çəkili hesab olunur: "Özü də bu hal, Cinayət Məcəlləsi kimi mühüm sənəddə dəyişikliyi nəzərdə tutursa, demək, bu addım qaçılmaz vacib şərtlərdən və tələbdən irəli gəlir. Yəni, bir ekspert, araşdırmaçı kimi düşünürəm ki, vəzifəli şəxslərə qarşı bu qəti addım boş yerdən yarana bilməz və bunun arxasında ciddi məqamlar olmaya bilməz. Bu məsələyə bir qədər əsaslı izah və şərh vermək üçün yeni dəyişikliyin mahiyyətnə diqqət çəkək. Bir çoxları bunu belə izah edir ki, bununla qanundakı maddələr, cəzalar ağırlaşdırılır. Əslində, bu belə deyil, bu bir yeni əlavədir və məmurlara əlavə məsuliyyət yaradır. Cinayət Məcəlləsinin korrupsiya və dövlət və qeyri-dövlət qullugu cinayətlərilə bağlı 33-cü fəsli var. Orada vəzifə səlahiyyətlərindən qanunsuz üstünlük və mənfəət məqsədilə sui-istifadəni və ona uygun cəzaları nəzərdə tutan 308.1 və 308.2 maddələr mövcuddur. Vurulan ziyanın miqdarındam asılı olaraq birinci maksimum 3 ilədək, ikinci 6 ilədək həbs nəzərdə tutur, Dəyişiklikdə bunlar olduğu kimi qalır və bu maddələrə daha bir yeniləri əlavə
olunur, olur 308.1.1. və 308.1.2. Bu yeni əlavələr isə, oxşar 33-cü fəsil cinayətləri qrupuna daxil olmaqla, xüsusi olaraq, dövlət büdcəsinin təyinatı üzrə istifadəsi pozuntularına qarşı yönəlir". Ekspertin sözlərinə görə, söhbət, xüsusi olaraq mənimsəmə, oğurluqdan getmir: "Bu halların qarşısını alan daha ağır cəzalar nəzərdə tutan maddələr var. Mənim qənaətimcə söhbət heç mənfəət, yəni qanunsuz üstünlük əldə etmə məqsədilə büdcənin istifadəsi pozuntusundan da getmir. Çünki, bu hal da 308.1 və 308.2 maddələrində nəzərdə tutulub".
Bəs nədir, onda bu dəyişikliyin mahiyyəti, onu yaradan vacib şərt? İlqar Altayın qənaətincə, burada söhbət büdcə vəsaitlərinin xərclənməsindəki səhlənkarlıq və səhvlərdən, israfçılıqdan və məsuliyyətsizlikdən gedir: "Yəni, lazım oldu-olmadı dövlətin pulunu hansısa bahalı proyektlərə, komfort şəraitlərə sərf etməkdən, indiki böhran və qənaət şəraitinə uygun gəlməyən artıq xərclərə yol verilməsindən gedir. Yeni əlavədə 3 ilədək həbs nəzərdə tutulan 308.1.1 xeyli miqdar, 6 ilədək həbs nəzərdə tutulan 308.1.2 külli miqdar vəsaitin israfçılıgı halları üçün nəzərdə tutulub. Bu əlavədə bir xüsusi qeyd də var. Burada 308-1.1-ci maddəsində "xeyli miqdar" əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində "külli miqdar" isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət qanununda mənimsəmə və digər oğurluq cinayətlərində külli miqdar kimi 7 min, burada isə, xüsusi və ayrıca olaraq 250 min nəzərdə tutulur. Bu yanaşma isə yəqin ki, həmin əməlin qəsdən, billərəkdən törədilməyən cinayətlər qrupuna aid edilməsindən irəli gəlib. Təbii ki, bu hərəkətlər, yəni mənfəət güdmədən dövlətin pulunu, malını göyə sovurmağın özü də, mənfəət məqsədli istifadə, mənimsəmə və ya oğurluq qədər dövlətə ziyandır və cinayət hesab olunmalıdır. Çünki, nə fərq edir, vəzifəni düzgün yerinə yetirməyib, dövlətin büdcəsinin bilrəkdən yaxud biləməyərəkdən talanına yol verdin? Bilməyərəkdən, ehtiyatsızlıq üzündən qəza, maddi, mənəvi ziyan, xəsarət, ölüm törədən sürücülər, adi vətəndaşlar cəza almırlar ki? Bunlar onu göstərir ki, illərlə, neft gəlirlərinin çox oldugu dövrdə nazirlik və idarələr, məmurlarımız israfçılıqlala məşğul olublar. Beyinlərinə gələn və yaxud özünü işgüzar, təşəbbüskar göstərmək məqsədli əsassıs, lazımsız, başdansovdu proyektlərə vəsaitlər xərcləyib, axırda da deyiblər, istəyirdik yaxşı olsun, alınmadı. Və indi onların bu tendensiyanı həmin inersiya ilə davam etdirmə ehtimalı qalır. Görünür ki, buna görə də, dövlət rəhbərliyi qanunun gücü hesabına qabaqlayıcı addımlarin atılmasına qərar verib. Və hesab edirəm ki, çox düzgün qərar verib. Qoy, hər kəs öz vəzifəsində, fəaliyyət və qərarında məsuliyyətli olsun. Çünki, dövlətin inkişafı onun həm xaricdən, həm də daxildən qorunması amilindən keçir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00