İnsan alveri və məcburi əmək halları artıb

Vilayət Eyvazov parlamentdə hesabat verib

Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2015-ci il üzrə illik hesabatı dinlənilib. Hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edib. Onun təqdim etdiyi hesabatda il ərzində insan alveri və buna qarşı mübarizə ilə bağlı statistika əks olunub. Nazirin birinci müavini bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əmək halları 22 faiz artıb: "Həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib". V. Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: "Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb". Milli koordinatorun çıxışından sonra deputatlar sənədi müzakirə edir. Müzakirələr zamanı deputat Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın: "Bu problemlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Sumqayıtda başqa dilənçilik növü peyda olub. Oğlanlar, uşaqlar əlil kimi Sumqayıtın giriş hissəsində, 4 yolda dilənirlər və əlil olan vətəndaşların imicinə zərər gətirirlər. Dövlət əlil vətəndaşlarına diqqət ayırır, yardım göstərir. Amma özlərini əlil göstərən şəxslərlə bağlı ciddi işlər görülməlidir və onlar haqqında aidiyyatı qurumlara məlumat verilməlidir. Son illər insan alverinin əcaib formaları da meydana çıxıb. Terror təşkilatlarına kişilərlə yanaşı, qadınlar da cəlb olunur. Terror düşərgələrindən azad olunan qadınlar danışarkən deyirlər ki, onları evlənmək adı ilə gətiriblər və cinsi istismara məruz qoyublar. Terror təşkilatlarına qoşulmaq istəyən insanlara qarşı ciddi tədbirlər görülməlidir. Onları nəzarətdə saxlamaq və terror təşkilatlarına qoşulmasının qarşısını almaq lazımdır. Belə hallar hesabatda da təklif edərdim ki, öz əksini tapsın". "Dünyada baş verən hadisələr istər-istəməz insan alveri sahəsində Azərbayacana da təsir edir. Ona görə də təklif edərdim ki, Milli kordinatorun bu sahədə apardığı işlərdə iştirak edən insanların sayı daha da artırılsın". Belə bir təkliflə isə millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2015-ci il üzrə illik hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, gündəlik olaraq uşaqların məcburi əməyə cəlb olunması halları ilə qarşılaşmaq olur: "Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşları problemin qarşısını almaq üçün ciddi şəkildə mübarizə aparır. Ancaq reallıq budur ki, hansı sahədə gəlir varsa, orada mütləq mövcud problemlər ortaya çıxır. Bundan başqa, uşaqların reabilitasiyaya cəlb olunması ilə bağlı müvafiq qurumlar da öz güclərini birləşdirməlidir". S.Novruzov vurğulayıb ki, mətbuatda bu sahədə təbliğat işi olduqca zəif aparılır: "Mətbuatda bu sahənin problemlərindən bəhs edən yazılar çox az işıqlanır. Həmçinin, televiziyalarda bu tip sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir". Komitə sədri bildirib ki, Ermənistanın girov götürdüyü azərbaycanlıların daxili orqanlarını satılması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu: "Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilməlidir. Onların tapılması məsələsi daha da gücləndirilsin. Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Ancaq yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər. Bu baxımdan, beynəlxalq məhkəmədə hər hansı bir cinayət işinin açılması ilə əlaqədar addımlarımızı artırmalıyıq ki, gələcəkdə bu kimi halllar bir də təkrarlanmasın". Deputat Fazil Mustafa bildirib ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatında bir çox işlər göstərilməklə yanaşı, təşəbbüslər və təkliflər operativ şəkildə həllini tapmalıdır: "Yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur. Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir. Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır. Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğurdan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması olduqca vacibdir. Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün,Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür. Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar. Həmçinin azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarısını almaq üçün vacib işlərdən olacaq. Rusiya, İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır" . Deputatların müzakirəsindən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00